Gerçəkləşən xəyallar

 

“Bir nəfər molla, üç manat puI, bir kəllə qənd...”
(Üzeyir Hacıbəyli, “Arşın mal alan”)

Kompüterimdə işləniləcək mövzular qovluğuna baxarkən qəribə bir qeydə rast gəldim: “Evdən çıxan kimi cərimə mövzusu”. Faylın yaradılması tarixi 2015-ci ilin dekabrıdır. İşlədiyim mövzuları adətən həmin qovluqdan silirəm, bu isə orada qalıbdır. Deməli, vaxtını gözləyirmiş. Budur, 5 il keçib və mövzu hər gün aktualdır. O qədər aktualdır ki, heç kimi təəccübləndirmir. Xəyal elədiyimiz, başımıza gəlir. Birini maşında getdiyinə, başqasını həmkəndliləri ilə futbol oynadığına, üçüncünü zibil atmağa idarəyə mesaj yazmadan getdiyi üçün, dördüncünü sadəcə evdən qırağa bir addım atdığı üçün və sairə tragikomik səbəblərdən tutub cərimələyirlər. Virus yalan olub, bizim hökumət gerçək. Arqument də əslində məzəlidir, kimisə epidemiya yaya biləcəyi ehtimalı ilə cərimələmək üçün hansısa əsaslar olmalıdır. Yoxladın, virusu çıxdı, kiməsə yoluxdurdu və sairə. Əks halda bu məntiqlə hər bir kişini zorlama maddəsində suçlamaq olar – bir lətifədə deyilən kimi. Nəyə görə? Sadəcə, bu iş üçün “aləti” var axı!

Bəs o faylı mən niyə 2015-in dekabrında yaratmışdım, o haqda da kiçik xatırlatmaya ehtiyac var. Həmin il bizdə “cərimələr ili” kimi dillərə düşmüşdü. Hökumət gündə bir qanun çıxarır, inzibati xətalar məcəlləsini sərtləşdirirdi. İcazəsiz yürüş və mitinqə çıxmaqdan tutmuş səs-küy salmağa, zibil atmaqdan lisenziyasız hansısa xidmətə qədər min dənə şeyin cəriməsini qaldırıb kəlləçarxa çıxardılar. Prinsipcə, hansısa xətaya görə cəriməyə etirazım yoxdur, cəmiyyətdə qaydalar lazımdır, ancaq bizdə cərimələr maaşa uyğun olmalıdır. Sivil dünyada belədir çünki. Bir insanı orta aylıq maaşından çox cərimələmək onu cinayətə sövq eləməkdir, çünki həmin pulu qanuni yolla qazana bilməz. Hazırda isə bizdə adama karantində işsiz qaldığına görə 190 manat verib, karantini pozarkən 100 manat alırlar. Üstəlik, ödəniş birdəfəlikdir, cərimələr isə sonsuz. İstəsən gündə 10 dəfə mesajsız küçəyə çıx, 1000 manat ödəməli olarsan.

Birdəfəlik ödənişlərin kimə düşməsi prosedurları da yetərincə “əyləncəlidir”. Örnək üçün, bugünlərdə mən bir nəfər işsizdən soruşdum, dedi VÖEN-im var, ona görə yardım ala bilmirəm. Başqa bir yoldaşın isə VÖEN-i olmadığı üçün işsiz və yardımsız qalıbdır. Elə qəribə, mürəkkəb mexanizm quraşdırılıb ki, buna vətəndaşı ələ salmaq da deyə bilərik. Misal üçün, 190 manat üçün müraciət edən və sistemdə adına əmək müqaviləsi çıxanlara yardım edilmir, “yox” cavabı gəlir. Sosial müdafiə nazirinin sözçüsü Fazil müəllimdən buna əlac soruşanda isə demişdi ki, biz əmək müqaviləsinə qarışa, xitam verə bilmərik, bunu işəgötürənlə işçi özü müəyyən edir. Loru dildə yazsaq, idarə işarə vurur ki, müdir səni işdən qovsun, 190 manat verək. Axı eyni zamanda müdirə adamı karantin dövründə işdən qovmağı qadağan etmisiniz?! Müdirin qazancı yoxdur sənə maaş versin, səni işdən qova da bilməz, sən isə müqaviləyə görə yardım ala bilməzsən. Buyur, indi bu qapalı dairədən çıx görüm necə çıxırsan. 2000-ci illərdə dostum, vəkil İsaxan Aşurov bir dəfə zəng vurub gülə-gülə danışmışdı ki, hüquqlarını müdafiə elədiyi İbiş adlı adam var, onun ailəsi, evi, mal-mülkü yoxdur, işsizdir, məcburi köçkündür, lakin dövlət nə cürsə İbişə vergi borcu yazıbdır, sən demə, onun adına kimsə VÖEN (vergi ödəyicisinin eyinləşdirmə, identifikasiya nömrəsi) açıbdır. Tragikomik durum idi, “İbişin VÖEN-i” adlı yazımı doğurmuşdu. Dünyada heç nəyi olmayan, yalnız VÖEN-dən ibarət adamın həyatı bəlkə film mövzusu idi.

Bu mənada, yəni, ortada başqa dövlət orqanlarının möhtəşəm fəaliyət örnəkləri olduğu halda Ali Məhkəmənin (AM) 23 apreldə niyə plenum çağırmağı qaranlıdır. Həmin gün idarə qərar verəcəkdir ki, karantin dövründə təxirə salınan məhkəmə işlərini neyləyək. Axı doğrudan da məhkəmə işinə bir sürü adamın gəlməsi vacibdir: şahidlər, vəkillər, jurnalistlər, nə bilim, prokuror, hakim, katib, penisentiarın zəhmətkeşləri və sairə. Hesab edirəm, AM tarixi təcrübələrimizdən yararlanaraq kompakt məhkəmə iclasları haqda qərar verə bilər. Prinsipcə, cəmi 3 nəfər bəsdir: hakim, prokuror, bir da YAP-ın rayon təşkilatının sədri. Onların qərarı bizim üçün qanun olmalıdır.

Tarix: 20-04-2020, 16:59
Xəbəri paylaş



Xəbər lenti