Koronavirusla Mübarizə Fonduna məcburi ödənişlər… – Nemət Əliyev: “İşçinin maaşından pul tutmaq sadəcə rəzalətdir”




Əksər dövlət idarələrində işçilərin maaşından “könüllülük” adı altında, məcburi qaydada pul tutulduğu iddia olunur

“Bunlar İşçilərin maaşını hansı üzlə kəsir?”

Koronavirus pandemiyası yayılan vaxtdan bəri ölkədə həmrəylik nümayiş etdirmək üçün çoxlu sayda özəl və dövlət təşkilatları, müəssisələr Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait  köçürməyə başladı. Əslində, özəl müəssisələrin imkanı varsa, Fonda pul köçürməsi yaxşı haldır. Çox güman ki, bu gün də bu vəsaitə ehtiyac var. Ancaq dövlət təşkilatları kommersiya qurumu olmadığı halda, bu qurumların hansı vəsaiti Fonda köçürməsi sual doğurdu. Çünki dövlətin ayırdığı vəsaiti dövlətə qaytarmaq özü də doğru deyil.

Bu vəsaiti işçilərin əməkhaqından tutmaqla, Fonda yardım etmək isə gülüncdür. Hansısa  qurumun əməkdaşı özü Fonda könüllü ianə edərsə, bu, başa düşüləndir. Ancaq işçinin əməkhaqqında məcburi şəkildə pul tutmaq başadüşülən deyil. Çünki kiminsə əməkhaqqından məcburi şəkildə pul tutmaq artıq ianə deyil. Təəssüf ki, oxucularımızdan birinin verdiyi məlumata görə, Fövqalədə Hallar Nazirliyinin əməkdaşlarının əməkhaqqılarından 150-250 manat tutulub.

Düzdür, bəzi dövlət təşkilatları, o cümlədən “Bakı Metropoliteni” QSC tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna konkret işçilərin əmək haqqından 100 min manat məbləğində maliyyə vəsaitinin köçürüldüyü açıqlandı. Ancaq Fövqəladə Hallar Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürdüyünü açıqlayanda bu vəsaitin konkret işçilərin əməkhaqqından tutulduğunu qeyd etməmişdi. Əslində, FHN də qeyd etsəydi, indi işçilər bunu belə çaşqınlıqla qarşılamazdılar. Bir də ki, “Bakı Metropoliteni” QSC tərəfindən ayrılan 100 min manat ianə ilə FHN-nin ayırdığı ianə müqayisə olunmazdır. 100 min manat “Bakı Metropoliteni” QSC-nin əməkaşlarının əməkaqqında çüzi bir fərq yarada bilər, amma 1 milyon manat FHN əməkdaşları üçün ciddi fərq yaradıb ki, buna etiraz edənlər var.

Yeri gəlmişkən, Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 % həcmində vəsaiti koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdüyünü bəyan etmişdi. Bu da sözügedən nazirliyin əmədaşlarının əməkhaqqına ciddi təsir edib, onlar da narazılqlarını bildirirlər.

“Dünyanın heç bir yerində belə birabırçılıq yoxdur ki, Azərbayacan əhalisi onu yaşamalı olur”

Dövlət təşkilatlarının əməkdaşlarının əməhaqqından “könüllülük” adı altında məcbur şəkildə Fonda pul köçürülməsi ilə bağlı iqtisadçı Nemət Əliyev “Hürriyyət”ə dedi ki, işçinin maaşından pul tutmaq sadəcə rəzalətdir: “Bu, bir daha onu göstərir ki, bu ölkədə normal şəkildə bir təşkilatçılıq işi də ortada yoxdur. Biz bunu indi necə başa düşək, bir tərəfdən adını könüllü ianə qoyursan, o biri tərəfdən adamın xəbəri olmadan, yaxud da məcburi şəkildə boynuna qoymaqla, onun əməkhaqqından tutub Fonda köçürürsən?! Dünyanın heç bir yerində belə birabırçılıq yoxdur ki, Azərbayacan əhalisi onu yaşamalı olur. Mən bildiyim qədər bu tək Fövqalədə Hallar Nazirliyində deyil, ölkənin başqa strukturlarında çalışan adamların əməkhaqqından da tutulma halları baş verir. Burada bir dərəbəylik, qeyri-qanuni fəaliyyət özünü çox qabarıq şəkildə göstərir. Bütün dünyada biz bunu gördük ki, bu ağır şəraitdə bir qayda olaraq hökumət, dövlət irəli düşür və bu təşkilatçılıq işlərini öz imkanları hesabına yerinə yetirir. Yəni dövlətin maliyyə vəsaitləri hesabına böyük bir yardım kampaniyası həyata keçirirlər. Ümumiyyətlə, bu Fond söhbəti haradan çıxıbdır? Bəlkə də bizdəkilərin uydurmasıdır. Bilirsiniz, prinsip etibarilə çox çətin zamanlarda belə üsullara əl atmaq olar, amma onu vətəndaşın əməkhaqqısından tutmaq şəkilində etmək olmaz”.

