Vüqar Bayramov: “Qeyri-rəsmi məşğulluğa qarşı mübarizə gücləndiriləcək” Pandemiya dünyada və ölkəmizdə iqtisadiyyata ağır zərbə vurdu. Və bu gün hər kəs sabah olacaqları düşünür. İqtisadi vəziyyətimiz, maddi imkanlarımız necə olacaq – bu, günün əsas suallarındandır.
Mövzu ətrafında AYNA-nın suallarını millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırıb.
- Vüqar bəy, pandemiya şəraitində iqtisadi vəziyyətimizi necə qiymətləndirmək olar? - İqtisadi baxımdan Azərbaycan pandemiyaya çevik reaksiya verən ölkələrdən oldu. Ölkə Prezidentinin tapşırığı ilə üç paket hazırlandı, dörd işçi qrupu yaradıldı və bu paketlərin hazırlanmasında məqsəd iqtisadi, sosial sferalara təsirləri minimallaşdırmaqdan ibarət idi. Təbii ki, iqtisadi paket vacib paketlərdən idi. Çünki bu, həm pandemiya dövründə sahibkara birdəfəlik yardım, həm də pandemiyanın davam etdiyi aylarda, eləcə də postpandemiya dövründə güzəştlərdən ibarətdir. Xatırladım ki, pandemiyadan əziyyət çəkən sektorlarda çalışan sahibkarlar üçün vergi dərəcələri kəskin aşağı salındı. Paket artıq təsdiq olunub, icra edilir. 2021-ci ilin yanvarın 1-ə qədər qüvvədədir. Sahibkarlara, xüsusən də vergi güzəştlərindən istifadə imkanları verir.
- Məsələn, dövlət sahibkarlara hansı dəstəyi verdi? - Güzəştli kreditlərlə bağlı yeni kredit portfelinin təqdim olunması və sahibkarların kredit çıxışları imkanlarının asanlaşdırılması həyata keçirildi və bir milyard manatlıq kreditdən on faiz subsidya ödənildi. Bu, yüz min manatlıq dəstək idi. Eyni zamanda, beş yüz milyon manatlıq güzəştli kreditlər də təklif olundu.
- Pandemiya iqtisadiyyatımızda olan hansı boşluqları ortaya çıxardı? - Təbii ki, pandemiya bir sıra boşluqları ortaya çıxardı. Onlardan ən vacibi qeyri-rəsmi məşğulluğa qarşı mübarizənin gücləndirilməsidir. Düzdür, son il yarımda yüz səksən mindən artıq yeni əmək müqaviləsi bağlanıb. Amma, xüsusən də sosial paket çərçivəsində təklif olunan birdəfəlik yardım müraciətlərin sayının çox olması göstərdi ki, hələ də bir sıra sahibkarlar qeyri-rəsmi məşğulluqla fəaliyyət göstərməyə üstünlük verirlər, öz işçiləri ilə əmək müqaviləsi bağlamaqda maraqlı deyillər. Bu baxımdan pandemiya qeyri-rəsmi məşğulluğa qarşı mübarizənin gücləndirilməsini çağırış olaraq bir daha gündəmə gətirdi və növbəti dövr üçün gizli iqtisadiyyatın həcminin minimallaşdırılması və qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi əsas hədəflərdən biridir.
- Pandemiyadan sonra iqtisadi sferada daha hansı işlərin həyata keçirilməsi düşünülür? - Biznesin, koorperativ idarəetmənin tətbiqinin genişləndirilməsi pandemiya davam edən aylarda, eləcə də postpandemiya dövründə çox vacibdir. Məsələn, pandemiyanın çağırışlarından biri də ondan ibarət idi ki, biznes yeni idarəetməyə hazır olmalıdır. Bu idarəetmə daha çox avtomatlaşdırılma, onlayn menecment üzərində qurulmalıdır. Praktiki olaraq da bu, xarici risklərin sığortalanması baxımından çox vacibdir. Ona görə də postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyi gözlənilir.
- Həmin yeni iqtsadi model nələrdən ibarət olacaq? - Yeni iqtisadi model pandemiyanın çağırışları nəzərə alınmaqla hazırlanır və dövlət dəstəyinin gücləndirilməsini nəzərdə tutan bir modeldir. Artıq iqtisadi paket çərçivəsində tətbiq elementləri müşahidə olunur və güman ki, pandemiyadan sonra biz həm gizli iqtisadiyyata qarşı mübarizənin daha da aktivləşməsi, həm də qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi, eyni zamanda sahibkarlığa dövlət dəstəyinin daha da artırılmasını müşahidə edə biləcəyik.
Tarix: 30-07-2020, 12:12