Qazaxda təhsil rəzaləti: Rəcəb Babaşov məhkəmə və təhsil sisteminə hökm edir – VİDEO


Qazax rayonunun Hüseynbəyli kənd sakinləri icra başçısı Rəcəb Babaşova və rayon məhkəməsinə həddindən artıq qəzəblidirlər…
Poliqon xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoçarxda bildirilir ki, Qazax rayon icra başçısı Rəcəb Babaşov ötən il Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlikdən uzaqlaşdırılan müəlliməni yenidən işinə bərpa edib. Məlumatda qeyd olunur ki, ötən il Qazax rayon Hüseynbəyli kənd tam orta məktəbinin müəlliməsi açıq-saçıq şəkillərini öz şagirdinin telefonuna göndərib və valideynlərin şikayəti üzərindən Elm və Təhsil Nazirliyi də müəllimənin tədrisdən və pedoqoji fəaliyyətdən uzaqlaşdırılması barədə qərar verib.
Məlumatda qeyd edilir ki, Hüseynbəyli kənd sakinləri əmindirlər ki, Rəcəb Babaşov bu addımı təmənnasız atmayıb və icra başçısının təhsil sektoruna bu şəkildə müdaxiləsini tamamilə qanunsuzdur. Çünki tədrisdən uzaqlaşdırılan müəllimə Qazax Rayon Sosial İqtisad kollecinin direktoru Elşad Quliyevin yaxınıdır və öz növbəsində Elşad Quliyev də Qazaxda Rəcəb Babaşovun dostu və yaxın adamı kimi tanınır.

Qeyd edək ki, Poliqon məsələnin təhsil sektoru və cəmiyyətimiz üçün sosial aktuallığını nəzərə alaraq, yayılan məlumatlarla bağlı Elm və Təhsil Nazirliyinə və Qazax rayon İcra hakimiyyətinə sorğu ilə müraciət edib. Qazax rayon İcra hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki müəllimlərin işə qəbulu və işdən azad edilməsi rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də İcra Hakimiyyəti A.Əliyev adına Qazax rayon Hüseynbəyli kənd tam orta məktəbin müəlliminin işdən çıxarılması və işinə bərpa olunması məsələsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etməyimiz tövsiyə edib.
Qeyd edək ki, sorğumuza cavabında Qazax rayon İcra hakimiyyəti videoçarxda səsləndirilən iddiaları, o cümlədən qalmaqalda icra başçısı Rəcəb Babaşovun oynadığı hər hansı bir rolu şərh etməyib. Elm və Təhsil Nazirliyindən isə bizə bildiriblər ki, məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət edək. Öz növbəsində etik qaydaları pozduğuna görə işdən azad edilən müəlimənin yeni tədris ilində işə bərpa olunmasını nə təsdiq, nə də təkzib edən Regional İdarə iddiaları araşdırılacağını və bizi məlumatlandıracağını qeyd etdilər.
Nəhayət bir gün sonra Qazax-Tovuz Regional Təhsil İdarəsindən sorğumuza aşağıdakı cavab verildi: “Bildiririk ki, Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini M. T. A qızı (bu inisal şərtidir və Regional İdarənin cavab məktubunda adı keçən müəllimənin adı, soy adı qeyd olunsa da, biz onu dərc etməyi etik bilmirik) ilə bağlanmış əmək müqaviləsinə 04 oktyabr 2023-cü il tarixində vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Bununla bağlı M. T. məkəməyə müraciət edib. Qazax rayon məhkəməsinin qətnaməsinə əsasən o, Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və müəllimi olaraq işə bərpa edilib”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi işdən çıxarılmanın ən riskli və nəticəsinin də olduqca ağır olduğu bir maddədir. Çünki Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsidir ki, bu da işçinin sonradan həmin vəzifədə və ya peşədə çalışmasını imkansız edir.
Maraqlıdır ki, ortada açıq sübutların olmasına baxmayaraq, Qazax rayon məhkəməsi bütün hüquqi prosedurları və mənəvi dəyərləri bir kənara ataraq öz az yaşlı şagirdinə qarşı faktiki olaraq pedoqoqa yaraşmayan hərəkətə yol verən bir müəlliməni işinə bərpa edib və sözü gedən müəllimə hazırda Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və müəllimi olaraq çalışmaqddadır.
Qeyd edək ki, biz bu məsələ ilə bağlı biz e-mehkeme.gov.az saytında Qazax rayon məhkəməsinin qərarını tapa bilmədik. Sonradan öyrəndik ki, qərar məhz iddaçının istəyi üzrə gizli saxlanılıb. Açığı bildirək ki, Qazax rayon məhkəməsinin bu qərarı əslində Azərbaycanda həm hüquqi qaydaları, həm də təhsildə və ailədə əxlaqi dəyərlərini açıq şəkildə təhlükə altına qoyur və belə hüquqi insidentlər bötövlükdə Azərbaycan cəmiyyətinə və təhsilinə ağır zərbə vurur.
Xatırladaq ki, Hüseynbəyli kənd sakinləri sözü gedən şəkilləri redaksiyamıza təqdim edib və bu şəkillər həqiqətən də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müəlliməni işdən azad etməklə çox doğru qərar verdiyini göstərir. Lakin “dəvədən böyük fil olduğu” üçün son nəticədə hüququn bu şəkildə çeynənilməsi sözü keçən müəlliməminin Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və müəllimi olaraq çalışmasını təmin edib.
Hüseynbəyli kənd sakinləri isə iddia edirlər ki, müəllimənin işə bərpa olunmasında Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun birbaşa iştirakı olub.  Hər bir halda qalmaqallı məhkəmə qərarı ilə bağlı Qazax rayon məhkəməsindən normal bir açıqlama gözləyirik…
Tarix: 24-09-2024, 16:07
Xəbəri paylaş



Xəbər lenti