“O vəsaiti köçürmək lazımıydısa, birinci yerdə gedəni SOCAR olmalıydı”

N. Əliyevin fikrincə, əgər doğrudan da ölkənin çox gəlirli sahibkarları, müəssisə və təşkilatları varsa, o zaman həmin müəssisə və təşkilatların öz  təşəbbüsü ilə, hətta onların arasında müəyyən maariflənmə aparmaq yolu ilə o cür vəsaitləri cəlb etmək mümkündür: “Amma Azərbaycanda düz əməlli biznes sahəsi yoxdur. Azərbaycanda bunu bilməyən yoxdur. Bir dənə SOCAR-dır. SOCAR da əhalinin  cibinə göz dikibdir. İllər boyu həmin SOCAR dövlətin büdcəsi üzərində oturub, öz xərclərinin böyük bir hissəsini büdcə vəsaitləri hesabına qarşılayıbdır. Bununla belə, yenə də ölkədə ən gəlirli sahə kimi tanınan bu SOCAR-dır. Ancaq biz SOCAR-ın bu sahədə xüsusi bir kampaniyasını görmədik. Yəni tutaq ki, o vəsaiti köçürmək lazımıydısa, birinci yerdə gedəni SOCAR olmalıydı. Yaxud da “Azərcell”, “Bakcell”, “Narmobile” var. Mən bilirəm ki, bunlar da çox böyük yük çəkmədən millətin vəsaitləri hesabına uzun müddət milyardlar qazanıblar. Bu cür təşkilatlar öz təşəbbüsləri ilə irəli çıxmalıydılar, amma onları da biz görmədik. İndi hökumət bir tərəfdən elan edir ki, hamı karantin şəratində evində oturmalıdır, müəssisə və təşkilatların da böyük bir hissəsi fəaliyyətini dayandırıbdır, hökumət o biri tərəfdən elan edir ki, biz zərərləri kompensasiya etmək məqsədilə dövlət vəsaitləri hesabına onlara kömək edəcəyik. Heç o vəsaitlər insanlara, yaxud müəssisə və təşkilatlara çatmamış bəlli olur ki, o təşkilatlarda çalışan adamların əməkhaqqlarından pul tutmağa başlayıblar. Bu, çox ayıb bir şeydir. Bu, onu göstərdi ki, bir normal, düzənli şəkildə təşkilatçılıq yoxdur. Allah özü Azərbaycan xalqına kömək olsun, bu pandemiya fəlakətindən çox tezliklə canını qurtarsın. Əslində, elə bu hökumətin canını qurtarsın ki, ondan sonrakı dövrdə başının çarəsinə baxsın, yoxsa bu vəziyyət davam etdikcə sui-istifadə halları daha böyük vüsət ala bilər və əhali daha çox yoxsullaşa bilər. Ona görə, vəziyyətin düzəlməsi üçün Allahdan arzu etmək lazmdır ki, insanlar normal şəkildə həyata dönsünlər”.

“Adam deməyə söz də tapmır”

N. Əliyev bildirdi ki, Müdafiə Nazirliyinin işçilərinin əməhaqqısından tutulması da rüsvayçılıqdır: “Özünüz təəsvvür edin,  Müdafiə Naziriyi dövlət büdcəsinə oturmuş təşkilatdır. Müdafiə Nazirliyi kommmersiya strukturu deyil ki, haradansa o pulu qazansın. Metropliten isə faktiki olaraq fəaliyyətini dayandırıb. Onun işçilərinin fəaliyyəti əməkhaqqları ödənilməklə dayandırılb. Belə olan halda, işçilərin maaşını bunlar hansı üzlə kəsir? İnsanda insaf yaxşı şeydir. Adam deməyə söz də tapmır. Bunların ünvanına daha deyilməyən söz qalmayıbdır. Sözü deyən adamlar az qalsın utansın, bunlar hələ də utanıb, özləri üçün nəticə çıxara bilmilər”.

N. Əliyev vurğuladı ki, çox böyük rüsvayçılıqlar yaşanır: “Bir tərəfdən deyirlər ki, işsizlərə 190 manat verəcəyik. Elə ki, işsiz olanlar 190 manat üçün müraciət edir, sonra başlayırlar, “Yox, biz 190 manatı o işsizlərə veririk ki, onlar aztəminatlıdırlar”. Bunlar təmiz başlarını itiriblər. Ümumiyyətlə, nə danışdıqlarının belə, fərqində deyillər. Yəni eyni münasibət bu kampaniya sahəsində də, zərər çəkənlərə münasibətdə də özünü göstərir. Nə edək, ölkə belə bacarıqsız, qabiliyyətsiz, işini bilməz insanların əlində qalıb. Buna ancaq təəssüflənmək olur. Açığı, bunlara tənqid də kar etmir, nə qədər söz deyirsən yenə xeyri yoxdur. Bütün ictimaiyyət bunları tənqid edir, sosial şəbəkələr dağılır, amma yenə də öz bildiklərindən əl çəkmirlər”.

Şamo EMİN, Hurriyyet.org

Tarix: 2-05-2020, 16:24
Xəbəri paylaş



Xəbər lenti