İcra başçısı qadın sahibkara təzyiq edir – Prezidentə şikayət


Cənub Turizm” İstirahət Mərkəzinin sahibi Zərintac İsmayılova Lerikin icra başçısı Rövşən Bağırovun təzyiqlərilə üzləşib. Bu barədə REPORTYOR.info-ya sahibkarın özü bildirib. Onun sözlərinə görə, 12 ildir ki, “Cənub Turizm” İstirahət Mərkəzinin rəhbəridir. Bu müddət ərzində dəfələrlə Rövşən Bağırovun təziyiq və təhdidlərinə tuş gəlib. “Rövşən Bağırov mülkümü əlimdən almaq üçün mənə təzyiqlər edir. 12 ildir ki, sahibi olduğum”Cənub Turizm” İstirahət Mərkəzi fəaliyyət göstərir. Bir dəfə Rövşən Bağırov oranı dağıdıb.
Baxmayaraq ki, orada hər hansı qanunsuzluğa yol verilməyib. Bu, hətta məhkəmə qərarı ilə təsdiqlənib. Amma Rövşən Bağırov üçün dövlət qanunları əsas deyil. Onun öz qanunları və qaydaları var”, – deyə Zərintac İsmayılov bildirib.
Sahibkar qeyd edib ki, bu yaxınlarda yenidən tikintiyə başlayıb. Bundan xəbər tutan icra başçısı öyrədilmiş adamları Zərintac İsmayılovun üstünə göndərib: “Məni təxribata çəkirlər. Məqsəd yalnız tikintinin qarşısını almaq deyil. Həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqaviləmin ləğv olunmasına nail olmaq idi. Artıq buna nail olublar. Rövşən Bağırov Meşələrin İnkişafı Departamentinin rəhbəri Namiq Xıdırovla birləşərk müqaviləni ləğv ediblər. Əsas kimi icra başçısının müavini Habil Məlikovun hazırladığı qondarma aktı götürüblər”.
Sahibkar daha sonra bildirib ki, Rövşən Bağırovun məqsədi onun mülkünü əlindən alaraq öz biznes imperiyasına qatmaqdır. “Rövşən Bağırov demək olar ki, bütün Leriki özəlləşdirib. İndi də mənim mülkümə göz dikib. Yerli qurumlara etdiyim şikayətin heç bir nəticəsi olmadığına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə müraciət edirəm. Bu məsələni araşdırsınlar. Ümumiyyətlə, Rövşən Bağırovun fəaliyyətinə diqqət ayırsınlar. Onun qardaşı “Cavanşir” MMC adlı şirkət yaratmışdı. Həmin şirkət vasitəsilə Lerikin abadlığı üçün ayrılan 28 milyon manat dövlət vəsaiti mənimsənilib. İndi həmin şirkətin fəaliyyəti dayandırılıb. Maliyyə Nazirliyi yoxlama apardı, amma nəticəsiz qaldı. Xahiş edirəm ki, bu məsələ də araşdırılsın”, – deyə sahibkar vurğulayıb.
Qeyd edək ki, Rövşən Bağırov 14 ildir Lerikin icra başçısıdır. İnternet resursları onun barəsində neqativ materiallarla zəngindir.
Tarix: 17-04-2021, 17:26
Xəbəri paylaş



Xəbər lenti