Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ləğv edilmiş Nəqliyyat Nazirliyi ilə “Azəryolservis” ASC-nin xalqa urcah edilmiş varisi adlandırılır. Bu qurum “əcdad”larından heç nəylə fərqlənmir.Anaxeber.info bildirir ki, AAYDA-nın sədri Saleh Məmmədov da vaxtilə “Azəryolservis” ASC-nin sədr müavini vəzifəsində çalışıb.
Bu minvalla yeni strukturda köhnə adət-ənənələri, yol haqqında “mental dəyərləri” qorumaq, estafeti davam etdirmək çətin olmayıb.
Necəsini soruşmağa ehtiyac yoxdur. Sizə Şəki - Oğuz magistral yolundan görüntülər təqdim edirik, nəticəni özünüz çıxarın.
Məlum olur ki, AAYDA bu ilin sentyabrından həmin yolu əsaslı təmirə başlayıb. Qısa zamanda yolun 25 km ərazisinin asfalt örtüyü sökülüb.
Lakin söküləndən sonra iş dayanıb. Nə təsadüf?! Bu ki bizim əhdi-peymanımızdır, sökdüksə, gərək dayanaq, insanlara zülm edək.
Bu haqda feysbuk istifadəçiləri də narazılıq bildirməyə başlayıblar. Onların sözlərinə görə, üç aya yaxındır yoldakı mənzərə belədir.
Nəticədə camaat sözün əsl mənasında əziyyət çəkir. Onların dediyinə görə, Qax - Zaqatala - Balakən əhalisinin istifadə etdiyi alternativ yol olan Yevlax - Zaqatala magistralı bundan da pis vəziyyətdədir.
Şimal-qərb bölgəsinin əhalisi ümid edir ki, S.Məmmədov və bu işə məsul şəxslər fotolardakı mənzərəni görəndə bir izah verəcək.
Narazılıq edənlərdən biri - Elvin Hüseynov qeyd edir ki, gecə həmin yolda avtomobilinin təkəri deşilib: “Yolu bu hala salanların bütün nəslini yad elədim. Dağıdıblar, çıxıb gediblər, guya asfalt çəkiləcək. Yağışın altında təkər dəyişəndə alt paltarıma qədər su oldum...”
Elnur Məmmədov adlı sosial şəbəkə istifadəçisi isə sual edir ki, niyə bu boyda yolun birdən-birə hamısını dağıdırlar:
“Olmaz ki, hissə-hissə qazıb təmir etsinlər?! Belə biabırçılıq olar? Beş gün deyil, on gün deyil, bu qədər də insanlara sayğısızlıq olarmı?
Palçıqlı qumu yaxınlıqdakı çaydan çıxarıb, ora töküb çıxıb gediblər. Maşın xarab olanda göstərməyə usta da tapmaq olmur”.
Bildiririk ki, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax sahəsinin tikintisinə “AR regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”na əsasən keçmiş Nəqaliyyat Nazirliyinin sifarişi ilə 2011-ci ildə başlanmışdı.
4 noyabr 2015-ci ildə yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışında ölkə başçısı İlham Əliyev də iştirak etmişdi. İndi yenidən yol salınır və 25 km söküldükdən sonra iş dayanıb, sürücülər maşın təmir sexlərində qalıblar.
AAYDA-nın Baş idarə rəisi, Saleh Məmmədovun qudası Əflatun Qasımov Şəki - Qax yolunun tikintisi zamanı görülən işlər smeta sənədlərində nəzərdə tutulmuş iş həcmlərinə uyğun həyata keçirildiyini və yerinə yetirilmiş işlərin qəbul aktı ilə təsdiq edildiyini bildirib.
O, bu ilin yayında verdiyi açıqlama ilə inandırmağa çalışıb ki, hər şey öz qaydasındadır. Əgər Saleh Məmmədov məsələn, Nabrandakı villasının tikintisinə göstərdiyi diqqəti bu yola göstərsəydi, sürücülər bu dərəcədə məşəqqətlə qarşılaşmazdılar.
Sadəcə, yol təsərrüfatında, tikintisində problemlər bizim əbədi və milli problemimizdir, bu da korrupsiyanın yaratdığı fəlakətin nəticəsidir.
Təkcə Şəki-Oğuz yolu deyil, respublikanın əksər yollarında biz yeyintilərin, mənimsəmələrin üzə çıxardığı nöqsanları görə bilərik.
Ümumiyyətlə, 2001-ci ildən 2015-ci ilə qədər Cavid Qurbanov, 2015-dən sonra isə Saleh Məmmədov şərqindən qərbinə, şimalından cənubuna uzanan yollarında Azərbaycanın sinəsinə yol yox, elə dağ çəkiblər ki...
Ölkə ərazisində yol çəkilişlərindən mənimsənilən dövlət vəsaitləri barədə dövrü mətbuatda kifayət qədər materillara rast gəlmək olar.
Şişirdilmiş rəqəmlərlə çəkilən yolların bir müddət sonra da dağılması,bərbad hala düşməsi barədə də geniş məqalələr yazılıb.
Bu yollardan biri də Şəki-Qax avtomobil yolunun yenidən qurulmasıdır. KİV-dən gedən başqa xəbərlərə görə, podratçı təşkilat olan “Polat Yol Yapı” şirkəti külli-miqdarda dövlət vəsaitinin mənimsənilməsinə yol verib.
Faktiki isə yolun çəkilişi işi AAYDA-nın icraatındadır. Ümidvarıq ki, bu fotoları gördükdən sonra qurumun səlahiyyətliləri dilə və insafa gələcəklər...
Neqativ.com
Tarix: 18-12-2020, 11:00