
“Gözlənildiyi kimi, Moskva və Pekin Tehran rejiminin çöküşünü və ABŞ-ın bölgədə təsirini artırmasını istəmirlər. Lakin Vaşinqtonu dayandırmaq niyyətində deyillər”.
Bunu ERAmedia-ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Rusiya və Çin İrana hərbi yardım göstərmək istəmir.
“Keçən il ABŞ və İsrailin İrana qarşı apardığı 12 günlük əməliyyat zamanı da Rusiya və Çin passiv mövqedə qaldılar. Təsadüfi deyil ki, İran Prezidenti Məsud Pezeşkian həmin müharibədən sonra Rusiya və Çinin adını çəkmədən dedi ki, ‘tərəfdaşlarımız bizə dəstək vermədilər’. Bu, açıq şəkildə Moskva və Pekini nəzərdə tutur”, – deyə Şahinoğlu vurğulayıb.
O qeyd edib ki, İranın başqa ciddi tərəfdaşı yoxdur və bu, Tehran üçün ciddi problem yaradır.
E.Şahinoğlu həmçinin Rusiya prezidenti Vladimir Putinin əvvəlcədən Tehranı xəbərdar etdiyini xatırladıb ki, Moskva müharibə zamanı İranı dəstəkləməyəcək.
Siyasi şərhçi vurğulayıb ki, Çinlə İran arasında 2021-ci ildə imzalanan 25 illik saziş də hazırda kağız üzərində qalıb:
“Sazişə görə, Çin 400 milyard dollar civarında yatırım qoymalı idi. Lakin Pekin buna tələsmədi, çünki İran uranın zənginləşdirmə siyasətini davam etdirdikcə müharibə riski azalmayacaq. Çin belə riskli ölkəyə yatırım qoymaq istəmir”.
Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ və İsrailin əməliyyatları zamanı İranın Rusiyadan aldığı hava müdafiə sistemləri işə yaramayıb və ABŞ təyyarələri İran hava məkanında sərbəst hərəkət edə bilirlər. Buna baxmayaraq, İran raketlərlə İsrail və Körfəz ölkələrindəki ABŞ bazalarına zərbələr endirir ki, bu da Çini narahat edir: “Çin həm İran, həm də Körfəz ölkələrindən enerji alır. İranın müharibəni qloballaşdırmaq cəhdi Pekinin enerji təhlükəsizliyinə təsir göstərir. Hörmüz boğazının bağlanması təşəbbüsləri də Pekin üçün ciddi narahatlıq yaradır”.
Şahinoğlu bildirib ki, belə vəziyyətdə İran yalnız öz resurslarına əsaslanmalı olur, lakin məhdud hərbi imkanlar bu ölkənin ABŞ və İsrailə qarşı müharibəni uzun müddət davam etdirməsinə yetməyə bilər.