34 il əvvəl bü gün dünya ölüm səsinə oyandı: Aldadılan insanlar, gizlədilən sənədlər və açılmayan sirr


34 il əvvəl bü gün dünya ölüm səsinə oyandı: Aldadılan insanlar, gizlədilən sənədlər və açılmayan sirr

26 apreldə radiasiya qəzaları qurbanlarının anım günüdür. Məhz 1986-cı ilin bu günündə 20-ci əsrin ən böyük qəzası- Çernobıl Atom Elektrik Stansiyasında partlayış olub. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində aparılan işlərə 100 mindən artıq insan cəlb olunub.

Cebhe.info xəbər verir ki, qəza Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində baş verib. Stansiyadakı yanğın 4 may 1986-cı ildə söndürülənə qədər doqquz gün müddətində davam edib. Yanğından atmosferə buraxılan parçalanma məhsulları SSRİ-nin və Qərbi Avropanın bəzi bölgələrinə çöküb. Bu yanğın zamanı buraxılan təxmini radioaktiv inventar ilk dağıdıcı partlayışda buraxılan havadakı parçalanma məhsullarının böyüklüyü ilə təxminən eyni idi.

Yaralıların ümumi sayı mübahisəli məsələ olaraq qalır. Yayılan radiasiya nəticəsində ölüm sayının təxminləri BMT araşdırmasında 4000-dən, “Greenpeace” araşdırmasında isə 200000-ə qədərdir. Qəza zamanı buxar partlayışının təsiri məntəqədə 2 nəfərin ölümünə səbəb oldu. Onlardan biri partlayışdan dərhal sonra, digəri ölümcül bir ionlu radiasiya dozu ilə həyatını itirib. Sonrakı günlər və həftələr boyunca 134 əsgər, 28 yanğınsöndürən və işçilər akut radiasiya sindromu səbəbi ilə xəstəxanaya yerləşdirildi. Çernobıl qəzası həm maliyyət, həm də ziyanına görə tarixdəki ən faciəvi nüvə stansiyası qəzası sayılır. Beynəlxalq Nüvə Hadisəsi şkalasında maksimum sinifləndirmə olan "7-ci səviyyə böyük qəza" olaraq sinifləndirilən sadəcə 2 nüvə enerji qəzasından biridir. BU qəzalardan digəri Yaponiyadakı Fukuşima fəlakətidir. Qəza SSRi-yə təxminən 18 milyard rubl ziyan vurub. Ölən, əlil olan insanlaırn dəyəri isə ölçüyəgəlmzədir.

Qızanın nəticələrinin aradan qaldırılmasında iştirakçı olan insanlar sabiq SSR-nin ən müxtəlif yerlərində yaşayırlar. Onlardan biri də hazırda Tacikistanda yaşayan Kibriyə Qəniyevanın həyat yoldaşı olub. Ümumilikdə bu ölkədə qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakçı olan 1800 nəfər olub. Onlardan 1450 nəfəri əlildir.

“Aldadıb göndərdilər”

Qəza yerinə əsasən Sovet ordusunda xidmət keçmiş kişilər göndərilirdi. Sağlam, gənc kişilər cəlb edilir, çox zaman hara və nə üçün göndərildikləri də bildirilmirdi. "Çernobıl əlilləri” Cəmiyyətinin filial sədri Kəbriyə Qəniyeva da 1989-cu il 7 aprelini yaxşı xatırlayır.

Dediyinə görə, məhz həmin gün evlərinə zabit formasında olan şəxslər gəlib: “Onlar 35 yaşlı ərim Nəzir Qəniyevə dedilər ki, səhər əşyaları ilə hərbi komissarlığa getsin. Nəzir yaxşı aşpaz idi, "Pəncşənbə" restoranında işləyirdi. Bu restoran bütün respublikada tanınırdı. Hər yerdən məzh onun yeməklərini yemək üçün restorana gəlirdilər. Ərim 8 apreldə hərbi komissarlığa getdi. Orda ona deyiblər ki, Ukraynaya gedir. Ancaq səbəbi deyilməyib. Sonra məlum oldu ki, onu Çernobıl qəzasının nəticələrini aradan qaldırmaq üçün göndərirlər. 6 aydan sonra evə qayıtdı".

“7 il sonra öldü”

Qadının dediyinə görə, əri o zamana qədər tamamilə sağlam olub: "Evə qayıdandan sonra bir müddət də işlədi. Öz sevimli işi ilə məşğul olurdu. Ancaq şüalanma çox keçmədən özünü göstərdi. Nəzirin güclü ağrıları başlamışdı. Ona leykoz diaqnozu qoydular. Uzun müddət yataq rejimində qaldı, ağrılara mətanətlə dözürdü, heç vaxt şikayətlənmirdi. Ancaq mən onun əzabını hiss edirdim. Nəzir 7 ildən sonra öldü. Onun ölümündən sonra mən filiala rəhbərlik etdim".

Qəza bu ailənin uşaqlarından da yan keçməyib. Ailənin 4 övladından ancaq biri Nəzir Çernobıldan qayıtdıqdan sonra dünyaya gəlib: “24 yaşlı qızım da anemiyadan əziyyət çəkir. Bir çox uşaqlar kimyəvi zəhərlənməyə məruz qalıblar. Onlara daimi müalicə və dəstək lazımdır. Bu, özünü bir neçə nəsildə də göstərə bilər".

