Dünyanın 11 martdan başlayan “ev həbsi”: Pandemiya hansı şərtlərlə götürülə bilər?- BİZİM TƏQDİMAT


Dünyanın 11 martdan başlayan “ev həbsi”: Pandemiya hansı şərtlərlə götürülə bilər?- BİZİM TƏQDİMAT

Pandemiya birdən çox ölkədə və ya qitədə geniş bir ərazidə yayılan və həmin əraziləri öz təsiri altında saxlayan epidemiyalara verilən ümumi addır.

Pandemiya insanların həyatına ciddi zərər vuran yoluxucu xəstəliklərdir. Pandemiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən elan edilir.

Cebhe.info xəbər verir ki, yeni ortaya çıxan virusun insandan insana asanlıqla yayılması vacib meyarlardandır. ÜST bildirir ki, bir xəstəliyin pandemiya olması üçün 3 şərt vacibdir: yeni virus olmalı, insanlara asanlıqla keçə bilməli və insandan insana tez və daimi şəkildə yayılmalıdır. Pandemiyanın təsiri virusun yoluxucu olması, xəstəliyə səbəb olmaq qabiliyyəti (virulentlik), cəmiyyətdəki fərdlərin immun sisteminin vəziyyəti, insanlararası əlaqə, risk faktorlarının mövcudluğu, göstərilən səhiyyə xidmətləri və iqlimdən asılı olaraq dəyişir. Koronavirusun yayılma sürətinə və bunun insan sağlamlığına təsirinə baxdıqda, qoruyucu tədbirlərin artırılması məqsədilə pandemiya elan edilib.

Dünyanın 11 mart narahatlığı

Bununla bağlı ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus 11 martdakı çıxışında bildirib :

"Minlərlə insan xəstəxanada həyat uğrunda mübarizə aparır. Önümüzdəki günlər və həftələrdə yoluxma və ölüm sayının artması gözlənilir. Virusun yayılma sürəti, ciddiyəti və səlahiyyətlilərin lazımi tədbirləri görməməsi bizi bu səviyyəyə gətirdi. Buna görə də COVİD-19-u pandemiya elan edirik".

Hərfi olaraq pandemiya yunanca. πανδημία - "bütün xalq" mənasını verir. Adətən, pandemiya geniş yayılmış, bütün dünyanı, əhalinin xeyli hissəsini əhatə etdiyi hallarda elan olunur. ÜST-in Baş Direktoru Beynəlxalq Tibbi-Sanitariya Qaydalarına əsaslanaraq, bu kimi hallarda ölkələrdən virusun, yoluxucu xəstəliyin yayılması ilə bağlı daxil olan məlumatları, ümumi vəziyyəti nəzərə alaraq, pandemiya elan edə bilər. Qaydalara görə, pandemik virusun insandan insana davamlı yoluxması ÜST-ün əhatə etdiyi iki müxtəlif regionda baş verirsə, bu, pandemiya kimi qiymətləndirilir. Epidemiya dünyanın bir neçə ölkəsində və ya regionunda yayılanda və xəstəlik artıq lokal yayılırsa, yoluxma halı virusu başqa ölkədən “gətirənlərdə” yox, yerli sakinlərdə qeyd olunursa, bu, artıq pandemiya hesab edilir.

Bir dəhşətin 3 dövrü

1.Pandemiyaarası dövr. Bu zaman xəstəlik əsasən heyvanlar arasında olur. Az sayda insan yoluxması müşahidə edilir.

2.Pandemiya həyəcanı dövrü. Aramsız olaraq virusun insandan insana ötürülməsi baş verir.

3.Pandemiya dövrü. İnfeksiya insanlar arasında geniş yayılır.

Qeyd edək ki, pandemiya insanlıq tarixində o qədər də qeyri-adi hal deyil. Ötən əsrdə üç qrip pandemiyası baş verib: 1918-ci il - İspan Qripi, 1957-ci il - Asiya Qripi, 1968-ci il - Honk Kong Qripi. 2009-cu ilin aprel ayından yayılan H1N1 virusunun ("donuz qripi") ştamlarından birinin səbəb olduğu qrip pandemiyası dünyada təxminən yarım milyona yaxın insanın ölümünə səbəb olub. Ən məşhur pandemiyalar isə qədim dövrlərdən tutmuş XX əsrin əvvəllərinədək tüğyan edən su çiçəyi, vəba və taun pandemiyalarını saymaq olar.

“İspan qripi”ndən yarasa virusuna qədər...

20-ci əsrin əvvəllərindən bəri bəşəriyyət bir neçə pandemiya yaşayıb. 1918-1919-cu illərdə "ispan qripi" (qrip növlərindən biri) İspaniyadan dünyaya yayılıb. Bu xəstəlik 500 milyondan çox insana yoluxub, 100 milyona qədər insanın həyatını itirdiyi bildirilir. 18 ay ərzində tüğyan edən bu qrip bəşəriyyət tarixində ölüm hallarının sayına görə ən böyük pandemiyadır. Təxminən 100 milyon insan, yaxud Yer əhalisinin 2,7-5,3%-i bu qrip pandemiyasından ölüb. 1957-1958-ci illərdə Asiya qripi pandemiyası zamanı dünyada 2 milyon insan həyatını itirib. 1968-ci il - Honk Kong Qripi pandemiyası zamanı isə 1 milyon insanın öldüyü bildirilir. Sonuncu pandemiyanın elan olunmasına səbəb olan H1N1 ("donuz qripi") virusunun yayılması 2009-2010-cu illərdə baş verib. ÜST-ün məlumatına görə, pandemiya 214 ölkədə dünya əhalisinin 30%-ə qədərini əhatə edib, 18 mindən çox insan həyatını itirib.

Pandemiya hansı hallarda götürülə bilər?

ÜST-ün ümumi qaydalarına görə, pandemiyaya müvafiq olaraq, kəskin respirator infeksiyası olan insanlar evdə qalmalı, ailə üzvləri və kənar insanlarla təmasları minimuma endirməli və xəstəliyin hər hansı ilk əlamətində özünü təcrid etməlidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreysus ölkələrin koronavirus infeksiyası səbəbi ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirləri hansı şərtlər altında aradan qaldıra biləcəyini açıqlayıb. ÜST rəhbərinin fikrincə, səlahiyyətlilər virusun insandan insana ötürülməsi və xəstəliklə bağlı vəziyyətə nəzarət etdiklərinə əmin olmalı, səhiyyə sistemi isə COVID-19 ilə bağlı hər bir halı aşkarlamalı, test etdirməli, təcrid etməli və müalicə etməlidir. Bundan əlavə, ÜST rəhbəri tibb müəssisələrində koronavirusun yoluxma riskini minimuma endirməyin, ictimai yerlərdə, o cümlədən iş yerlərində və məktəblərdə profilaktik tədbirlərin tətbiq edilməsinin zəruriliyini vurğulayıb. “Virus çox sürətlə, yavaşlamadan daha sürətli yayılır. Buna görə məhdudlaşdırıcı tədbirlər yavaş-yavaş aradan qaldırılmalı və bu prosesə nəzarət edilməlidir. Bu, bir anda baş verməməlidir”, - T.A.Qebreysus bildirib. O, həmçinin “gətirilən” infeksiya halları riskinin öhdəsindən gəlməyin zəruriliyini də qeyd edib.

Tarix: 3-05-2020, 11:01
Xəbəri paylaş



Xəbər lenti