Tərtər şəhər 5 nömrəli körpələr evi–uşaq bağçasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub


1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tərtər şəhər 5 nömrəli körpələr evi–uşaq bağçasında bayram tədbiri keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər rayon Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev də iştirak ediblər.

Rayon rəhbəri balaca fidanları əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt gələcək, sağlam və qayğısız uşaqlıq arzulayıb. Qeyd edib ki, uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İcra başçısı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndirildiyini dilə gətirib.

Tərtər rayon Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev uşaqların tərbiyəsi və təhsili üçün yaradılan şəraitdən söz açaraq, böyüyən nəslin gələcəyin savadlı və vətənpərvər vətəndaşları kimi yetişməsində məktəbəqədər təhsil müəssisələrinin rolunu vurğulayıb.

Sonda bağçanın kollektivi uşaqlara göstərilən sonsuz diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra bağçanın balaca sakinləri tərəfindən hazırlanmış maraqlı ədəbi-bədii kompozisiyalar, şeirlər, mahnı və rəqs nümunələri təqdim olunub. Körpələrin rəngarəng çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbirə dəvət olunmuş klounlar isə uşaqların sevincinə xüsusi rəng qataraq onları daha da şənləndiriblər.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.


Tarix: Dünən, 21:53
Xəbəri paylaş



Xəbər lenti