Azərbaycanda koronarejim dövründə ədliyyə: COVİD-19 bu sahədə hansı yeniliklərə səbəb oldu...


Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi dövlət strukturlarının da yeni, indiyədək vərdiş edilməmiş iş rejiminə keçməsinə səbəb oldu. Bir çox dövlət strukturları, o cümlədən Ədliyyə Nazirliyi məhdud sayda əməkdaşlar istisna olmaqla məsafədən iş rejiminə keçdi, məhkəmələr işlərə baxmağı dayandırdı, digər məhdudiyyətlər tətbiq olundu.

Eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar Xidməti virusun cəzaçəkmə müəssisələrinə keçməməsi üçün səfərbər edilmişdi və nəticədə indiyədək Azərbaycan həbsxanalarında koronavirusa yoluxmanın qeydə alınması barədə fakt yoxdur.

Virtualaz.org xəbər verir ki, Ədliyyə Nazirliyi pandemiya dövründə vətəndaşların ədliyyə orqanlarına əlçatanlığını təmin etmək üçün hansı tədbirlərin görüldüyünü ictimaiyyətə çatdırmaq üçün bu gün aprelin 30-da videokonfrans rejimində mətbuat konfrans keçirib. Nazirliyin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova videokonfransda xatırladıb ki, prezident İlham Əliyev koronavirusun ölkədə yayılmasının qarşısının alınması istiqamətində çevik və qətiyyətli addımlar atıb. Eyni zamanda humanizm prinsiplərini əsas götürərək yaşları 65-dən yuxarı olan 176 məhbusu əfv edib. Ədliyyə Nazirliyi bu əfv sərəncamının icrasını vaxtında təmin edib.


Bununla yanaşı xüsusi rejim dövründə məhkumların vaxtından əvvəl azad edilməsi və ya daha yumşaq rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi institutunun tətbiqi davamlı xarakter alıb. 260-a yaxın məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilərək sərbəst buraxılıb.

A.Sabitova məlumat verib ki, penitensionar xidmətin cəzaçəkmə müəssisələrində vaxtında görülən preventiv tədbirlər, aparılan dezinfeksiya işləri sayəsində məhbuslar , o cümlədən əməkdaşlar arasında koronavirusa yoluxma qeydə alınmayıb. Onun sözlərinə görə, yoluxma şübhəsi, qızdırması  olan bəzi məhbuslar dərhal test edilib və nəticələr mənfi olub.

Qeyd edək ki, koronarejim dövründə Azərbaycanın ədliyyə sistemi vətəndaşların ədliyyəyə əlçatanlığını təmin edə bilmək üçün qısa zaman ərzində bir sıra innovasiyalar tətbiq edib. Belə ki, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinin online təşkili üçün Ədliyyə Nazirliyinin saytında “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələrinin imkanları artırılıb. Mobil notariata yeni funksiyalar –vəkilə elektron etibarnamənin verilməsi, sosial etibarnamə, o cümlədən növbəti addım kimi nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair elektron etibarnamələrin verilməsi əlavə edilib. Bütün bunlar Azərbaycan üçün yenilikdir.

O cümlədən xüsusi rejim dövründə Azərbaycanda ilk dəfə məhkəmə iclaslarının videokonfranslar yolu ilə təşkili də tətbiq edilməyə başladı. Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Yasamal rayon məhkəməsinin hakimi Ramin Qurbanov bu yenilik haqda danışaraq bildirib ki, məhkəmə iclaslarının videokonfranslar yolu ilə keçirilməsi praktikası mülki və kommersiya xarakterli işlər üzrə tətbiq edilib. Onun sözlərinə görə, prezident İlham Əliyevin ədliyyə-hüquq sistemində islahatların dərinləşdirilməsinə dair 2019-cu il aprelin 3-də imzaladığı fərman əslində məhkəmələrin işinin təkmilləşdirilməsi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini nəzərdə tutur. Həmin fərmanda qarşıya qoyulan vəzifələrin icrası-elektron məhkəmə sisteminin yaradılması Azərbaycanda ilk dəfə məhkəmə iclaslarının videokonfrans rejimində təşkil edilməsinə imkan yaradıb.

R.Qurbanov deyib ki, bu sistemin tətbiqi zamanı vətəndaşların fərdi məlumatlarının qorunması , prosesin təhlükəsizliyinin qorunması tam təmin edilib. Sistemin tətbiqi imkan verib ki, vətəndaşlar məhkəməyə gəlmədən videokonfrans yolu ilə prosesə qoşulsunlar. Nəticədə Bakının bəzi rayonlarında məhkəmələr videokonfrans rejimində iclaslar keçiriblər, hətta bir çox proseslər üzrə yekun qətnamələr çıxarıblar. O cümlədən Qazaxıstandan olan bir nəfərin boşanma işi üzrə məhkəmə iclasına qoşulması təmin edilib.

R.Qurbanovun bildirdiyinə görə, bu praktikanın tətbiqi zamanı bir çox problemlər də meydana çıxıb və gələcəkdə sistemin təkmilləşdirilməsi nəzərdə tutulur. O qeyd edib ki, məhkəmə iclaslarının videokonfrans rejimində keçirilməsi praktikası gələcəkdə, postpandemiya dövründə də tətbiq ediləcək. Bu zaman prosesdə iştirakçı olan vətəndaşların istəyi və müraciəti əsas götürüləcək. R.Qurbanov məhkəmə iclaslarının videokonfranslar yolu ilə təşkili üçün işlənib hazırlanan xüsusi proqram modulunun ayrıca təqdimatını edəcəklərini də bildirib.

