Ekspert: “Bu yolun Rusiyanın maliyyəsi ilə açılması o deməkdir ki, Ermənistanın Moskvadan asılılığı bir qədər də artacaq”
Ermənistan mediası iddia edir ki, Gorus-Qafan yolu ilə bağlı ümumi rəyə gəlinmədiyindən, Rusiyanın maliyyə resursları hesabına alternativ Tatev-Qafan yolunun inşası barədə Moskva ilə razılıq əldə olunub.Bu yol İrandan gələn böyük yük maşınlarının keçməsini təmin edəcək. Maraqlısı budur ki, İranla Ermənistanın istifadə edəcəyi yolu Rusiyanın maliyyələşdirəcəyi iddia olunur. Ola bilsin ki, söhbət Ermənistana tikinti üçün veriləcək kreditdən gedir.
İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri son günlər Gorus-Qafan yolunda yaranmış gərgin vəziyyətlə bağlı jurnalistlərə açıqlama verib.(“Bakı-xəbər”)
Səfir sözügedən ərazinin Azərbaycana məxsus olduğunu etiraf edib: “Sovet İttifaqının xəritələrinə əsasən, Ermənistandakı Gorus-Qafan yolunun iki hissəsi Azərbaycana məxsusdur. Lakin demarkasiya prosesi başlamazdan əvvəl, nəqliyyat vasitələrinin sərhədi keçməsinə icazə verilməsi razılaşdırılmışdı. İndi isə gördüyünüz kimi, bir neçə gündür Gorus-Qafan yolunun bəzi hissələrində Azərbaycan polisi və sərhədçiləri İran mallarını Ermənistana aparan sürücüləri saxlayır və onlardan müəyyən miqdarda gömrük rüsumu tuturlar. Azərbaycan xarici nəqliyyat vasitələrinin giriş və çıxışı üçün yol vergisi alır”.
Səfirin sözlərinə görə, səfirlik də daxil olmaqla, İran tərəfi problemin həlli üçün səy göstərir. Bununla belə, səfir alternativ yolun inşa ediləcəyini deyib: “Ona qədər isə Ermənistan hökumətinin Sünikdə (Zəngəzur) alternativ bir yol inşa edəcəyini gözləyirik. Bu, Tatev yolu ilə bağlıdır. İranlı sürücülər isə bu şəkildə təhlükəsiz və etibarlı şəraitdə yük daşıyacaqlar”.
Burada sual meydana gəlir ki, həmin yolun açılması realdırmı və bununla Ermənistan problemini həll etmiş olacaqmı?İqtisadçı professor, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmir: “Mehri yolunun açılması şərtlərdən biridir. Laçın dəhlizi ilə bağlı şərtə Azərbaycan əməl etdi və edir. Lakin Ermənistan Mehri dəhlizinin açılması şərtinə hələ də əməl etmir. Deməli, müqavilənin şərtləri Ermənistan tərəfindən pozulub. Azərbaycan da çox haqlı olaraq Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə nəzarəti ələ alıb. Ermənistan üzərinə götürdüyü şərtlərə əməl edib Azərbaycanla kommunikasiyaları işə salmaq əvəzinə yenə də yanlış addıma gedir. Əvvəla, Rusiya tərəfindən belə bir yolun çəkilməsi çıxış yolu deyil. İkincisi, həmin yolun inşasına uzun müddət lazımdır. Tatev-Qafan yolunun açılması mümkündür. Ancaq bu yolun Rusiyanın maliyyəsi ilə açılması o deməkdir ki, Ermənistanın Moskvadan asılılığı bir qədər də artacaq. Rusiya Ermənistana özünün ərazisi, özünün vassalı kimi baxır. Ona görə də Rusiyanın öz vassalını bir qədər də asılı hala salmaq üçün yeni yol çəkməsi və ya yol çəkilişinə pul ayırması mümkündür. Rusiyanın ziyalı cameəsini isə bu addım narazı salacaq. Onlar Rusiya hakimiyyətinin Cənubi Qafqazdakı siyasətinə nifrət edir, Ermənistan kimi bir yükü çiyinlərində daşımasına qarşıdırlar. Açıq şəkildə deyirlər ki, bunun əvəzinə regionun daha vacib ölkələri olan Türkiyə və Azərbaycanla sıx münasibətlər qurulması daha vacibdir. Lakin bəllidir ki, Rusiya hakimiyyəti üçün cəmiyyətin, ziyalıların fikri əhəmiyyət daşımır. Ona görə də Rusiyanın Ermənistan üçün alternativ yol çəkməsi istisna deyil”.
