İlisuda ilin təqribən 6-7 ayı qarlı, şaxtalı keçir. Bu kəndə qış digər yaşayış məntəqələrindən daha tez gəlir. Hər il oktyabr-noyabr aylarında İlisuya ilk qar yağır. Bu il isə mart ayında yağan güclü qar kənd sakinləri üçün o qədər də gözlənilən olmayıb. "Report"un Şimal-qərb bürosu Qax rayonunun ən ucqar yaşayış məntəqələrindən biri olan İlisu kəndindən videoreportaj hazırlayıb. Qarın qalınlığı İlisu kəndində 25-30 santimetrə çatır. Ölkə üzrə isə ən çox qar yenə də Qax rayonunun payına düşüb. Rayonun ən ucqar, ölkənin isə üç ən ucqar kəndindən biri olan Sarıbaş kəndində qarın qalınlığı 42 santimetr təşkil edir. Yağıntı ilə əlaqədar dağ kəndlərinə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində problemlərin yaşanmaması üçün ağır texnikalar vasitəsilə yollar qardan təmizlənib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Report"un bölgə müxbirinə bildirilib ki, Qax-İlisu, Qax-Qaşqaçay-Armudlu, Qax-Ağçay, Qax-Şəki, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarının hərəkət zolaqları qardan təmizlənərək avtomobillərin hərəkəti təmin olunub. Qeyd edək ki, hazırda İlisu, Sarıbaş və Ağçay kəndlərində qar yağmaqda davam edir.