Xaçmaz şəhərində, Nərimanov küçəsində yerləşən bu bina artıq 11 ildir ki, tikilir... ya da tikilirmiş kimi göstərilir.Əgər yolunuz Xaçmaz şəhərinin Nərimanov küçəsindən düşsə, diqqətli olun: bura Azərbaycan memarlığının yeni “abidə”sidir – bitməyən tikinti və başıpozuq məsuliyyət anlayışının simvolu. Ərazidə hasarlanmış, içi zibillə dolmuş, ətrafı çökən səki, təbiəti məhv edilən bir sahə sizi qarşılayacaq. Elə bil Hollivud filmlərindəki post-apokaliptik səhnələrdən biridir. Amma fərq ondadır ki, bu səhnə süni dekor deyil – hakimiyyətin laqeydliyinin canlı nümunəsidir.
2014-cü ildə hasarlanıb, vəd olunub, unudulub.
Sakinlərin dediyinə görə, 2014-cü ildə bu ərazi hasara alınıb və o gündən bəri, bura artıq “xalq arasında” Piyada 8 adı ilə tanınmağa başlayıb. Hasar içində qalan piyadalar, ağaclar, həyat və bütün ümidlər – görünür ki, hasar həm də düşüncəyə çəkilib.
Əvvəlcə elə biliblər ki, bina ucaldılacaq, ətraf abadlaşdırılacaq, küçə şəhərə yaraşan görkəmə salınacaq. Amma illər keçib, tikinti səsini yalnız rüzgarlar əvəzləyib, hasarın arxasından isə ancaq zibil, torpaq uçqunları və tərk edilmiş lövhələr boylanıb.
Hasarın içində qalan yaşıl ağaclar illərdir baxımsız və diqqətsiz şəkildə quruyur. Elə bil Xaçmazın yaşıllığı da bu məsuliyyətsizliyin girovuna çevrilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələyə münasibəti isə səssiz və şəffafdır – şəffaf o qədər ki, heç görünmür.
Tikinti deyil, "Tikinti oyunu" – məsuliyyət kimindir?
"
DoğruXeber.az" olaraq sual edirik:
Bina kimə məxsusdur?
Tikintiyə niyə başlanıb və sonra niyə saxlanılıb?
Səki və yol infrastrukturu niyə bərpa olunmur?
Bu ərazi niyə 11 ildir zibilliyə çevrilib?
Və ən əsas sual: Niyə heç kim cavab vermir?
Siyasi məsuliyyət: Haradadır İcra Hakimiyyəti?
Xaçmaz rayon İcra Hakimiyyətinin bu məsələyə münasibəti tənqidlərə cavab verməyən, amma tədbirlərə baş vuran şəffaflıqdan ibarətdir. Sanki sakinlər hər gün bu ərazidən keçəndə “göz yummağa öyrəşiblər”, çünki aidiyyəti şəxslər artıq 11 ildir gözlərini bağlayıb.
Əgər bu ərazi hansısa sahibkara verilibsə və bu sahibkar illərlə şəhərin mərkəzində belə bir vəziyyəti “hədiyyə” edib, bəs dövlət orqanları hara baxır? Əgər cavab “investisiya planı gecikir”dirsə, o zaman bu plan da zibilliyə atılsın, heç olmasa ətrafı təmizləyin.
Sakinlərin səbrinin də tarixi var...
Sakinlər artıq tikintinin bitməsini gözləmir. Onlar sadəcə artıq ümidlərini də hasar içində basdırıblar. Hər gün zibillik, narahat yol, təhlükəli səki və dağılmış təbiət mənzərəsi ilə qarşılaşırlar. Ən azı bu insanların səbrinə bir hörmət əlaməti olaraq, məsələ ictimai gündəmdə saxlanmalıdır.
"
DoğruXeber.az" xəbər verir:
“Əgər bir ərazidə 11 ildir eyni problemlər təkrar-təkrar yaşanırsa, bu artıq problem deyil, SİYASİ QƏSTdir!”
Hesab edirik ki, aidiyyəti qurumlar dərhal bu ərazinin vəziyyəti ilə bağlı ictimai hesabat verməlidir.
Tikintiyə cavabdeh olan şəxslərin kimliyi açıqlanmalı;
Yol və səki infrastrukturu bərpa olunmalı;
Ətraf mühit qorunsun, zibil və təhlükəli elementlər təmizlənməli;
Və nəhayət: Xaçmaz şəhəri sakinlərinə layiq olan diqqət göstərilməlidir.
Çünki bu xalq “hasarlanmış vədlərlə” yox, yerinə yetirilmiş məsuliyyətlə yaşamağa layiqdir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az