“Koronavirus dekabr-yanvar aylarında başlamışdı” iddiasına reaksiya

 

Adil Qeybulla: “Həmin dövrdə pulmonoloqlar, terapevtlər, infeksionistlər bu cür xəstələri müşahidə ediblər”

Ötən gün jurnalist İbrahim Nəbioğlunun sosial şəbəkədə paylaşdığı fikirlər  maraqla qarşılanıb. Belə ki, o, koronavirusun Azərbaycana daha öncədən gəlməsi ehtimalını gündəmə gətirib.

Qeyd edib  ki, artıq bir çox ölkələr ilk koronavirus  xəstəsinin qeydə alındığı tarixdən əvvəlki xəstələrin analizlərini təkrar yoxlayıb və onların arasında da koronavirus halları aşkarlanıb. Fransada rəsmi olaraq təsbit edilən ilk koronavirus xəstəsindən 30 gün əvvəl bir nəfərin bu virusa yoluxduğunu təsbit ediblər. Bu araşdırma Ümumdünya Səhiyyə Təşkilatında böyük rezonansa səbəb olub.  Təşkilat “Daha erkən yoluxmaların da olma ehtimalı var. Ölkələr əvvəlki tarixləri araşdırmalıdırlar” deyə son dərəcə kritik bir açıqlama verib. Məlumata görə, Fransadakı Jean-Verdier xəstəxanasının Baş həkimi Yves Cohen koronavirusun rəsmi elanından əvvəl - dekabr ayındakı 24 xəstənin analizlərini yenidən yoxladı. Onlardan birində - 42 yaşlı bir kişinin analizində koronavirus aşkar edilib.

Mutluluq və kədər yoluxucudur' - İbrahim Nəbioğlu yazır

İbrahim Nəbioğlu

Jurnalist qeyd edir ki, ötən ilin dekabr ayında Bakı əhalisi arasında dəhşətli bir qrip infeksiyası yayılmışdı, insanlar quru öskürəkdən az qala öləcəklərini və ən azı 2 həftə yataqdan qalxa bilmədəklərini deyirdilər: “Bu isə onu düşünməyə əsas verir ki, dekabr-yanvar aylarında Bakıda keçirilən o dəhşətli qrip elə koronavirusmuş. Bəlkə elə buna görə də indi, yəni mart-aprel aylarında bizdə böyük yoluxma və ölümlər qeydə alınmır. Əgər belədirsə, deməli, bizdə hazırda çox sayda immunitet qazanmış insan var”.

Hazırda ÜST bütün ölkələrə dekabr və daha əvvəlki aylardakı xəstə analizlərini ciddi şəkildə araşdırmağı tövsiyə edib. Azərbaycanlı həkimlər də koronavirusun yayılmasından öncəki dövrdə xəstələrdən götürülən nümunələrdə koronavirusun aşkarlanmasını istisna etmirlər.

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa ...

Adil Qeybulla

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, əslində biz dekabr və yanvar aylarında koronavirusun kliniki əlamətlərini daşıyan neçə xəstə görmüşük: “Həmin əlamətlər, öskürək, qızdırma, indaksikasiya və sair bu xəstələrdə də var idi. Düşünürəm ki, həmin aylardakı analiz nümunələri araşdırılsa yaxşı olar. Bu vacibdir, çünki bu virusun mənşəyi, haradan gəlməsi, onun təbii, yoxsa süni şəkildə yaranması kimi məsələlər araşdırılmalıdır. Bundan sonrakı münasibətlər bu araşdırmalardan asılı olacaq. Həmin dövrdə pulmonoloqlar, terapevtlər, infeksionistlər bu cür xəstələri müşahidə ediblər. Onlar müayinə olunub, analiz olunub. Həmin xəstələri yenidən araşdırsalar, müəyyən bir izə düşə bilərlər”.

Dekabr-yanvar aylarında qripə yoluxan insanlarda kollektiv immunitetin formalaşmasının cəmiyyəti koronavirusla mübarizədə daha dözümlü hala gətirdiyinə dair deyilənlərə gəlincə, A.Qeybulla bildirdi ki, belə bir qısa müddətdə koronavirusa qarşı kollektiv immunitetin formalaşmasını real hesab etmir: “Hər halda, bu böyük itkilərdən sonra ola bilərdi. Ona görə də real görünmür. Ancaq həmin dövrdəki qripdə də koronavirusun əlamətləri var idi. Bunu dəqiqləşdirmək üçün araşdırmaların aparılmasına ehtiyac var”.

Həkimin sözlərinə görə, artan xəttin də səbəbi ondan ibarətdir ki, insanlar qaydaları gözləmirlər: “Sanki heç nə olmamış kimi özlərini aparırlar. Karantin şərtləri ciddi şəkildə pozulur. Bunun iki yolu var, ya cərimələr artırılmalıdır, ya da karantin tədbirləri gücləndirilməlidir. Hazırda xəstələri müəyyən etməkdə davam edirik. Bizə də müraciət edənlər arasında problemli xəstələr olur və görürük ki, doğrudan da proses vüsət almağa başlayır. Bu nəyə bağlıdır? İnsanların bu virusu ”iqnor" etməsinə. Nə qədər ki, vətəndaşlarımızın xəstəliyi saya salmamaq, məsələyə tam məsuliyyətsiz və boş baxmaları, sosial izolyasiya, gigiyena qaydalarını gözləməmələri, tibbi maska taxmamaları davam edəcək, o qədər də ciddi təhlükələrlə üz-üzə qalacağıq. İnsanlar bunun fərqində olmalıdır".

What to do if you are sick with Coronavirus (Covid-19) | Memorial ...

Qeyd edək ki, bu günə qədər ölkəmizdə ümumilikdə 164 481 test həyata keçirilib. Tibbi Ərazilərin İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, ölkədə virusa yoluxanların sayı 2060, virusdan ölənlər 26, sağalan xəstə sayı 1508, aktiv xəstələrin sayı isə 526 nəfərdir. Reanimasiyada olan xəstə sayı 23, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir. Ötən gün isə Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Yoluxma halları ilə bağlı ən böyük təhlükə isə ictimai nəqliyyatdadır. Son zamanlar ictimai nəqliyyatdan istifadə halları kəskin artıb. TƏBİB ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər siyahısını tərtib edib. Sənəd ictimai nəqliyyat işçilərinin və sərnişinlərin sağlamlığının qorunması məqsədilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırma faktlarına əsaslanaraq tərtib edilib. Məlumdur ki, COVID-19 infeksiyası insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə toxunduqdan sonra əlləri ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür.  Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

Dünyanın müxtəlif ölkələrində isə koronavirusdan ölüm halları artmaqda davam edir. İspaniyada yeni növ koronavirusdan ölənlərin sayı artıb. Krallıqda son sutkada 244 nəfər virusdan həyatını itirib. Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 25 857 nəfərə yüksəlib. İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 78 nəfər vəfat edib. Nəticədə bu ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6418 nəfərə çatıb. Azərbaycanda isə ekspertlər ikinci dalğanın artıq başladığını bildirirlər.


Tarix: 7-05-2020, 11:12
Xəbəri paylaş



Xəbər lenti