Niyə virus dünyanın ən çox inkişaf etmiş ölkələrində sürətlə yayıldı?-RƏY

          
Niyə virus dünyanın ən çox inkişaf etmiş ölkələrində sürətlə yayıldı?-RƏY
Son statistikaya görə, dünyada koronavirusa yoluxanların sayı 3 milyonu keçib. Bunun 1 milyondan çoxu ABŞ-ın, 1,3 milyonu isə Avropa ölkələrinin payına düşür. ABŞ-da ölü sayı Vyetnam müharibəsindəki itkilərdən çoxdur – 57 min nəfər. Dünyada ümumi ölü sayı isə 217 min nəfəri keçib. Ümumi ölü sayının 75-80 faizə qədəri Avropa və ABŞ-ın payına düşür.

Nə üçün virus dünyanın ən çox inkişaf etmiş, yüksək səviyyəli səhiyyəyə malik ölkələrində daha sürətlə və geniş yayıldı? Qərb ölkələri pandemiyaya hazırlıqsız idilər, yoxsa karantin tədbirləri tətbiq etməkdə gecikdilər? Bu məsələdə iqlim və coğrafi şərtlərin təsiri oldumu?

Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, bunun səbəblərini dəqiq söyləmək çətindir. Hətta mütəxəssislər də bu barədə yekdil fikrə gələ bilməyiblər:

"Biz yalnız ehtimallar üzərində mülahizələr irəli sürə bilərik. İnkişaf etmiş ölkələrin ətraf aləmlə kommunikasiyaları çox güclüdür. Xüsusilə, virusun yayıldığı Çin ilə adlarını çəkdiyiniz ölkələrin həm iqtisadi-ticarət, eyni zamanda turizm əlaqələri daha genişdir. Ola bilsin ki, bu səbəbdən virusun yayılması onlarda daha geniş baş verib.

Digər ölkələr isə baxmayaraq ki, coğrafi cəhətdən Çinə daha yaxındır, lakin onlar ABŞ və Avropa kimi ətraf dünyaya açıq deyillər, daha qapalıdırlar, kommunikasiyalar inkişaf etməyib. Yəqin ki, ən əsas səbəb budur. Avropa ölkələrində həyat səviyyəsinin yüksək olması uzunömürlülüyü də artırır. Nəticədə yanaşı xəstəlikləri olan yaşlılar nəsli mövcuddur ki, koronavirusa yoluxma onların digər xəstəliklər nəticəsində onsuz da zəifləmiş orqanizmlərinin immunitetinin aşağı düşməsinə və əksəriyyətinin vəfat etmələrinə səbəb olub. Digər tərəfdən, bu virus növünün yeni olması, təbabətdə indiyədək rast gəlinməmiş xəstəlik növü olaraq ən inkişaf etmiş ölkələrin səhiyyəsini də aciz vəziyyətdə qoymuşdur. Ona qarşı peyvənd yoxdur, digər üsullar isə o qədər də səmərəli olmayıb.

Bütün bunlarla yanaşı bəzi ölkələrin pandemiyanı ciddi qəbul etməməsi, vaxtında karantin rejiminin tətbiq olunmaması, sərhədlərinin gec bağlanması, həmçinin əhalinin özünütəcrid çağırışlarına biganə yanaşması, maska, test və digər virusla mübarizə ləvazimatların çatışmazlığı, xüsusilə Avropa ölkələrinin öz səylərini birləşdirməyib yalnız öz əhalisinin qayğısına qalması və digər səbəblər ən inkişaf etmiş ölkələrin əhalisinin koronavirusdan ölməsinə səbəb olub. Bəzi siyasi qüvvələrin bunu spekulyasiya vasitəsinə çevirməsi də öz nəticəsini göstərib. Ən əsas səbəblərdən biri isə Çinin təhlükə barədə dünya ölkələrini xəbərdar etməməsi, Trampın qeyd etdiyi kimi Ümumdünya Səhiyyə Təşkilatının Çinlə əlbir olaraq bu ölkənin xarici ticarət maraqlarına zərbə dəyməməsi üçün dünya ölkələrini təhlükənin miqyası barədə dəqiq və vaxtında məlumatlandırmaması olmuşdur".

F.Ağayeva
/xebernur.info/
Tarix: 30-04-2020, 23:05
Xəbəri paylaş



Xəbər lenti