Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib


Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə yaradılmış rayon Qərargahının ilk iclası keçirilib.

İclasda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qərargahın üzvləri, aparatın məsul əməkdaşları və fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışından irəli gələn tapşırıqlar Qərargahın hər bir üzvü üçün konkret fəaliyyət istiqaməti olmalıdır. O qeyd edib ki, Tərtər rayonu münbit torpaq resursları, əlverişli iqlim şəraiti və zəngin suvarma potensialı ilə aqrar sahədə böyük inkişaf imkanlarına malikdir və bu potensialdan səmərəli istifadə olunması bilavasitə Qərargahın qarşısında duran əsas vəzifədir. Rayon rəhbəri diqqətə çatdırıb ki, rayonda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının artırılması, yerli xammala əsaslanan emal müəssisələrinin genişləndirilməsi, torpaq və su resurslarından səmərəli istifadə mexanizmlərinin — o cümlədən müasir suvarma və pivot sistemlərinin — tətbiqi prioritet məsələ kimi qarşıya qoyulur. O həmçinin vurğulayıb ki, rayon ərazisində fəaliyyət göstərən sahibkar və fermerlərlə daimi işgüzar əlaqə saxlanılmalı, onların qarşılaşdığı problemlər operativ həll olunmalı və bu proses 2025-ci il (Baza) və 2030-cu il (Hədəf) göstəricilərini əks etdirən ətraflı İş Planının əsasını təşkil etməlidir.

Sonra Tərtər Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Mehman Babayev çıxış edərək mərkəzin fermerlərə göstərdiyi konsultasiya və dəstək xidmətlərindən, aqrotexniki tövsiyələrin təbliğindən danışıb və rayon üzrə bitkiçilik sahələrinin genişləndirilməsi ilə bağlı təkliflərini bölüşüb.

Rayon Statistika İdarəsinin rəis əvəzi İradə Rəfiyeva rayonun mövcud aqrar statistikasına, "Ev təsərrüfatlarının uçotu kitabı"nda əks olunan torpaq sahələri, heyvan, quş və arı ailələrinin sayına dair göstəricilərin dəqiqləşdirilməsinin vacibliyinə toxunub və bu məlumatların Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə dürüst şəkildə daxil edilməsinin əhəmiyyətini vurğulayıb.

Tərtər Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov rayonda suvarma sistemlərinin mövcud vəziyyətindən, suvarma suyundan səmərəli istifadə ilə bağlı görülən işlərdən və müasir suvarma texnologiyalarının tətbiqinin suvarma suyuna qənaət baxımından əhəmiyyətindən danışıb.

"Prime Cotton" MMC-nin Tərtər filialının müdiri Vilayət Şairov rayonda pambıqçılığın inkişaf perspektivlərindən, yerli məhsulun emalı sahəsində şirkətin gördüyü işlərdən və fermerlərlə əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edib.

Fermer Zəfər Nəsirov öz təsərrüfatındakı təcrübəsini bölüşərək sahibkarlara verilən güzəştli kreditlərin şərtlərinin sadələşdirilməsi və uzunmüddətli verilməsi, pivot qurulacaq əkin sahələrinin yaxınlığında elektrik transformatorlarının quraşdırılması,  texnika təminatı və məhsulun satışı ilə bağlı problemlərini dilə gətirib, bu sahələrdə dövlət dəstəyinin artırılmasını təklif edib.

9 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi, məsləhətçi-müfəttiş Aqil Cabbarov torpaq resurslarının qorunması, ekoloji tarazlığın saxlanılması və kənd təsərrüfatı fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

İclas zamanı fermerləri maraqlandıran suallar cavablandırılıb, onların irəli sürdükləri təkliflər dinlənilib və müzakirə olunub.

Yekunda rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Tarix: Dünən, 22:59
Xəbəri paylaş



Xəbər lenti