ŞOK İDDİA: "Atlant" İstirahət Mərkəzində istirahət kabusa çevrildi?

"Real Azərbaycan"a "Atlant" İstirahət Mərkəzi ilə bağlı şikayət daxil olub.

Şikayətçinin sözlərinə görə, həftəsonunu istirahət mərkəzində keçirmək istəsə də, qarşılaşdığı mənzərə gözləntilərini doğrultmayıb.

Onun iddiasına əsasən, əvvəllər xidmət səviyyəsi ilə seçilən "Atlant" hazırda baxımsız vəziyyətdədir. Bildirilir ki, otaqlar köhnəlib, əsaslı təmirə ehtiyac duyur.

Şikayətçi hovuzların sanitar vəziyyətinin də qənaətbəxş olmadığını bildirərək qeyd edib:

"Hovuzlarda siqaret kötüyü, ağac yarpaqları, topa saç, salfet, tum qabığı və müxtəlif tullantılar var. Hovuza girəndə elə bil Xəzər dənizinə düşürsən. Suyun altında bir metr məsafəni belə görmək mümkün deyil. Bir sözlə, hovuzlar təmizlənmir."

İddialara görə, su attraksionlarının əksəriyyəti çirkli vəziyyətdədir və yalnız 1-2 sürüşkən işlədiyi üçün ziyarətçilər uzun növbələr gözləməli olurlar. Bundan əlavə, sürüşkənlərin günorta təxminən bir saat, axşam isə saat 17:00-17:30 radələrindən sonra fəaliyyətini dayandırdığı bildirilir.

Şikayətçi həmçinin bilyard masalarının köhnəldiyini, attraksionların böyük hissəsinin işləmədiyini, səhər yeməyinin isə keyfiyyət baxımından gözləntiləri qarşılamadığını qeyd edib.

Bununla yanaşı, istirahət mərkəzinin yaşıllıq ərazisi və ağaclarla əhatə olunması müsbət cəhət kimi qiymətləndirilib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün "Atlant" İstirahət Mərkəzi ilə əlaqə saxladıq. Bizə zəng edərək açıqlama verəcəklərini bildirsələr də, material dərc olunanadək hər hansı cavab təqdim edilməyib.

Qeyd: Yazıda yer alan məlumatlar şikayətçinin iddialarını əks etdirir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

https://realazerbaycan.az/az/article/915

Tarix: 1-08-2026, 21:19
Xəbəri paylaş



Xəbər lenti