Brifinqdə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini Fərid Əfəndiyev də koronarejim dövründə idarənin işinin necə təşkil olunduğu haqda danışıb. O bildirib ki, xüsusi rejimlə əlaqədar olaraq İcra Baş İdarəsi məhdud sayda əməkdaşlar istisna olmaqla distant iş rejiminə keçib. Və videokonfransların təşkili praktikasından istifadə edilib.

F.Əfəndiyev qeyd edib ki, icra xidmətinin işi spesifikdir və əksər hallarda vətəndaşlarla sıx təmasları zəruri edir. Bu səbəbdən xüsusi rejim dövründə bir çox məhkəmə qərarlarının icrasının təmin edilməsində əlbətdə ki, çətinlik yaranıb. Bəzi qərarların icrası prosesi dayandırılıb. Bununla belə, İcra Baş İdarəsi bəzi icra tədbirlərini xüsusi rejimdə də davam etdirib. O cümlədən alimentlərin ödənilməsi, borc ödənişləri barədə qərarların icrasının elektron yolla təmin edilməsi həyata keçirilib. Habelə valideyinlik hüquqlarından istifadə-uşaqla ünsiyyətin təmin edilməsi barədə qərarların icrasında icra məmurları informasiya-kommunikasiya texnologiyalarından yararlanıblar.

“Uşaqla ünsiyyət xüsusi karantin rejiminin pozulması ilə müşaiyət oluna biləcəyi üçün icra məmurları videobağlantı praktikasının tətbiqinə üstünlük veriblər. Bəzi hallarda vətəndaşların videobağlantı üçün cihazları olmayıb, yaxud onlar belə proqramlardan istifadə edə bilmirdilər. Belə hallarda icra məmurları həmin vətəndaşları cihazlarla təmin edərək onların uşaqlarla ünsiyyətinə imkan yaradıblar. Əlbətdə, videobağlantı yolu ilə ünsiyyət icra məmurlarının müdaxiləsi olmadan da baş verə bilər, indiki halda biz valideyinlik hüququndan istifadənin məhdudlaşdırılması hallarının qarşısının icra məmurlarının müdaxiləsi ilə aradan qaldırmaq barədə danışırıq”,-F.Əfəndiyev deyib.

İcra Baş İdarəsinin rəis müavini bildirib ki, xüsusi rejim dövründə borcun ödənilməsi üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsini davam etdirib. Onun sözlərinə görə, bu icra tədbirləri əsasən aliment borclarının ödənilməsi ilə bağlı olub. Bəzi hallarda vətəndaşlar xüsusi karantin rejimini bəhanə edərək borcun ödənilməsi barədə qərarların icrasından yayınmaq istəsələr də icra məmurları belə halların qarşısını alıb. Bir çox borclular barədə inzibati cəzalar tətbiq edilib, yaxud cinayət işinin qaldırılması üçün təqdimat verilib. 2020-ci ilin I rübündə cəmi 38 nəfər barəsində məhkəmə qərarlarının icrasından yayınmaya görə cinayət işi qaldırılıb.

Mətbuat konfransında Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsi Notariat idarəsinin baş məsləhətçisi Zeynəb Dünyamaliyeva məlumat verib ki, ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə mobil notariatın imkanları genişləndirilərək növbəti addım kimi, əhaliyə yeni – nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi xidməti təqdim olunur.

Bu xidmət mülkiyyətçi və ya etibarnamə əsasında onu təmsil edən şəxsin avtomobilin satılması, bağışlanması, dəyişdirilməsi, ipotekaya qoyulması, icarəyə verilməsi, daxili işlər orqanlarında qeydiyyata alınması və ya qeydiyyatdan çıxarıl ması üzrə səlahiyyətlərin seçim üzrə bütünlüklə yaxud qismən digər şəxsə verilməsini təmin edir.

Yeni mobil tətbiq vasitəsilə, avtomobil sahibləri, o cümlədən ölkədən kənarda olan vətəndaşları mülkiyyətçisi olduğu nəqliyyat vasitəsinə dair etibarnaməni heç yerə getmədən onlayn qaydada verə biləcəklər.

Fasiləsiz rejimdə göstərilən yeni xidmətin əsas özəlliyi ilk dəfə olaraq etibarnamələrin rəsmiləşdirilməsində videoyazı vasitəsindən istifadə edilməsidir ki, bu da həmin əqdlər üzrə sui-istifadə və vətəndaşların əmlak hüquqlarının pozulmasının qarşısını almağa xidmət edir.

Etibar edən şəxsin razılığı barədə "Mobil notariat" tətbiqində aparılan video çəkiliş aidiyyəti notarius tərəfindən yoxlanıldıqdan və etibar edən şəxs isə hüquq və vəzifələri barədə ətraflı izahlar əldə etdikdən sonra etibarnamə qanunvericiliyə uyğun qaydada təsdiq edilir.

Etibarnamələrin elektron nüsxəsi mobil tətbiqin qovluğunda saxlanılmaqla istənilən yerdə təqdim oluna bilər. Eyni zamanda verilmiş etibarnamələr təsdiq edildikdə bu barədə məlumat dərhal daxili işlər orqanlarına informasiya sistemi vasitəsi ilə ötürülür.

Bu gündən tətbiq edilən yeni xidmətdən nəqliyyat vasitələrinin mülkiyyətçiləri mobil telefonların App Store və Google Play satış platformalarından "Mobil notariat" tətbiqini ödənişsiz yükləməklə, habelə artıq istifadəçi olanlar isə proqramı yeniləməklə rahatlıqla istifadə edə bilərlər.

Elektron etibarnamələrin verilməsi qaydası barədə ətraflı məlumat Ədliyyə Nazirliyinin “facebook” sosial şəbəkə səhifəsində yerləşdirilib.

Virtualaz.org

Tarix: 1-05-2020, 18:02
Xəbəri paylaş



Xəbər lenti