Xarici sığorta brokerləri sürətlə Azərbaycana gəlir - Bazar üçün təhlükəlidirmi?

Xarici sığorta brokerləri sürətlə Azərbaycana gəlir -
Azərbaycanın sığorta bazarında xarici şirkətlərin iştirakı genişlənir. Azərbaycan Mərkəzi Bankı daha iki xarici şirkəti xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib. Söhbət Qazaxıstana məxsus “Verny Insurance Broker” və Birləşmiş Ərəb Əmirliklərinə məxsus “SHIELDS Reinsurance Brokers Limited” şirkətlərindən gedir.
Bizimesr.media xəbər verir ki, bununla da Azərbaycanda fəaliyyət göstərən xarici sığorta brokerlərinin sayı 103-ə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl də xarici brokerlərin Azərbaycan bazarına girişinin genişləndiyi müşahidə olunub. İyul ayında Böyük Britaniyanın “Ardonagh Specialty Limited”, Latviyanın “Marine Underwriting Services SIA” və Gürcüstanın “CIB Georgia Insurance Broker LLC” şirkətləri reyestrə daxil edilib.
Bəs bunun Azərbaycan üçün faydası nədir?
Xarici brokerlərin bazara daxil olmasının ilk müsbət tərəfi rəqabətin artmasıdır. Xarici brokerlər beynəlxalq sığorta və təkrarsığorta bazarlarına çıxış imkanlarını Azərbaycandakı müştərilərə və yerli sığorta şirkətlərinə təqdim edə bilərlər. Bu xüsusilə iri və mürəkkəb risklər üçün əhəmiyyətlidir. Məsələn, enerji, aviasiya, tikinti, logistika və iri sənaye layihələri üzrə risklərin yalnız yerli bazarın imkanları hesabına sığortalanması hər zaman mümkün olmur.
Xarici şirkətlər yerli bazarda fəaliyyət göstərdikcə yerli broker və sığorta şirkətləri də daha yüksək xidmət keyfiyyəti, risk qiymətləndirilməsi və müştəri xidməti standartlarına uyğunlaşmaq məcburiyyətində qala bilərlər.
Bu əsnada Qazaxıstanın “Verny Insurance Broker” şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkət özünü sığorta və sığorta iştirakçıları arasında münasibətlərin qurulmasında xidmət göstərən broker kimi təqdim edir. BƏƏ mənşəli “SHIELDS” isə təkrarsığorta sahəsində ixtisaslaşdığını bildirir. Şirkətin baş qərargahı Dubaydadır və şirkət öz məlumatına görə BƏƏ-də DFSA tərəfindən tənzimlənir və Lloyd's brokeri kimi qeydiyyatdadır.
Bu cür beynəlxalq əlaqələr xüsusilə iri risklərin təkrarsığortaya ötürülməsi baxımından Azərbaycan bazarı üçün potensial üstünlük yarada bilər. Bəs ziyanı ola bilərmi? Bəli, nəzarət düzgün qurulmadığı halda müəyyən risklər də mövcuddur. Ən mühüm məsələlərdən biri yerli bazarın xarici vasitəçilərdən həddindən artıq asılı vəziyyətə düşməməsidir.
Əgər böyük və gəlirli sığorta portfellərinin əhəmiyyətli hissəsi xarici brokerlər vasitəsilə xarici təkrarsığorta bazarlarına yönəldilərsə, brokerlik komissiyaları və digər gəlirlərin müəyyən hissəsi ölkədən kənara çıxa bilər.
103 xarici brokerin bazarda olması ilk baxışdan rəqabət və seçim imkanlarının artması kimi görünür. Lakin yerli şirkətlər eyni imkanlara, maliyyə resurslarına, beynəlxalq əlaqələrə və texnologiyalara malik deyillərsə, uzunmüddətli perspektivdə bazarın xarici iştirakçıların xeyrinə dəyişməsi ehtimalı da nəzərə alınmalıdır. Burada əsas məsələ xarici şirkətlərin bazara buraxılıb-buraxılmaması deyil, onların hansı qaydalarla fəaliyyət göstərməsi və nə dərəcədə effektiv nəzarət olunmasıdır.
Əsas risk: pulun xaricə getməsi deyil, bazarın necə qurulmasıdır...
/Bizimesr.media/
Tarix: Bu gün, 09:16
Xəbəri paylaş



Xəbər lenti