TACİKİSTAN UĞRUNDA SAVAŞ - Çin və Hindistanla yanaşı, İran da Rusiyadan “boşanan” bu ölkəyə göz qoyub...


TACİKİSTAN UĞRUNDA SAVAŞ - Çin və Hindistanla yanaşı, İran da Rusiyadan “boşanan” bu ölkəyə göz qoyub...

Hindistan və Çin arasında “dünyanın emalatxanası” olmaq uğrunda gedən qlobal rəqabət yaxın illərdə yeni müstəviyə keçə bilər. Belə ki, hazırda Çin daha yaxşı "başlanğıc mövqeyinə" malikdir, lakin Hindistan bir çox göstəricilərdə bu ölkəyə "yetişir və üstələyir". Ən vacib resurs demoqrafik faktordur. Çində “öləziyən” çox şey artıq Hindistanda var. Elə əhali sayına görə də Hindistan Çini qabaqlayır.

Aparıcı dünya bazarlarına çıxışın asılı olduğu əsas nəqliyyat və tranzit kommunikasiyaları üzərində Çin və Hindistan arasında istər-istəməz rəqabət olacaq. Həm Hindistan, həm də Çin Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə ərsəyə gələn Orta Dəhlizin istiqamət götürdüyü Avropa bazarına maraq göstərir. Məlum olduğu kimi, Hindistan Avropaya “öz dəhliz şəbəkəsi”ni yaratmaq istəyir ki, onlardan biri də İran-Ermənistan-Gürcüstan-Qara dənizdən keçir. Bu dəhlizi erməni lobbisi və Fransa fəal şəkildə lobbiləşdirir. Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçən başqa bir “Hindistan” dəhlizinə isə ABŞ lobbiçilik və “stavka” edir.

Bu baxımdan, trans-Avrasiya dəhlizlərinin yolunun üstünə qeyri-sabit “dövlətciklər” şəklində “saatlı bombalar” çoxdan qoyulub. Onlardan biri hamıya məlumdur - bu, son dərəcə aqressiv millətçi ideologiyası və qonşularının ərazisinə iddiası olan Ermənistandır. Avrasiyanın əsas nöqtəsində yerləşən ikinci, heç də az əhəmiyyətli olmayan dövlət Tacikistandır. Maraq doğuran nüans budur ki, 1924-cü ilə qədər Tacikistan adlı dövlət olmayıb. Bu ad altında inzibati qurum ilk dəfə 1924-cü ilin oktyabrında Özbəkistan SSR tərkibində muxtar respublika kimi yaranıb. 1929-cu ildə onun statusu ittifaq respublikası səviyyəsinə qaldırılıb.

Göründüyü kimi, əhalisinin demək olar ki, yarısının əslən türkdilli özbəklərdən ibarət olduğu farsdilli Tacikistanın yaradılması ingilislərin öz mülklərində və öz nüfuz dairəsində olan ölkələrdə başladığı “ariləşmə” kampaniyası ilə paralel baş verib. Təsadüfi deyil ki, Tacikistan SSRİ də “sıfırdan” yarananda İranda ingilislərin köməyi ilə 1925-ci ildə türk Qacarlar sülaləsi aradan qaldırılaraq, ölkənin farslaşdırılması və türklüyə aid hər şeyin sıxışdırılması kursunun götürülməsi ilə Pəhləvi sülaləsi hakimiyyətə gətirildi.

5 türk respublikasının və bir çox türk muxtariyyətlərinin mövcud olduğu SSRİ-də belə siyasət yürütmək istiqamətində tam kurs götürməsələr də, lakin onlar yenə də birincilərin “qədimliyini və mədəniyyətini” vurğulayaraq, “ariləri” türklərə qarşı qoymağa başladılar.

Amma maraqlıdır ki, sovet lideri İosif Stalin 1941-ci il aprelin 22-də Kremldə Tacikistan incəsənəti ongünlüyünün iştirakçıları üçün keçirilən qəbuldakı çıxışında “tacikləri göylərə qaldırıb”.

