Mingəçevir Bələdiyyəsindən utancverici hesabat


20 Yanvarda şəhidlərin məzarlarına gül dəstələri qoyulması hesabatda xüsusi bənd kimi qeyd olunub
Şəhidlərin yol kənarında, suyun, palçığın içində dəfn edildiyi ölkədə bəlkə də buna təəccübləməməliyik
Bir neçə gündür ölkə gündəmini şəhid ailələrinin övladlarının, yaxınlarının Qaradağ rayonu ərazisində yol kənarında, suyun, palçığın içində dəfn edilməsinə etiraz etməsi xəbəri zəbt edib. Doğmaları haqlı olaraq şəhidlərin İkinci Fəxri Xiyabanda dəfn olunmasını tələb edirlər. Lakin günlərdir fəryad edən şəhid ailələrinin səsini aidiyyəti qurumlar eşitməməzliyə vururlar.
Şəhid adına hörmətsizliklə, minnətlə bağlı xoşagəlməz bir olay da Mingəçevirdə yaşanıb.
Ötəh həftə Mingəçevir Bələdiyyəsi 2020-ci ildəki fəaliyyəti barədə hesabat verib. Sədrin və heyətin yeni olmasına baxmayaraq hesabat əvvəlkilərdən yaxşı mənada heç nə ilə fərqlənməyib. Bələdiyyə bunu ötən il dünyanı cənginə almış və hələ də davam edən pandemiyayla (COVİD-19), eləcə də 44 günlük Vətən müharibəsiylə izah etməyə çalışıb. Hesabatda bütün dövlət strukturlarının, o cümlədən bələdiyyələrin fəaliyyətində məhdudiyyətlərin tətbiq edilməsi, bunun da il ərzində görülməsi nəzərdə tutulmuş işlərə mənfi təsir göstərdiyi və bir sıra layihələrin yerinə yetirilməmiş qaldığı xüsusi vurğulanıb.
Ümumiyyətlə, fəaliyyətsiz bir qurum kimi gözünü ildə bir dəfə dövlət büdcəsindən ayrılan dotasiyaya dikmiş (yeri gəlmişkən, 2020-ci ildə həmin məbləğ 40000 manat təşkil edib) bələdiyyənin seçicilər üçün heç bir əhəmiyyət kəsb etməyən quru rəqəmlərdən ibarət hesabatının (Təsəvvür edin ki, 120 mindən artıq əhalisi olan şəhərdə Bələdiyyə iclasının qərarı ilə il ərzində cəmi 10 nəfərin (?) mülkiyyətinə fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilib – A.) üzərindən sükutla keçmək olardı. Lakin..
Hesabatın “TƏDBİRLƏR” bölümündə diqqətimizi bu sözlər cəlb etdi. Sitat: “Hesabat dövründə bələdiyyə tərəfindən bir sıra tədbirlər həyata keçirilib. 20 Yanvar – Hüzn günündə Şəhidlər Xiyabanındakı 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə və şəhidlərin məzarlarına gül dəstələri qoyulub”.
Təsəvvür edin, Mingəçevir Bələdiyyəsi torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını belə qurban vermiş şəhid(lər)in ailəsini sanki evlə, torpaq sahəsiylə, işlə təmin edibmiş, yaxud şəhid övladının təhsil haqqını ödəməyi öz öhdəsinə götürübmüş kimi utanmaz-utanmaz onların məzalarına gül dəstələri qoymağı az qala fövqəladə bir hadisə, minnət kimi öz hesabatına daxil edib.
Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.

Azər
Tarix: 28-01-2021, 22:07
Xəbəri paylaş



Xəbər lenti