Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Bəyimsarov kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Bəyimsarov kənd İƏD üzrə nümayəndəliyin Bəyimsarov kəndində keçirilib.

Qəbulda Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Bəyimsarov kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, Bəyimsarov kəndinin 2542 hektar ərazisi, 627 təsərrüfatı, 3106 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb, 1 körpələr evi-uşaq baxçası, 1mədəniyyət evi, 1 tibb məntəqəsi, 13 ticarət obyekti, 2 iaşə obyekti və 35 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1280 baş iribuynuzlu, 1840 baş xırdabuynuzlu heyvan, 4200 baş quş və 410 arı ailəsi saxlayırlar.

Son üç ildə Bəyimsarov kəndində kəndarası yollar 7025 metr məsafədə təmir edilib, su arxları 23 km məsafədə lildən təmizlənib, kənd ərazisində 290 ədəd müxtəlif növ ağaclar əkilib və kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından  təmizlənmişdir.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Habil İbrahimov kəndin elektrik xətlərinin kabelləşdirilməsi, Sevda İsmayılova əkin üçün bələdiyyədən torpaq sahəsinin ayrılması, Afilə Həsənova həyat yoldaşının işlə təmin olunması, əkin üçün bələdiyyədən torpaq sahəsinin ayrılması və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Tarix: 8-01-2026, 09:38
Xəbəri paylaş



Xəbər lenti