
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon prokuroru Əli Qurbanov və polis şöbəsinin rəisi Rüfət Məmmədovla birlikdə 56 şagird yerlik Zolgəran kənd ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
İcra başçısı Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətdə təhsil sahəsinə diqqətin prioritet olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycanda müstəqil ölkənin mükəmməl təhsil sistemi qurulmaqdadır.
Məktəbin kollektivi təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
