Pandemiya Qarabağda böyük sülhü, yoxsa savaşı yaxınlaşdırır?

 


Koronavirus pandemiyasına rəğmən, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində növbəti seçki oyunu keçirən Ermənistan bir daha böyük sülhdə maraqlı olmadığını nümayiş etdirdi. Legitimliyini işğalçı ölkə xaric, heç bir dövlətin və beynəlxalq təşkilatın tanımadığı həmin “seçkilər” onsuz da dalanda olan danışıqlar prosesini, sözsüz ki, bir az da qəlizə salacaq, Bakı və İrəvan arasında Qarabağ anlaşmasını daha əlçatmaz edəcək.

Ən önəmlisi, belə seçki tamaşaları yeni müharibə ehtimalını artıracaq – hansı müharibə ki, ilk növbədə yoxsul, iqtisadiyyatı tənəzzül yaşayan, koronovirusun bir az da taqətdən saldığı Ermənistana böyük fəlakət vəd edir. Düşmən tərəfin ümid bəslədiyi Rusiyanın isə ona yetərli dəstək verəcəyi indi heç vaxt olmadığı qədər zəifdir. Çünki şimal qonşumuzun başı neçə artıq özünə, daha dəqiqi, pandemiyanın yaratdığı böhranlı vəziyyətdən çıxmağa qarışıb və belə görünür ki, Rusiya hələ uzun müddət özünə gələ bilməyəcək.

Başqa yandan, nə Azərbaycan, nə də Türkiyə Kremlin forpostu Ermənistana hücum eləməyə hazırlaşmır. Bu barədə Bakı və Ankara rəsmiləri zaman-zaman birmənalı mövqe bildiriblər. Buna heç lüzum da yox. Azərbaycanın tək hədəfi öz torpaqlarından işğalçı və terrorçu qüvvələri çıxarıb ərazi bütövlüyünü, Dağlıq Qarabağa nəzarəti bərpa eləməkdir. Dağlıq Qarabağa isə rusiyalı rəsmilərin və ekspertlərin dəfələrlə vurğuladıqları kimi, KTMT-nin - “Rus NATO-su”nun məsuliyyət zonasına daxil deyil.

Yəni Bakının işğal altındakı öz qanuni torpaqlarında antiterror əməliyyatına qarışmaq üçün Moskvanın heç bir hüquqi əsası yoxdur və ola bilməz. Odur ki, Rusiya da Dağlıq Qarabağ konfliktinin dinc yolla nizamlanmasında maraqlı olmalıdır. Həm də o səbəbə ki, Ermənistan tərəfdən yeni müharibəyə müdaxilə Moskvanın Bakı və Ankara ilə olan strateji tərəfdaşlıq münasibətlərinin gələcəyini real təhlükə altına qoya bilər.      

*****

“Sülh danışıqlarının heç bir predmeti, məntiqi olmasa, payızda hərbi-siyasi variantın daha məqbul olmasını gözləməliyik”.

Bu sözləri  “Qafqaz Tarixi Mərkəzi” İctimai Birliyinin sədri, araşdırmaçı Rizvan Hüseynov Dağlıq Qarabağdakı növbəti saxta seçkilərdən sonra yaramam durumu şərh edərkən və gözləntilərdən danışarkən deyib (Teleqraf.com).

“ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası Dağlıq Qarabağdakı “seçkiləri” tanımadı və bu prosesdə iştirak etmədilər. Onlar heç müşahidəçi də göndərmədilər. Bütün dünyada koronavirus pandemiyası ilə mübarizə gedir. BMT Baş katibinin kütləvi tədbirləri təxirə salmaqla bağlı çağırışına baxmayaraq, qondarma rejimin bu vəziyyətdə atdığı addım bir daha göstərir ki, onlar beynəlxalq çağırışlara məhəl qoymurlar. Bunu Azərbaycan hər zaman deyir. Bu, birbaşa sübutdur. Bütün dünya pandemiya ilə mübarizədə eyni cərgədə dayanır. Amma tanınmamış rejim öz bildiyini edir, beynəlxalq ictimaiyyətin bütün çağırışlarını rədd edir”.

Rizvan Hüseynov: “İnsanlar bayrağın mahiyyətini anlamalıdırlar”

Rizvan Hüseynov

Son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə yayılan məlumat və videogörüntülərdən danışan şərhçi hesab edir ki, onlar həm də xəstəliyi Qarabağa daşıyırlar: “Buna baxmayaraq, onlar istədikləri nəticəni əldə edə bilmədikləri üçün ikinci tur düzənlədilər və Araik Arutyunyan qalib elan edildi. Burada diqqət çəkən bir məqam da var: Qərb yönümlü Ermənistan hakimiyyətinin məqsədi o idi ki, rəhbərliyə həm onlara, həm də Qərbə yaxın bir adam gətirilsin. Hətta Nikol Paşinyan Qarabağda olanda demişdi ki, burada da Ermənistandakına bənzər bir inqilab olmalıdır. Biz bilirik ki, Dağlıq Qarabağda Rusiyanın dayaqları daha möhkəmdir. Əsas mübarizə nəyin uğrunda idi? Elə bir adamın seçilməsini istəyirdilər ki, həm Rusiyanı, həm ruspərəst Qarabağ klanını, həm də indiki Ermənistan hakimiyyətini qane etsin ”.