"Taciklər haqqında bir neçə kəlmə demək istəyirəm. Taciklər xüsusi xalqdır. Bunlar özbək deyil, qazax deyil, qırğız deyil, bunlar taciklərdir, Orta Asiyanın ən qədim xalqıdır. Tacik tac daşıyıcısı deməkdir, iranlılar onları belə adlandırırdılar və taciklər bu adı doğrultdular. SSRİ ərazisindəki bütün qeyri-rus müsəlman xalqları arasında taciklər yeganə qeyri-türk, iranlı xalqdır.Taciklər o xalqdır ki, onların ziyalıları Firdovsini yetişdirib və əbəs deyil ki, taciklər öz mədəni ənənələrini ondan götürürlər. Siz onillik ərzində hiss etməlisiniz ki, onlar - taciklər daha incə bədii duyuma, qədim mədəniyyətə və xüsusi sənətkarlığa malikdirlər. Zövq musiqidə, mahnıda və rəqsdə təzahür edir”, - deyə İosif Stalin bəlağətli çıxışı ilə tarixə düşüb.

“Ari” Ermənistanın Azərbaycana qarşı təcavüzü hamıya məlumdur. Lakin 90-cı illərin əvvəllərində postsovet məkanında ən qanlı vətəndaş müharibəsi başlayanda Tacikistan da Mərkəzi Asiyada “qaynar nöqtə”yə çevrildi. Sonra Rusiya Tacikistanı öz təsir dairəsində saxlaya bildi. Amma bu gün zəifləmiş Rusiyanın Tacikistanı “itirəcəyi” ehtimalı yüksəkdir. Eynilə digər “ari layihəsi” Ermənistan kimi.

Paşinyan indi Rusiyanın əvəzinə Fransa, İran və Hindistanı Ermənistana “dəvət edir”. Həmin İranın Tacikistanda maraqları var. Lakin onun bu ölkədə genişlənməsi ən gözlənilməz dairələrin müqaviməti ilə üzləşə bilər.

Çin yaxşı başa düşür ki, “ari keçmişi”ni vurğulayan dövlət ideologiyasının hakim olduğu “dünya emalatxanası” Hindistan Pekinin Avropaya tranzit yollarını kəsmək üçün “ari genetikasına əsaslanan dövlət layihələrindən” yaxşı istifadə edə bilər. Ona görə də geosiyasi vəziyyətin inkişaf məntiqi Çini Tacikistan istiqamətində genişlənməyə məcbur edə bilər. Və son vaxtlara qədər ÇXR üçün xarakterik olmayan hərbi genişlənmə kimi.

Bəzi ekspertlər hesab edir ki, Rusiyanın Mərkəzi Asiyadan çıxması fonunda Çin nəinki Mərkəzi Asiya ölkələri ilə hərbi əməkdaşlığı intensivləşdirməyə, həm də regionda öz hərbi bazalarını yerləşdirməyə məcbur olacaq. Və bunu məhz Orta Dəhliz tranzit marşrutunu bütün təhlükələrdən qorumaq üçün edəcək.

Çinin Mərkəzi Asiyadakı hərbi bazaları “Bir kəmər, bir yol”un fasiləsiz fəaliyyətini və marşrutun güzərgahı üzərində yerləşən dövlətlərin sabitliyini təmin edəcək. Həmçinin, Çinə İranla, ərəb ölkələri ilə quru “körpüsü” yaratmağa imkan verəcək. Bu “körpü” vasitəsilə Yaxın Şərqin enerji resursları da daxil olmaqla geniş çeşiddə mallar tədarük ediləcək. Birləşmiş Ştatlar bu “körpü”nü məhv edə bilməyəcək. Çinin Mərkəzi Asiya regionunda hərbi baza açmasına səbəb ola biləcək hərbi sahədə intensiv əməkdaşlıq regionun hərbi və iqtisadi cəhətdən ən zəif ölkəsi Tacikistandan başlayıb. Hansı ki, Tacikistan Əfqanıstanla ən uzun sərhədə malikdir.

