Başqalarının kartıyla mahalı çalıb-çapmaq vaqiəsi...

 

5-6 il qabaq, dekabrın 30-u idi, data-kart borcunu ödəmək üçün mobil operatorumuzun yaxınlıqdakı müştəri xidmətinə getmişdim. Bir azacıq göft-gudan sonra xidmət göstərən oğlan dedi ki, müəllim, sizin adınıza daha bir telefon var, bu da sizindirmi. Dedim, haşa, cəmi bir telefonum, bir nömrəm var. Oğlan dedi, elədirsə, sizin ixtiyarınız var ki, o nömrəni ləğv etdirəsiniz, istəyirsiz, bu dəqiqə bağlayım.

Fikirləşdim ki, bayram ərəfəsidir, adamın vacib zəngləri ola bilər, 3-4 gün dəyməyim, yeni ildə adıma olan feyk nömrəni bağladaram. Əslində belə şeylər dərhal edilməlidir. Çünki adam cani ola bilər, hansısa cinayəti törətməzdən əvvəl kiməsə zəng edə, hüquq-mühafizə orqanları həmin nömrəni nəzarətə götürüb dalınca gedərlər və gəlib adamın üstünə çıxarlar. Di gəl, sübut elə ki, Kolumbiyadan mal-material sifariş etməmisən, Əfqanıstanda ortağın yoxdur, Dubaya qrup göndərmirsən, dünən axşam məhlədə bıçaqlanmış Məmmədağaya son zəngi sən etməmisən və s.

Bunları bilə-bilə oğlana dedim, bircə dəqiqə dayan, görüm, o adam kimdir, nəçidir, bəlkə yaxşı adamdır. “Öz nömrəmə” zəng etdim, kamali-ədəblə özümü təqdim edib dedim ki, əmoğlu, siz mənim adıma nömrə götürmüsüz, işlədirsiz, bunu necə etmisiz. Xəttin o başındakı kişi, güman ki, gönüqalının biriydi, dedi, kimdir danışan. Ad-soyadımı təzədən dedim. Adam o yandan bəri anqırdı (məhz bu cür), dedi, aə, mən səni heç tanımıram, tanımaq da istəmirəm. Mən də dedim, yaxşı, onda dost-tanışların bu bayram  ərəfəsində sənin bu nömrənə zəng edib düşə bilməyəndə, məni tanıyarsan. Adam məsələnin nə yerdə olduğunu anladı, xəttin o başında çığıra-çığıra qaldı.

Sonra dönüb müştəri xidmətində işləyən oğlana dedim ki, indi bağlaya bilərsən.

Oğlan bir saniyənin içində nömrəni bağladı. Soruşdum ki, bu, necə olub bəs, mənim adıma telefon və nömrəni necə alıblar. Oğlan dedi, çox sadəcə, güman ki, hansısa dövlət idarəsinə və ya başqa yerə şəxsiyyət vəsiqənin surətini vermisiz, ordakı məmur da həmin sənədin surətinin surətini götürüb qohumuna verib, o da gedib sizin adınıza nömrə alıb.

Bu hadisə dünən ona görə yadıma düşdü ki, əməkdaşımız Elşad Məmmədli rayonlarda bir xeyli adamın sənədi ilə subsidiyaların alındığından, “subsidiya alanlar”ın bundan xəbəri olmadığından, bu günlərdə 190 manatlıq sosial yardım məsələsinə görə fırıldağın üstünün açıldığından danışırdı.

Heç demə, bir sıra məmurlar sadə insanların şəxsiyyət vəsiqələrinin surətini əldə edərək, onların adına subsidiyalar götürürlər, bəzilərini mövsümi işlərə “düzəldir”lər, onların adlarına maaş kartı açırlar, kartları öz ciblərinə qoyur, aybaay pulu çıxarıb mənimsəyir, dövləti soyurlar, hələ üstəlik, “rayonlarda filan qədər adam işlə təmin edilib” deyə hökuməti də aldadırlar. 190 manatlıq sosial yardım məsələsi zamanı həmin işsiz-gücsüz, torpaqsız adamlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yardım üçün müraciət edəndə isə onlara cavab verirlər ki, sizə yardım düşmür, çünki adınıza torpaq var, subsidiya almısız, üstəlik, işləyir, pul qazanırsız.

Camaatın isə əslində pul-paradan, yardımdan xəbəri yoxdur, maaş kartları rayon rəhbərlərinin cibindədir, ayda bir çuval pulu dövlət büdcəsindən çırpışdırırlar.

Ötən ilin noyabrında dəyişdirilən İH başçılarından birində 100-dən artıq elə kart varmış. Yeni başçı gedib görüb, rayonda N qədər işlə təmin olunmuş adam var, amma nə işçi gözə dəyir, nə bir iş görülür, eləcə, dövlətin pulunu basıb yeyir.

Təəssüf ki, həmin başçı ahıl və hörmətli adam olduğundan DTX-nın qara maskalı, xaki mundirli, cantaraq əməkdaşı onun qapısına qonaq getmədi. Yoxsa ağsaqqal da yaxşı filmə çəkilərdi, qıraqdan Entoni Hopkins kimi görünərdi.

İndi bəzi dostlar əllərini təzə 200-lük əskinasların üstünə basıb and içirlər ki, bu trend rayonların əksəriyyətində yayılıb və ortada bir Xandəmirov vaqiəsi var.

Bilirsiniz, Xandəmirov kim olub? 200 il əvvəl Qarabağ tərəflərdə belə bir mahal rəisi yaşayıb, Qasım bəy Zakir onu nəzmə çəkib:

“Görsən, tanımazsan Yarımsaqqalı,

Çıxıb əndazədən dövləti malı.

Xandəmirov çaldı, çapdı mahalı,

O ki tutub özün keçəl qurumsaq".

Hazırda qədirbilən xalqımız dövləti-malı əndazədən çıxan, mahalları çapıb talayan xandəmirovların qandallandığını görəndə, eşidəndə xeyli şad-şalayın olur. Ona sosial yardım vermə, eləcə həftədə bir harınlamış məmurun qoluqandallı şəklini ver, məmnun qalacaq.

Bu üzdəndir ki, sosial şəbəkədə bir xeyli adam qara maskalı, xaki rəngli mundirli, cantaraq əməliyyatçını öz rayonuna dəvət edir, “bir bizim tərəflərə də gəl, qadan alaq” mesajı verirlər.

Xalqın çağırışına səs vermək gərəkdir. Başqasının adına telefon alanların da, maaş kartı işlədənlərin də kodunu bağlamaq lazımdır. Qoy qalsınlar çığıra-çığıra.

Tarix: 2-05-2020, 10:38
Xəbəri paylaş



Xəbər lenti