
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Qədir Babayev, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, QMİ-nin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, müharibə veteranları, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri öz kollektivləri ilə iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə foyedə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-stendlərlə tanış olublar. Anım mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin ömür yoluna həsr olunan film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, siyasi rəhbərliyi və uzaqgörənliyi ilə ölkənin taleyində dönüş yaradan tarixi şəxsiyyətdir. O vurğulayıb ki, Heydər Əliyevin fəaliyyəti yalnız bir dövrün deyil, bütövlükdə müasir Azərbaycanın inkişaf konsepsiyasının əsasını təşkil edib.
Rayon rəhbəri qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycan həm sovet hakimiyyəti illərində, həm də müstəqilliyin ağır və məsuliyyətli mərhələlərində böyük sınaqlardan uğurla çıxıb. Onun siyasi iradəsi, xalqına olan sevgisi və qətiyyətli addımları sayəsində ölkəmiz dağılmaq təhlükəsindən xilas olub, sabitlik və inkişaf yoluna qədəm qoyub.
Müstəqim Məmmədov çıxışında xüsusi olaraq Tərtər rayonuna göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Heydər Əliyev Tərtəri daim strateji əhəmiyyətə malik bölgə kimi qiymətləndirib, burada sənaye, kənd təsərrüfatı, sosial infrastrukturun inkişafı üçün mühüm layihələr həyata keçirilib. Rayonda yaradılan fabriklər, zavodlar, yeni yaşayış massivləri, Sərsəng su anbarı kimi əhəmiyyətli obyektlər Ümummilli Liderin Tərtərin gələcəyinə olan inamının bariz nümunəsidir.
Başçı əlavə edib ki, bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir. Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyünün bərpası, Qarabağın dirçəldilməsi və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi bu xəttin uğurunun ən böyük sübutudur.
Daha sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edib, QMİ-nin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov Ulu Öndərin və şəhidlərin ruhuna dualar oxuyub.
