
Dövlət vəsaitlərinin qeyri-şəffaf xərclənməsi və tender şərtlərinin manipulyasiya edilməsi tendensiyası bölgələrdəki tibb müəssisələrində növbəti dəfə özünü qabarıq şəkildə büruzə verməkdədir.
“Faktum.az“ın dövlət satınalmaları portalı üzərindən apardığı özəl araşdırma zamanı “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən həyata keçirilən sonuncu satınalmada qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğunu və rəqabət mühitinin tamamilə məhv edildiyini ortaya çıxarıb. Belə ki, tibb müəssisəsi “müxtəlif çeşiddə malların satın alınması” adı altında dumanlı bir predmetlə “NEOSOL” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 3101071221) ilə düz 30.814,77 AZN-lik müqavilə bağlayıb. Bu satınalmanı şübhəli və qanunsuz edən ən birinci məqam tətbiq edilən metod və tarixlərin absurdluğudur.
“Dövlət satınalmaları haqqında” mövcud qanunvericiliyin tələblərinə əsasən, 30 min manatdan yuxarı olan belə həcmdə xərcləmələr daha şəffaf və geniş rəqabət təmin edən Açıq Tender və ya elektron satınalma metodları ilə keçirilməli olduğu halda, xəstəxana rəhbərliyi qanunun boşluqlarından yararlanaraq satınalmanı “Kotirovka sorğusu” metoduna salıb. Daha acınacaqlısı və qanunsuzluğun bariz sübutu isə sənədləşmə müddətlərində gizlənir; rəsmi məlumatlara görə, satınalma elanının portalda dərc edilmə tarixi, onun rəsmi başlama tarixi və qaliblə müqavilənin bağlanması elə eyni günə – 6 iyul 2026-cı ilə təsadüf edir. Normal şərtlərdə kotirovka elanı verildikdən sonra ölkədəki digər sahibkarlıq subyektlərinə təkliflərini hazırlayıb təqdim etmək üçün qanunla minimum bir neçə iş günü vaxt verilməlidir, lakin Masallı Mərkəzi Xəstəxanasında bu proses bir neçə dəqiqənin içində həll olunub. Bu o deməkdir ki, digər heç bir real şirkətin bu satınalmadan xəbəri olmayıb, şərtlər qabaqcadan gizli razılaşdırılıb və portalda sadəcə formal olaraq sənəd üzərində “tender” oyunu oynanılıb.

Satınalma predmetinin konkret nə olduğunun gizlədilməsi, sadəcə “müxtəlif çeşiddə mallar” yazılaraq dumanlı buraxılması da sonradan maliyyə hesabatlarında ediləcək manipulyasiyalardan xəbər verir. Araşdırmamız zamanı qalib elan edilən “NEOSOL” MMC-nin profili ilə bağlı rəqəmsal resurslarda aparılan axtarışlar isə mənzərəni tamamlayır; bu şirkətin hansı real maddi-texniki bazaya, anbara, işçi qüvvəsinə malik olduğu və hansı konkret sahə üzrə ixtisaslaşdığı barədə heç bir məlumat yoxdur, onun adı yalnız internet üzərindəki müxtəlif şübhəli və qaranlıq dövlət tenderlərinin qalibi kimi keçir. Bütün bu faktlar göstərir ki, qarşımızda büdcə vəsaitlərinin nağdlaşdırılaraq mənimsənilməsi məqsədilə xüsusi olaraq idarə olunan formal bir şirkət görüntüsü və rəqabəti tamamilə sıfırlayan səlahiyyətli şəxslər var. Baş verən bu qanunsuzluq və şəffaflıq prinsiplərinin ayaqlar altına atılması faktı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, eləcə də hüquq-mühafizə orqanları tərəfindən təcili araşdırılmalı, dövlətin büdcəsini eyni gündə talayan şəxslər barəsində hüquqi tədbirlər görülməlidir.
Qarşı tərəf olaraq Masallı Rayon Mərkəzi Xəstəxanasının da mövqeyini öyrənmək üçün internet üzərindən əldə etdiyimiz ( +994 25 215 32 63) əlaqə nömrəsinə zəng etdik. İş saatı olmasına baxmayaraq, dəstəyi qaldıran olmadı.