“Hökumət əhaliyə yardım etmək əvəzinə büdcə xərclərini azaltmağa çalışır”


“Hökumət əhaliyə yardım etmək əvəzinə büdcə xərclərini azaltmağa çalışır”
Azər Mehtiyev: “Real olaraq kompensasiyaya ehtiyacı olanların sayını dəqiqləşdirməyə çalışmırlar”
 
Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 21-dən iyulun 5-ə qədər Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron, Masallı, Cəlilabad, Yevlax rayonları üzrə tətbiq etdiyi sərt karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli qərar verib. Qərara əsasən, sözügedən rayonların və şəhərlərin sakinlərinə yenidən birdəfəlik müavinət - 190 manat ödəniləcək.
 
Lakin bu, vətəndaşlar arasında bir sıra suallara səbəb olub. Belə ki, şəhərlər və rayonlar arasında əlaqə olduğu üçün, karantin rejimi digər rayon və şəhərlərə də təsir edir. Ancaq digər şəhər və rayonların sakinləri üçün güzəşt və ya yardım paketi nəzərdə tutulmur. Ki, bu da vətəndaşların narazılığına səbəb olub.
 
Bəs, əslində necə olmalıdır? Birdəfəlik müavinət bütün vətəndaşlar üçün təyin olunmalıdırmı?
Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin ...
İqtisadçı-ekspert Azər Mehtiyev AYNA-ya deyib ki, karantinlə əlaqədar hökumətin yardım kampaniyasının ciddi şəkildə əsaslandırılmış elementi olmalıdır: “Hökumət indiki halda, sanki xərclərini azaltmağa çalışır. Yardım və kompensasiyaları sahibkarlar üçün yalnız bir ay, 190 manatı isə iki ay verib dayandırdı. İndi də bu kompensasiyaları məhdud sayda, yalnız karantin elan olunan şəhər və rayonlarda yaşayanlar üçün verir. Amma bu, doğru yanaşma deyil. Çünki hökumət tez-tələsik maddi yardımlardan canını qurtarmaqla xərclərini azaltmağa çalışır. Hökumət real olaraq kompensasiyalara ehtiyacı olanların sayını dəqiqləşdirməyə çalışmır. Bu, çox ciddi məsələdir”.
 
“Çünki insanların bəziləri rayonlarda qeydiyyatda olsa da, Bakıda yaşayırlar. Azərbaycanda əmək miqrasiyasının çox yüksək olduğunu hamımız bilirik. Bu baxımdan, həmin karantin zonalarında yaşayan insanların bəziləri uzun müddətdir ki, işsizdir. Amma onlar rayonda qeydiyyatda olduqları üçün kompensasiyadan güman ki, məhrum olacaqlar”, - həmsöhbətimiz bildirib.
 
Ekspert digər məqama da diqqət çəkib: “İkinci bir tərəfdən, karantin zonalarının digər ərazilərə təsiri qiymətləndirilməlidir. Hətta, karantin elan olunan zonalarda yenidən işdən məhrum olanlar var. Yəni hökumət insanlara yardım göstərmək əvəzinə, daha çox büdcə xərclərinin azaldılmasının qeydinə qalır”.
 
Mehtiyev hesab edir ki, pandemiya gözlənilməz olsa da, hökumət bütün hallarda fövqəladə vəziyyətlərə hazır olmalıdır: “Amma hökumətin statistik bazası pis gündədir. Ötən ilin sonlarında Azərbaycanda əhalinin siyahıya alınması keçirilmişdi. Bu cür siyahıya alınmaların məqsədi ondan ibarətdir ki, insanların sosial durumu müəyyən olunsun. Təəssüf ki, qeydiyyata alınmanın uyğun keçirilməməsi, onun məlumat bazasından istifadə imkanlarının məhdud olması bugünkü nəticəyə təsir etdi”.
 
“Pandemiya dövründə hökumət bir sıra sahələrdə işizlərin sayının müəyyən olunması məsələlərini necə gəldi, hazırladı. Hətta, iş o yerə gəlib çıxdı ki, işsizliyə görə verilən 190 manatı faktiki olaraq işləyənlər ala bildi, işləməyənlər isə ala bilmədi. Çünki hökumətin idarəetmə baxımından çox ciddi statistik bazası olmalıdır və bu gün o baza olmadığı üçün uyğunsuz hallar yaşandı. Hətta, karantin dövründə cəmiyyətin ehtiyaclarının, real durumunun qiymətləndirilməsi üçün müxtəlif elmi mərkəzlərin işə cəlb edilməsinin, ciddi araşdırmalar aparılmasının şahidi olmadıq”, - iqtisadçı vurğulayıb.
Müəllif: Mərahim Nəsib 
Tarix: 24-06-2020, 22:20
Xəbəri paylaş



Xəbər lenti