Tərtərdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə möhtəşəm bayram tədbiri keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər və Ağdərə rayonları üzrə Təhsil Sektorunun və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil edilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Tərtər və Ağdərə rayonları üzrə Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Fərid Hacıyev, şəhid və qazi övladları, rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarının üzvləri, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə məktəbdə yaradılmış şəhidlərin xatirə lövhəsinin önünə gül dəstələri düzərək, qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad ediblər. Sonra uşaqların əl işlərindən ibarət rəngarəng yaradıcılıq sərgisi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, eləcə də ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov balaca fidanları əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt gələcək, sağlam və qayğısız uşaqlıq arzulayıb. Rayon rəhbəri qeyd edib ki, uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İcra başçısı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara, xüsusilə həssas qrupdan olan azyaşlılara göstərdiyi yüksək diqqət və qayğının cəmiyyət tərəfindən hər zaman böyük rəğbətlə qarşılandığını dilə gətirib.

Milli Məclisin deputatı Anar Məmmədov çıxış edərək ölkəmizdə uşaqların təhsili, sağlamlığı və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm dövlət proqramlarının və layihələrin həyata keçirildiyini, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Deputat vurğulayıb ki, uşaqlar hər bir xalqın ən qiymətli sərvəti, dövlətin və cəmiyyətin gələcəyidir. Onların sağlam, savadlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə sahib vətəndaşlar kimi formalaşması ölkəmizin sabahının etibarlı təminatıdır.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli də təbriklərə qoşularaq qeyd edib ki, bu gün Azərbaycan uşaqları müasir standartlara cavab verən məktəblərdə təhsil alır, idman və incəsənət sahələrində öz potensiallarını nümayiş etdirərək beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. S.Mənsimli uşaqların milli-mənəvi dəyərlərimizə sadiq qalaraq, bilik və bacarıqlarını daim artıracağına və müstəqil Azərbaycanın daha da güclənməsi naminə çalışacaqlarına əminliyini ifadə edib.

Rəsmi çıxışların ardından uşaqların iştirakı ilə rəngarəng bayram konserti keçirilib. Balacaların ifasında təqdim olunan ədəbi-bədii kompozisiyalar, şeirlər, şən mahnılar və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.


Tarix: Bu gün, 18:40
Xəbəri paylaş



Xəbər lenti