
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Hüsənli kənd İƏD üzrə nümayəndəliyin Hüsənli kəndində keçirilib.
Qəbulda 98 saylı Bərdə-Tərtər seçki dairəsi üzrə Milli Məclisin deputatı Xanlar Fətiyev , YAP rayon təşkilatının sədri Eldar Əsədov, Rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Hüsənli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Hüsənli kəndinin 1920 hektar ərazisi, 654 təsərrüfatı, 2406 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb, 1 körpələr evi-uşaq baxçası, 1 tibb məntəqəsi, 9 ticarət obyekti, 3 iaşə obyekti və 43 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 2707 baş iribuynuzlu, 2227 baş xırdabuynuzlu heyvan, 8430 baş quş və 128 arı ailəsi saxlayırlar.
Son üç ildə Hüsənli kəndində kəndarası yollar 450 metr məsafədə təmir edilib, su arxları 4 km məsafədə lildən təmizlənib, kənd ərazisində 470 ədəd müxtəlif növ ağaclar əkilib və kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından təmizlənmişdir.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən İsa Əhmədov kəndə suvarma suyunun verilməməsi, Səbuhi Məmmədov kənd ərazisində əczaçılıq obyektinin açılması, Bəxtiyar Qəhrəmanov suvarma arxlarının təmizlənməsi, şəhid atası Arif Məmmədov kəndarası yolların təmir olunması, şəhid anası Fizzə İsgəndərova torpaq sahəsində olan mübahisə, Bayram Bayramov işlə təmin olunmasına köməklik olunması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
