AŞ PA-dakı qətnamənin qəbulunda xarici faktorların təsiri də hiss olunur
"Gürcüstan bu yolla həm Qərbin, həm də Rusiyanın maraqlarına xidmət etmiş oldu"Avropa Şurası Parlament Assambleyasında Gürcüstanı təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə “erməni əsirlərinin” qaytarılması ilə bağlı erməni deputatlar tərəfindən təqdim olunan qətnamə layihəsinə səs veriblər. Ekspertlərin fikrincə, məsələyə sadəcə bir qrup deputatın fərdi mövqeyi kimi yanaşmaq doğru sayılmaz. Əslində isə bu addım rəsmi Tiflisin mövqeyidir. Gürcüstanın Azərbaycana qarşı bu cür davranışı erməni himayəçisi olan Qərb dövlətləri tərəfindən stimullaşdırılan bir hərəkətdir.
Amma dərindən təhlil etsək, bu davranışın qonşu dövlətin öz maraqlarına da uyğun gəlmədiyini görərik. Çünki Gürcüstanın həyat yolu kimi baxdığı Türkiyə və Azərbaycan kimi dövlətlərin dəstəyini itirməsinin hansı nəticələr doğuracağı ciddi izahat tələb etmir. Bir sözlə, rəsmi Gürcüstan qonşuya yaraşmayan davranış sərgiləyib. Azərbaycana qarşı AŞ PA-dakı təmsilçiləri ermənilərlə birlikdə xüsusi canfəşanlıq göstərib. Habelə qardaş Türkiyə üçün həssas mövzu olan Ağrı dağı məsələsində sayğısızlıq nümayiş etdirib. Həm də dəfələrlə bu cür davranışlara rəvac verib.
Qonşu ölkənin təəssüf doğuran addımını “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, AŞ PA sessiyasında Gürcüstan nümayəndə heyətinin tam tərkibdə qətnaməyə səs verməsi dövlətlərarası münasibətlərə xələl gətirən hadisədir. Politoloqun sözlərinə görə, Gürcüstan parlamentarilərinin bu qətnaməni dəstəkləməsi şübhəsiz ki, siyasi hakimiyyətin göstərişidir:
“Bu qətnamənin qəbulunda xarici faktorların təsiri də hiss olunur. Gürcüstan bu yolla həm Qərbin, həm də Rusiyanın maraqlarına xidmət etmiş oldu.
Prezident Salome Zurabişvilinin Ermənistan prezidentini qəbul edərkən onun cızma-qara etdiyi Ağrıdağ şəklini paylaşması Türkiyəyə qarşı ərazi iddiası kimi başa düşülməlidir”.
Partiya rəsmisinin sözlərinə görə, hər iki davranış Azərbaycan və Türkiyə ilə səmimi qonşuluq prinsiplərinə ziddir və çox qıcıqlandırıcı bir hərəkətdir:
“Bu qərar iki dövlət arasında münasibətlərə ciddi təsir etmir. Lakin ikili əlaqələrin daha da inkişaf etdirilməsinin qarşısı alınmalıdır. Bundan ötrü Azərbaycanın kifayət qədər təsir imkanları və manevrləri mövcuddur. Unutmayaq ki, Gürcüstanın Cənubi Osetiya və Abxaziya kimi ciddi ərazi problemləri var. Gələcəkdə siyasi qərarlar zamanı bunu nəzərə almalıyıq. Qonşu ölkənin quru yolla dünyaya çıxışı Azərbaycan və Türkiyə ərazisi ilə mümükündür. Gürcüstanın Azərbaycandan enerji asılılığı var. Avropaya yeni qaz xəttinin çəkilişi layihələrində İran və Ermənistan variantlarına baxmalıyıq və bu barədə niyyətimizi bildirməliyik. Həmçinin, Gürcüstanın türk və müsəlman əhalisi ilə daha sıx əməkdaşlıq etməliyik. Çox təəssüf ki, İran bu istiqamətdə bizdən daha fəal görünür”.
Tarix: 24-04-2021, 11:14