
Qurban bayramı paylaşmaq, mərhəmət göstərmək, insanın insana dəyər verməsi fəlsəfəsinin simvoludur. Amma görünür, bəzi məmurlar üçün bu anlayış artıq formal hesabatdan başqa bir şey deyil. Çünki DogruXeber.tv-nin redaksiyasına daxil olan videogörüntülər göstərir ki, Cəlilabad rayonunun Qarazəncir kəndində şəhid ailələrinə verilən “bayram payı” nə hörmətə, nə də insanlıq anlayışına sığır.
VİDEO BURADA: https://vt.tiktok.com/ZSxqBpWBj/
Görüntülərdə iddia olunur ki, icra hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə paylanan ətlər qaralmış, iyi gələn və istifadəyə yararsız vəziyyətdə olub. Ən acınacaqlısı isə budur ki, bu “yardım” adi bir ailəyə yox, Vətən uğrunda can vermiş insanların ailələrinə təqdim edilib.
İndi ortaya çox ağır bir sual çıxır: Şəhid ailəsinə layiq görülən münasibət budursa, bəs cəmiyyətə göstərilən “hörmət” hansı səviyyədədir?
Məsələnin daha maraqlı tərəfi isə hadisənin özündən sonra başlayır. Çünki görüntülər sosial şəbəkələrdə yayımlandıqdan sonra problemi araşdırmaq əvəzinə, görüntülərin silinməsi üçün redaksiyaya zənglər olunub. Bildirilir ki, kənd üzrə icra nümayəndəsi Səməd Mustafayev və Xəyalə Şahbazova videoların silinməsini tələb ediblər.
Maraqlıdır, görəsən burada əsas problem xarab olmuş ət idi, yoxsa həmin ətin görüntülərinin yayılması?
Çünki bəzi yerli idarəçilər üçün problemin həlli deyil, problemin görünməməsi daha vacibdir. Onların düşüncəsində sosial narazılığı aradan qaldırmağın yolu vəziyyəti düzəltməkdən yox, kameranı söndürməkdən keçir. Halbuki XXI əsrdə idarəçilik artıq qorxu və təzyiq mexanizmi ilə yox, şəffaflıq və məsuliyyət prinsipi ilə ölçülür.
Əgər doğrudan da həmin məhsullar keyfiyyətli idisə, niyə bu qədər narahatlıq yarandı? Əgər ortada heç bir nöqsan yoxdursa, niyə medianın susdurulmasına ehtiyac duyuldu?
Bu hadisə bir daha göstərir ki, bəzi məmurlar üçün şəhid ailəsi müqəddəs anlayış yox, statistik hesabat sətridir. Bayram öncəsi şəkil çəkdirib “qayğı göstərildi” görüntüsü yaratmaq asandır. Çətin olan isə o ailələrin qapısını vicdanla döyməkdir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun bu məsələyə münasibəti isə artıq ictimai maraq predmetinə çevrilib. Çünki söhbət təkcə xarab olmuş bir neçə kiloqram ətdən getmir. Burada söhbət dövlət-vətəndaş münasibətindən, şəhid ailəsinə yanaşmadan və yerli idarəçiliyin mənəvi durumundan gedir.
Unudulmamalıdır ki, xalq hər şeyi gec-tez unuda bilər, amma şəhid ailəsinə göstərilən hörmətsizliyi heç vaxt bağışlamır.
DogruXeber.tv