Çin hərbi bazalarının regionun digər ölkələrində yerləşdirilməsi də nəzəri cəhətdən mümkündür. Çin hərbi obyektlərinin Mərkəzi Asiya ölkələrində yerləşdirilməsinin sürəti və qaydası həm ümumi geosiyasi vəziyyət, həm də hər bir konkret ölkənin Çindən iqtisadi asılılıq dərəcəsi ilə nizamlanacaq. Təbii ki, bu asılılıq nə qədər yüksək olsa, Pekinə bu və ya digər ölkədə hərbi bazalar yaratmaq bir o qədər asan olacaq. Ola bilsin ki, Tacikistanın ardınca Qırğızıstan, daha sonra Türkmənistan və Özbəkistan gələcək. Çin bazasının ölkəyə yerləşdirilməsinə nəzəri cəhətdən razılıq verə biləcək sonuncu şəxs Qazaxıstan olacaq. Amma işlər buna qədər gəlməyə də bilər. Qazaxıstan öz ərazisindən geosiyasi qarşıdurma üçün istifadə olunmasında maraqlı deyil.

Həmçinin, çox güman ki, ABŞ və Hindistan bacardıqca Çinin bu genişlənməsinə mane olacaqlar. ABŞ-ın Əfqanıstandan çıxarılmasından sonra bu geosiyasi qüvvələrin regiona birbaşa çıxışı olmadığı üçün İrandan “qaranlıqdakı maşa” kimi istifadə etmək tamamilə mümkündür.

İran ABŞ-la “rəsmi düşmənçiliyinə” baxmayaraq, Çinin Mərkəzi Asiya regionuna genişlənməsinə də qarşı çıxa bilər. Üstəlik, Tehranla Vaşinqton arasındakı bu “düşmənçilik” praktiki olaraq Ermənistanın ABŞ-ın nəzarətinə keçməsinə mane olmur. Lakin Paşinyan hökumətinin “Aİ və NATO-ya daxil olmaq” istəyinə baxmayaraq, İrəvan Tehrandan “qırılmağı” da düşünmür.

Ona görə də İran Çinin Mərkəzi Asiyadakı təsirini “neytrallaşdırmaq” üçün ABŞ-ın gizli razılığı ilə Tacikistana “daxil ola” bilər. Necə ki, məsələn, ABŞ İranın Səddam Hüseyn üzərində qələbəsinin bəhrələrindən, eləcə də ABŞ-ın iştirakı ilə Suriyada baş verən vətəndaş müharibəsinin nəticələrindən istifadə etməsinə “göz yumdu”. Böyük ehtimalla İran Mərkəzi Asiyada Əfqanıstanın şimalından keçərək Tacikistana hərbi ekspansiyasına ABŞ və Hindistandan üstüörtülü dəstək var. Nəhayət, hər şey Çin və Hindistan arasında qarşıdurma ilə nəticələnə bilər ki, buna əvvəlcədən yaradılmış “Ari layihələri” də qoşulacaq. Məhz bu “Ari layihələri” gələcəkdə tranzit kommunikasiyalarında saat bombasına çevriləcək.

Bu cür mürəkkəb geosiyasi kombnasiyalar Ermənistanla Tacikistanın daxil olduğu “Ari qövsü” boyunca yeni müharibələr və münaqişələrə “hamilədir”. Və qarşıda Tacikistan uğrunda ciddi mübarizə gözlənilir. Necə ki, hal-hazırda Ermənistan uğrunda bu mübarizə gedir. Bu ölkənin özündə terrorçu qrupların olması ehtimalı vəziyyəti daha da gərginləşdirir.

 

Ülviyyə ŞÜKÜROVA

Tarix: 8-04-2024, 23:02
Xəbəri paylaş



Xəbər lenti