“Azəriqaz” sayğacları niyə dəyişdirir: Şübhə və sövdələşmə iddiaları


“Azəriqaz” sayğacları niyə dəyişdirir: Şübhə və sövdələşmə iddiaları

“Abunəçilər “Azəriqaz”ın işçiləri ilə razılaşacaq və işlətdikləri qaza görə daha az pul ödəyəcəklər”

 

Bir müddət əvvəl, Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi bu ildən etibarən bütün fərdi evlərdə etibarlılıq müddəti başa çatan smart-sayğacların mexaniki sayğaclarla əvəz ediləcəyi barədə məlumat yaydı. “Azəriqaz” bu addımını müəssisənin xərclərinə qənaət etmək istəyi ilə izah etdi.

 

Amma Azərbaycanda həyata keçirilən istənilən pozitiv ideyanın reallaşması zamanı, adətən icra mexanizmi idealdan o qədər uzaq olur ki, insanlar sonda bu ideyanın kökündə mütləq bir maxinasiya, korrupsiya elementi olduğu gümanına gəlirlər. Bu yaxınlarda paytaxtın Şüvəlan kəndinin bir qrup sakini "Azəriqaz” İB-nin işçilərinin əməllərindən şikayət etdilər. Onların sözlərinə görə, işçilər işlək vəziyyətdə olan smart-sayğacları, heç bir səbəb olmadan mexaniki sayğaclarla əvəzləyirlər.

 

Bu arada xatırladaq ki, ilk dəfə olaraq “Azəriqaz” rəhbərliyi smart-sayğacları mexaniki sayğaclarla əvəz etmək niyyətini 8 noyabr 2019-cu il tarixində açıqlamışdı. Elə o zaman saytımızda “Azəriqaz”da yeni korrupsiya dalğası gözlənilir” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev "Azəriqaz" rəhbərliyinin mexaniki sayğac almaq niyyətinin korrupsiyanın artmasına səbəb olacağını demişdi. Bildirmişdi ki, smart-sayğaclardan istifadə edən abunəçi istifadə etdiyi qazın dəyərini tam ödəməyə məcburdur, amma  mexaniki sayğaclar üzərindən hər zaman "Azəriqaz"ın inspektorları ilə "razılşmaq” və ehtimal olunandan daha az pul ödəmək mümkündür.

 

Şüvəlan sakinlərinin şikayətindən sonra “Azəriqaz”ın niyə bu sayğacdəyişmə əməliyyatında belə maraqlı olmasını aydınlaşdırmağa çalışdıq. Qurumun Cihazölçmə şöbəsinin keçmiş müdiri Nüsrət Qasımov AYNA-ya açıqlamasında yuxarıda qeyd olunan ehtimalı təsdiqləmiş oldu.

 

"Mexaniki qurğular tamamilə germetikdir. Ancaq müxtəlif fırıldaqlar vasitəsilə bu germetikliyi pozmaq mümkündür. Belə olan halda sayğacdan keçən qazın demək olar ki, yarısı nəzərə alınmayacaq. Abunəçilər "Azəriqaz"ın işçiləri ilə razılaşacaq və işlətdikləri qaza görə daha az pul ödəyəcəklər", - müsahibimiz dedi.

 

"Azəriqaz" ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov isə iddia edir ki, söhbət fırıldaqçılardan gedirsə, onlar yalnız mexaniki deyil, həm də smart-sayğacların fəaliyyətinə müdaxilə etməyə çalışırlar. Onun sözlərinə görə, “Azəriqaz”ın əməkdaşları daim hüquq mühafizə orqanlarının nümayəndələri ilə reydlər keçirirlər və qaz sayğacları üzərində fırıldaqçılıq halları aşkar olunduqda, belə insanlar məsuliyyətə cəlb edilirlər.

 

"Azəriqaz"ın ağıllı sayğacları mexaniki sayğaclarla əvəz etmək istəyi iqtisadçı-alim Qubad İbadoğlunda da müəyyən şübhələr doğurub: “Burada korrupsiya məqsədi güdüldüyü istisna deyil. Çünki SOCAR tərəfindən keçirilən tenderlərin şəffaflığı təmin edilmir”.

Azəriqaz

Xatırladaq ki, təkcə 2010-cu ildə Bakıda sadə qaz sayğaclarının smart-sayğaclarla dəyişdirilməsi üçün büdcədən, təxminən 260 milyon manat vəsait ayrılmışdı. Bu gün Azərbaycanda istifadə olunan bir “Itron Gallus Pay.G4 NGPP” smart-sayğac 220-240 manata, bir mexaniki “G-4T” sayğacı (sayğacın özü, qutu, kran və s.) 70-90 manata qədər başa gəlir.

 

Doğrudanmı o zaman “Azəriqaz” rəhbərliyi smart-sayğacın qiyməti ilə mexaniki sayğacın qiyməti arasındakı bu qədər fərqi görməmişdi? Deyəsən, KİVDF-dəki yoxlamaları bitirən Hesablama Palatası üçün “Azəriqaz”da da xeyli iş var...


Müəllif: Rəşad Rüstəmov   
Tarix: 16-06-2020, 17:14
Xəbəri paylaş



Xəbər lenti