R.Hüseynovun sözlərinə görə, Paşinyana Ermənistanda öz dayaqlarını möhkəmləndirək üçün iki il vaxt lazım olub: “Belə çıxır ki, indi də Dağlıq Qarabağda öz dayaqlarını möhkəmləndirdi və buna paralel olaraq, Qarabağ klanının dayaqları zəifləyir. Üstəlik, Köçəryan həbsdədir. Heç bir yolla Moskva Paşinyanı Köçəryanı azad etməyə məcbur edə bilmədi”.

Bu dəyişikliyin Azərbaycan üçün hansı nəticələr doğuracağına dair məsələyə toxunan şərhçi bildirib: “Birincisi, hamı anlayır ki, Qarabağ erməniləri İrəvandan asılıdır. Bütün təchizat, ərzaq, silah Ermənistandan gəlir. Ona görə də bu dəyişiklik gec-tez baş verməli idi. Yəni Ermənistan Qarabağdakı hakimiyyəti özünə tabe etdirməli, dəyişdirməli idi. Bu baş verdi. Hətta seçki prosesi başlamamışdan öncə Artur Ağacanov və xaricdə yaşayan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, dəstəkləyən böyük bir qrup Qarabağ ermənisi bir etiraz müraciəti ilə çıxış etdilər. Onlar videomüraciət, mətbuat üçün bəyanatlar yayaraq bildirdilər ki, birincisi, bu qondarma seçkilərdir. İkincisi, bütün dünya koronavirusla mübarizə aparır, amma Dağlıq Qarabağda yalançı bir seçki keçirilir. Artur Ağacanov bir daha dünya ictimaiyyətini bu “seçki”ləri qəbul etməməyə çağırdı və dedi ki, əslində Qarabağ ermənilərinin böyük bir hissəsi Qarabağda yaşamır və Qarabağ rejimini dəstəkləmir. Əksinə, Azərbaycanı dəstəkləyirlər. Bunların da səsi nəzərə alınmalıdır. Deməli, 2 qüvvə də bunun üstünə gəlinməlidir. Bunlardan birincisi Qarabağdan qovulan azərbaycanlılardır. Əgər azərbaycanlı qaçqınların ümumi sayı 700 min nəfərdirsə, sırf Dağlıq Qarabağdan qovulanlar ən aşağısı 70 mindən çoxdur. İkinci qüvvə Qarabağı tərk edən minlərlə ermənidir. Onların böyük bir qismi də Azərbaycanı dəstəkləyir. Bax, Artur Ağacanov bu mesajı verdi”.

R.Hüseynov bu vəziyyətə payızadək aydınlıq gətiriləcəyini ümid etdiyini də vurğulayıb.

*****

Ermənistanın Kanadadakı keçmiş səfiri və politoloq Ara Papyan isə hesab edir ki, qarşıdakı iki ay Ermənistan üçün xüsusilə təhlükəlidir, çünki Azərbaycan Qarabağ qaytara bilər. Musavat.com-un məlumatına görə, bu barədə o, yerli KİV-ə açıqlamasında bildirib.

Papyan fikrini belə əsaslandırıb: “Bu gün Rusiyanın əsas problemi Azərbaycanı Avrasiya İqtisadi Birliyinə gətirməkdir. Bəs bunu necə eləmək olar? Yalnız Qarabağ vasitəsi ilə. Başqa yol yoxdur. Moskva Dağlıq Qarabağ separatçıları ilə İrəvan arasında ikitirəliyin dərinləşməsinə nail olub və qarşıdakı iki ayda bu xüsusda ciddi təlatümlər gözləmək lazım gəlir”.

Karabakh elections in the backdrop of a pandemic, or Stepanakert ...

Sözünə davam edən Papyan deyib: “Rusiya əlindən gələni edir ki, Ermənistanın suverenliyinin möhkəmlənməsini və Qarabağın Ermənistan tərkibinə daxil olmasını əngəlləsin. Rusiyalı politoloq Stanislav Tarasov haqlı idi deyəndə ki, Moskva Dağlıq Qarabağın Ermənistanla birləşməsinin 200%  əleyhinədir və heç vaxt buna razı olmayacaq. On illərdir Dağlıq Qarabağ məsələsi ilə məşğul olan adamlar “yuxarının” məsləhəti və ya göstərişi olmadan bircə söz də deməzlər”.

Armenians in Karabakh are tool for Armenia's dirty political games ...

Bununla belə, keçmiş səfirə görə, bu gün Rusiya Dağlıq Qarabağda sülhməramlılar egidası altında öz qoşunlarını yerləşdirməyə getməyəcək. “Hazırda Rusiyanın daxili, öz problemləri var - hansı ki, getdikcə dərinləşəcək. Bu da əsasən iqtisadi çətinliklər və neftin qiymətinin kəskin enməsi ilə əlaqədardır. Bir yandan bu, ölkənin imkanların azalmasına gətirəcəksə, digər yandan, Rusiyanın yüksək çinli məmurlarını məhz belə addımlara həvəsləndirəcək. Bu mənada deyərdim ki, növbəti iki ay – Normandiyada ikinci cəbhə açılanadək, çox ciddi dövrdür”, - deyə erməni politoloq əlavə edib.

Əsas sual da elə budur: qarşıdakı aylarda pandemiya Qarabağda böyük sülhü, yoxsa savaşı yaxınlaşdıracaq?..

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb./Musavat.com/


Tarix: 17-04-2020, 16:32
Xəbəri paylaş



Xəbər lenti