
İcra başçısı Musa Şəkiliyevin həbsindən sonra sakinlər nələrinsə dəyişəcəyinə ümid etsələr də, görünəni odur ki, Qax rayonu yenə də köhnə əhvalda... köhnə kadrların idarəçiliyi altındadır. Elə bu barədə "DİA-AZ"a daxil olan müraciətdə də deyilir.
Sakinlər bu şəkli təqdim edərək yazırlar:
Şəkildəki şəxsi tanıyırsınız. Tanımayanlar üçün deyim. Keçmiş Güllük bələdiyyəsinin sədri.Güllük ərazi icra nümayəndəsi, indi isə son bələdiyyə seçkilərində Qum bələdiyyəsi sədri təyin olunmuş İlqar Məmmədov. Bu şəxsi Güllük kəndinin camaatı hamıdan yaxşı tanıyır. Bu şəxsin qanunsuz əməllərini də yaxşı bilirlər.
Əvvəllər Güllük bələdiyyəsinin sədri olduğu zaman Güllük bələdiyyəsinə məxsus bütün əkin sahələrini (Suvagilə yaxın ərazidəki torpaqları) bir iş adamına satıb. Eyni zamanda Qapıçay kənd cammatının torpaqlarını mənimsəyərək başqa şəxslərə satıb.
Bələdiyyədə satacaq torpaq qalmadıqda öz yerinə başqasını təyin etdirib özü Güllük kəndinin ərazi icra nümayəndəsi təyin olunub. Bu işdə ən böyük dayağı keçmiş başçı Musa Şəkiliyev idi. Son bələdiyyə seçkilərində yenə başçının dəstəyi ilə bələdiyyə sədri təyin olundu. Seçilmədi haaa, səhv başa düşülməsin.
Seçki prosesi başlayanda İlqar Məmmədov Güllük kənd ərazi icra nümayəndəsi işləyirdi. Qanunla onun bələdiyyə seçkilərində namizəd olması üçün işindən istefa verməli idi. Ancaq, qanunu nəzərə alan olmadı. İlqar Məmmədov seçki prosesi təzə başlayan gündən camaat arasında söz yaymışdır ki, "pulunu vermişəm, yeni sədr mənəm". Belə də oldu. Komissiya sədrlərinin saxtakarlıq səyləri nəticəsində bələdiyyə sədri təyin olundu.
Qum bələdiyyəsi sədri kimi fəaliyyət göstərdiyi 1 ildən çox müddətdə heç bir iş görməyib. Sadəcə maaş alıb. İllik hesabat verməli olan bələdiyyə sədri hesabat verməkdən belə yayınır.
Qax rayon İcra Hakimiyyətinin başçısı bu qanunsuzluqları yeni olduğu üçün bilməyə bilər. Ancaq burada qeyd edirik. Yəqin ki, görər və bu qanunsuzluqlarla bağlı ciddi ölçü götürər..."