Ekspertin sözlərinə görə, Ermənistanın bugünkü iqtisadi vəziyyəti yol çəkilişi üçün Rusiyadan böyük miqdarda kredit götürməyə imkan vermir: “Bu baxımdan hesab edirəm ki, Rusiyanın Ermənistana kredit adı altında pulsuz silahlar verdiyi kimi, yol üçün də vəsait ayırması mümkündür. Amma Ermənistan hökumətinin azacıq ağlı varsa, buna getməməlidir, Rusiyadan asılılığını daha da artıracaq addımı atmamalıdır. Ermənistan üçün ən məqbul yol Azərbaycanla və Türkiyə ilə kommunikasiyaları açmaq, əlaqələr qurmaq və mövcud olan yollardan istifadəyə nail olmaqdır. Ermənistan azacıq da olsa müstəqil ölkə kimi yaşamaq istəyirsə, çıxış yolu budur. Erməni xalqı, cəmiyyəti müəyyən mənada ayılıb və Rusiyadan asılılıqdan qurtulmaq, Qərbə üz tutmaq istəyir. Rusiyanın terrorçu Robert Köçəryanı hakimiyyətə gətirə bilməməsində məhz bu amil ciddi rolunu oynadı. İndi Nikol Paşinyan və onun hökuməti də azacıq praqmatikdirsə, erməni xalqının böyük əksəriyyətinin istəyinə uyğun davranmalı-Rusiyadan asılılığı artıran yox, azaldan variantların üzərində dayanmalıdır. Onsuz da bu gün Ermənistanda hər şey Rusiyaya aiddir. İrana yeni yolun da çəkilişi Rusiya tərəfindən həyata keçiriləcəksə, praktiki olaraq Ermənistan tamamilə asılı vəziyyətə düşəcək”.
Xəyal Bəşirov Siyasi və hüquqi strateji araşdırmalar mərkəzinin rəhbəri Xəyal Bəşirov da bildirdi ki, Ermənistanın və İranın Azərbaycanla dil tapmaq əvəzinə, alternativ yol çəkilişi variantları üzərində düşünmələri yanlışdır və xüsusilə Ermənistan üçün uğursuz cəhdlərdir: “Şübhəsiz ki, beynəlxalq hüququn şərtlərinə görə hər bir dövlət bu kimi məsələlərdə seçimi özü edir. Ermənistan o cür seçim edirsə, öz işidir. Azərbaycan regionda ”altılıq" formatında əməkdaşlıq təklif edib. Bu formata Ermənistan və İran da daxildir. Daha uzaq və geniş düşünüb məhz bu formatın reallaşması istiqamətində addımlar atmaq əvəzinə, daha cılız və kiçik planlarla məşğuldurlar. Ermənistanı bu plana həvəsləndirən İrandır. Yolun çəkilişinə də İranın dəstək verməsi gözləniləndir. Bu, Azərbaycanı öz suveren hüquqlarından çəkindirəsi deyil".
Ekspert vurğuladı ki, Ermənistan iqtisadiyyatı bərbad haldadır və çətin relyefli ərazidən yeni yol çəkmək bu ölkənin imkanları xaricindədir. Tatev-Qafan yolu çəkiləcəksə, deməli, bu yolun çəkilişi ya Rusiya, ya da İran tərəfindən həyata keçiriləcək: “Üçtərəfli bəyanata imza atan, Azərbaycan ərazisində sülhməramlı missiya həyata keçirən Rusiyanın Ermənistana bu yardımı göstərməsi qanunsuzdur və razılaşmalara, hüquqa zidd addımdır. Bununla bağlı hələ ki rəsmi mövqe yoxdur. Rəsmi mövqe olacağı halda, buna Azərbaycan tərəfinin də müvafiq rəsmi reaksiyası ortaya qoyulacaq. Alternativ yolun çəkilib-çəkilməməsindən asılı olmayaraq, Azərbaycan öz ərazilərinə daxil olan istənilən xarici nəqliyyat vasitələrinin yoxlanılmasını və müvafiq qaydada rüsum almasını həyata keçirəcək. Azərbaycan öz ərazisinə qanunsuz keçən xarici vətəndaşların avtomobillərinin sərbəst keçidinə göz yumalı deyil, yoxlama qanunauyğun olaraq aparılır və aparılacaq. Bu qayda Laçın dəhlizində də həyata keçiriləcək”.
Tarix: 24-09-2021, 13:05