Gündə 20 dəqiqə iş

Başqa bir tacikistanlı - Həmidcan Obidcanov da Çernobıla göndərilənlərdən biri olub. O, 16 may 1989-cu ildə ildə evə gec qayıdıb və qapıda hərbi geyimli şəxslərin onu gözlədiklərini görüb. Bu şəxslər onu səhər hərbi komissarlığa çağırıblar:

"Söhbət çox qısa oldu. Mənə dedilər ki, tikinti briqadası ilə Rusiyaya getməliyəm. Orada yaşayış evləri tikiləcək. Mən hərbi komissarlıqda çox sayda qadın gördüm. Onları qatarlara mindirdilər. Hamı düşünürdü ki, Rusiyaya gedir. Həqiqəti hər kəsdən gizlətmişdilər. Bizi aldadıb Rusiya əvəzinə Ukraynaya apardılar. Hərbi hissələrdə yerləşdirdilər. Bura qəza yerindən 18 km məsafədə idi. Xüsusi geyim verildi. Onu geyinər və qaz əleyhinə cihaz taxardıq. Mən stansiyanın 4-cü blokunda işləyirdim. İş günümüz cəmi 20 dəqiqə idi. Bundan sonra bizi xüsusi aparatla yoxlayır, geyimimiz kimyəvi təmizləmədən keçirilir, yenisi verilirdi. Hər bir işçinin öz şkafı vardı. Orada onun adı, soyadı yazılmışdı. Məni Çernobıldan 1989-cu ilin senytabrın 3-də evə qaytardılar".

İndi Həmidcanın 66 yaşı var. 3-cü qrup əlildir, 81 dollar təqaüd alır. Pulun böyük əksəriyyəti ancaq dərmanlara xərclənir:“Mən Çernobıla gedənə qədər 2 uşağım vardı. Qayıtdıqdan sonra daha övladımız olmadı. Arvadımla yenə uşaq istəyirdik, ancaq olmadı. Mənim bütün dişlərim tökülmüşdü, yaddaşım itirdi, gənc olmağıma baxmayaraq, əlil qayıtdım".

Gizli sənəddə nə yazılmışdı?

Tacikistandakı başqa bir Çernobıl əlili Aqzam Hociyevdir. Onu da yalanla Çernobıla göndəriblər. Özünün dediyinə görə, işdən evə qayıdıb istirahət edəndə hərbi komissarlıqdan çağırış alıb:

“Məni 10 günlük hərbi hazırlığa çağırdılar. Bizi əvvəlcə Volqoqrada, ordan da Kiyevə göndərdilər. Çenobıldan 30 km məsafədəki qəsəbəyə yerləşdirdilər. Biz ancaq orda bildik ki, qəza yerinə gətirilmişik. Ciddi rejim başladı. Səhər yeməyindən sonra bizi stansiyaya göndərirdilər. Qəza yerinə qədər avtobusla aparır, ora qədər 3 yoxlama məntəqəsindən keçirdik. Camaat çox idi, hər kəs tələsirdi, hamısı xüsusi tapşırıq icra edirdi. İxtisasa görə bizi qruplara ayırdılar. Hər qrup 10 nəfərdən ibarət idi. Mənim daxil olduğum qrup blokun içində metal qırıntılarını toplayırdı. Onları xüsusi qutuya yığırdıq. Bəzi işlərə hər kəsi buraxmırdılar. O zaman gizli buraxılş sənədi vardı. Zabitlər onu bizə göstərmirdilər. Həmin sənəddə hər şey yazılırdı. Biz bu sənədi əldə etdikdə gördük ki, ordakı bütün normalar pozulub. Məsələn, iş müddəti 15 dəqiqə yazıldığı halda bizi 30 dəqiqə işlədirdilər. 30 dəqiqə yazılan yerdə isə 45 dəqiqə. Təəssüf ki, bu barədə çox sonra bildik. Artıq bunun əhəmiyyəti qalmamışdı. Qalan müddətdə hərbi hissədə dincəlirdik. Mənimlə gedənlər arasında Həkimov soyadlı biri vardı. Orada düz 3 ay qaldı. Sonra görmə qabiliyyətini tamamilə itirdi. Mən də qayıtdıqdan sonra daxili orqanlarımda ağrı başladı. Baş gicəllənməsi, zəiflik oldu. Bir çoxları gənc olsalar da, öldülər".

İndi Tacikistanda Çernobıl əlilləri üçün xüsusi qanunlar var. Onlar hər il 24 günlük müayinə kursu keçirlər. Bunun üçün hər birinə 290 dollar ayrılır. Ancaq bu vəsait kifayət etmir. Müalicəyə 500 dollara qədər tələb olunur.

Çernobıla gedən taciklərin əksəriyyəti indi ora qayıtmaq istəyir. Bu şəhər onların həyatını tamamilə dəyişib: “Əgər Ukrayna hökuməti bizə bu ekskursiyanı hədiyyə edərsə, gedib indiki vəziyyəti görərdik".

Çevirdi: Xəzər


Tarix: 26-04-2020, 11:00
Xəbəri paylaş



Xəbər lenti