Bağçalarla bağlı mübahisə yenidən qızışır - Təhsil Nazirliyi, yoxsa BŞİH...

 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini müdafiə edənlər nə deyir?

"Uşaq bağçaları Təhsil Nazirliyinin tabeçiliyinə verilə bilər". Bu sözləri deputat Etibar Əliyev Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsaman) 2019-cu il üzrə məruzəsini şərh edərkən deyib. 

Deputat ombudsmanın hesabatında bu məsələnin yer almasının problemin tezliklə həll olunmasına ümidləri artırdığını qeyd edib: "Məruzədə məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçalarının) fəaliyyətindəki qüsurlar da yer almışdı. Əslində biz təhsil ekspertləri kimi uşaq bağçalarının Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi barədə dəfələrlə məsələ qaldırmışıq. Ombudsmanın hesabatında bu məsələnin yer alması probleminin tezliklə həll olunmasına ümidləri artırır".

Ali təhsilin ödənişli olması qaçılmazdır, lakin bir şərtləki ...

Deputat onu da qeyd edib ki, müvafiq sahədə mövcud olan problemlərin əks edildiyi müraciətlər üzrə aparılmış araşdırmalar, həmçinin müşahidələr göstərib ki, həm uşaq bağçalarında mövcud yerlərin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğun deyil, həm də uşaqların bu müəssisələrə qəbulu zamanı ciddi qanun pozuntularına və neqativ hallara yol verilir: “Ümumiyyətlə, ötən dövrlərdən etibarən məktəbəqədər təhsilə olan ehtiyacın yerli icra hakimiyyətləri tərəfindən düzgün qiymətləndirilməməsi, təmirə və yenidənqurmaya ehtiyacı olan mövcud bağçaların müasir tələblərə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməməsi narahatlıq doğurur”.

Xatırladaq ki, uşaq bağçaları 2011-ci ilədək Təhsil Nazirliyinin tabeliyində olub. Lakin sonra bu müəssisələr Bakı Şəhər İcra Hakimiyyətinin  tabeliyinə keçdi. Bəs bu müddət ərzində bağçaların vəziyyətində nələr dəyişdi?

Məlahət Mürşüdlü -Dördüncü təqdimat

Təhsil eksperti Məlahət Mürşüdlü məsələyə bu cür mövqe bildirdi: “Hər zaman bu fikri söyləmişəm ki, təkcə bağçalar deyil, təhsilə aid bütün müəssisələr Təhsil Nazirliyinin tabeliyində olmalıdır. İcra hakimiyyətləri bu müəssisələrin yalnız texniki təminatı, kommunal xidmətləri ilə bağlı olan məsələləri həll etməlidir. Yerli icra hakimiyyəti orqanları bundan başqa digər məsələləri, o cümlədən müəllimlərin işə təyinatı, kursların, seminarların təşkilini yerinə yetirmək imkanında deyillər. Bütün bunlar birbaşa Təhsil Nazirliyinin sahəsidir və buna görə də ona da tabe edilməlidir. Kadrların təyinatından başlamış, onların hazırlıqları, müəssisə daxilində baş verən təlim-tərbiyə prosesi, proqramlar, bütün bunların hamısı Təhsil Nazirliyinin görəcəyi işlərdir”.

Məlahət Mürşüdlü bağçaların 10 il ərzindəki fəaliyyətini də şərh edib: “Uşaq bağçaları 10 ilə yaxındır ki, Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb və yerli icra hakimiyyətlərinə həvalə edilib. Müşahidələrim əsasında deyə bilərəm ki, bu müddət ərzində məktəbəqədər təhsil müəssisələrinin çəkisi və səsi eşidilməz oldu. Baş verən proseslərdən cəmiyyətin xəbəri olmadı. Məsələn, mətbuatda bağçalarda neqativ halların baş verməsi, o cümlədən istər bağça müdirlərinin təyinatı, istərsə də qida təminatı ilə bağlı açıqlamalara rast gəlmədik. Lakin yerli təşkilatlardan bu barədə informasiyalar alıb, müşahidələr etdik və məlum oldu ki, neqativ hallar daha da genişlənib, inkişaf etməyə başladı, tərbiyəçi olmayanlar tərbiyəçi işlədi, başqa neqativ proseslər baş verdi. Bu baxımdan bir daha qeyd edirəm ki, məktəbəqədər təhsil müəssisələri öz sahibinə, Təhsil Nazirliyinə geri qaytarılmalıdır”.

Tanınmış təhsil eksperti Kamran Əsədovun yeni təyin olunmuş ...

Təhsil eksperti Kamran Əsədov da məsələ ilə bağlı öz mövqeyini bildirib: “İlk növbədə qeyd edim ki, 2011-ci ildə prezidentin sərəncamı ilə bağçalar Təhsil Nazirliyindən alınıb, icra hakimiyyəti orqanlarına verildi. Bundan sonra bağçaların fəaliyyəti diqqətdən kənarda qaldı”.

Ekspert qeyd etdi ki, bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir: “Xatırladım ki, hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. Danılmaz faktdır ki, bağçalar körpələrin təlim-tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüflər ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaqda bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. Düzdür, on illərdə ölkədə məktəbəqədər təhsil müəssisələri dünya standartlarına yaxınlaşıb. Amma normativlər - uşaq bağçasının quruluşu, işləmə metodu, idarəedilməsi baxımından isə hələ dünya standartlarına cavab vermir”.

Kamran Əsədov bildirdi ki, Azərbaycanın hazırkı məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dönəmində hazırlanan normativlər əsasında hazırlanıb və bu da günün reallıqları ilə uyğunlaşmır: “Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır. Doğrudur, özəl bağçalarda istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burada çalışan işçi-tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlaması mümkün deyil. Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir”.

Kamran Əsədov vurğuladı ki, hazırda heç bir qurum bağçalarla bağlı yoxlama aparmır: “Hesab edirəm ki, bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır. Necə ki, peşə təhsili agentliyi yaradıldı və bütün peşə təhsili vahid sistemə tabe edildi, bu, bağçalara da şamil edilməlidir. Bu həm də tədris vahidliyinin qorunması üçün labüddür. Hazırda icra hakimiyyətlərinin bağçalara yemək paylaması və verməsi məsələsi qaranlıqdır. Burada ictimai nəzarət yoxdur. Statistika İdarəsinin məlumatlarında da ən çox qidadan zəhərlənmə hallarının məhz dövlət bağçalarında baş verməsi qeyd olunur. Azərbaycanda dövlət bağçalarında bir uşağın bir günlük qidalanmasına 5 manat 70 qəpik vəsait ayrılır. Normativə görə, bir körpəyə gün ərzində 120 qram çörək, 37 qram yarma və bu minvalla digər ərzaq komponentləri verilə bilər. 

Sözsüz ki, bu, uşaqların normal qidalanması üçün yetərli ola bilməz. Düşünürəm ki, meyvə, şirə, çörək, ət, tərəvəz, süd və s. məhsullar üzrə normalar artırılmalıdır. Bundan başqa, menyuda əti əvəz edən məhsullar, məsələn, lobya, mərci və s. də olmalıdır. Eyni zamanda menyu yeknəsəq olmamalı, elə ardıcıllıq qurulmalıdır ki, uşaqlar lazımi kalorini ala bilsinlər. Amma real vəziyyət odur ki, hazırda uşaq bağçalarında qidalanma tamamilə aşağı səviyyədədir”.

P.S. Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyi ilə də oxucuları mütləq tanış edəcəyik. /Musavat.com /


Tarix: 28-04-2020, 19:58
Xəbəri paylaş



Xəbər lenti