Ötən günlərdə sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin şantaj edilməsi ilə bağlı xəbərlər yayılmağa başladı.
İstifadəçiləri sosial şəbəkələrdə onlara saxta profillərdən mesajlar göndərildiyini və müəyyən məbləğdə vəsait tələb oldunduğunu qeyd edirdi. İddialara görə, həmin profillər Türkiyədən idarə edilir. Saxtakarlar qurbanlarına əvvəlcə görüntülü zəng edir. Görüntülü zəngi açan şəbəkə istifadəçisi qarşısında bir qadının soyunduğunu görür. Qeyd edək ki, qadının hərəkətlərinə qarşılıq verən şəxslərin videoları çəkilir. Daha sonra isə saxta profillərlə şəxslərə yazaraq, pul tələb edilir. Pul verilməyəcəyi təqdirdə isə görüntülərin yayılacağı qeyd edilir.
Bir müddət əvvəl Türkiyədə bu məsələni kökündən həll etmək üçün sosial şəbəkələrə müraciət edildi. Və onların qarşısına Türkiyədə ofislərinin açılması tələbi qoyuldu. Əks təqdirdə, şəbəkələrə zamanla limit qoyulacağı qeyd edildi. Hazırda, Türkiyədə saxta profillərlə bağlı şikayətlər dərhal dəyərləndirilir. Azərbaycanda isə Facebook üzərindən saxta profillərlə insanların həyatları alt-üst edilsə də, buna nə dövlət qurumları bir çarə edə bilir, nə də Facebook-a edilən şikayətlər sosial şəbəkə tərəfindən dəyərləndirilir. Yəni ölkədə hər kəs saxta profil açıb, istədiyi şəxsi tənqid, təhdid və şantaj edə bilər, şərəf və ləyaqətinə toxunacaq xəbərlər paylaşa bilər.
Cinayət Məcəlləsində 148-1 - internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə maddəsi var. Yəni internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ancaq statistikaya baxaq. Nə qədər acınacaqlı olsa da, ölkədə bu günə qədər bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilən yoxdur. Yeri gəlmişkən maddənin izahatında qeyd edilib ki, burada “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Qanun var, ancaq qanunda elə bir boşluq var ki, yəqin illər keçsə belə, Milli Məclis 10-15 dəfə tərkibi dəyişsə belə, bu boşluq dolmaz. Çünki Azərbaycan hüquq mühafizə orqanlarının saxta profil sahiblərini müəyyən etmək üçün texnikası yoxmuş. Yəni sosial şəbəkədə sənə qara yaxırlarsa, ya intihar etməlisən, ya da olmalı imiş kimi qəbul etməlisən. Azərbaycan hüququ bu problemin qarşısında acizdir.
Söhbətdən çox uzaqlaşmayım. Bu gün sosial şəbəkələrdə saxta profillərlə insanları şantaj edib pul qazananlar da cəzasız qalacaq. Çünki ölkə olaraq saxta profillərə qarşı gücsüzük. Ən ideal variant isə güclü olmaq və hisslərinizin əsiri olmamaqdır. Həm də saxta profildən sizə yazanlara qarşı...
Tarix: 29-08-2021, 08:33