Şamaxıda yol problemi sakinləri özlərindən çıxardı: "Nə qazanırıqsa, hamısını maşının təmirinə xərcləyirik" - VİDEO
Şamaxı-Göylər-Padarqışlaq avtomobil yolunun ümumi uzunluğu 53 km-dir. 2018-ci ildə istifadəyə verilən bu yoldan Şamaxının 12 kəndinin 25 minə yaxın əhalisi istifadə edir. Bununla yanaşı, sözügedən yol cənub rayonlarını Şamaxı ilə birləşdirən əsas marşrutlardan biridir. Lakin hazırda yolun bir neçə nöqtəsində asfalt örtüyü dağılıb, çökmələr və çuxurlar yaranıb.
Bu vəziyyət yoldan istifadə edən sürücülərin hərəkətinə ciddi maneə törədir. Mövcud problemlərlə bağlı narazılıqlarını Baku TV-yə dilə gətirən sakinlər vəziyyəti belə təsvir ediblər:
"Yol bərbad gündədir. Üstündə bir ağ xətt belə yoxdur. Mən özüm axşam Çöl Göylər kəndindən buraya 3-4 saata gəlib çıxmışam. Nə qazanırıqsa, hamısını maşının təmirinə xərcləyirik".
Digər bir sakin isə yolun dağılmasının əsas səbəbinə diqqət çəkərək əlavə edib:
"Yolumuz tamamilə dağılıb. İritonnajlı maşınlar keçərək asfaltı məhv edib".