Ermənilər Paşinyanı ağ yudu, qara sərdi: Rusiyaya sığındığı üçün


 
Paşinyandan növbəti hiyləgərlik: “Rusiya və Putin Ermənistanın təhlükəsizliyinin qarantıdır” 
 
 
"Rusiya Prezidenti Vladimir Putinin şəxsi iştirakı və aramızdakı etimad mühiti Rusiya-Ermənistan münasibətlərinin səmərəliliyinin artmasının qarantıdır".
 
Ovqat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ölkə parlamentindəki çıxışında belə deyib.
 
Baş nazir qeyd edib ki, "Rusiya prezidenti Vladimir Putinin Rusiya-Ermənistan münasibətlərinin inkişafında, bölgədə təhlükəsizliyin və sabitliyin təmin edilməsində, 44 günlük müharibənin sona çatmasında, erməni əsirlərin geri qaytarılmasında xüsusi rol oynayıb”
 
Onun sözlərinə görə, Rusiya ilə strateji ittifaq Ermənistanın təhlükəsizliyinin sütunlarından biridir. "Rusiya-Ermənistan dialoqunun yüksək səviyyədə daha da gücləndirilməsi və KTMT və Avrasiya İqtisadi İttifaqı da daxil olmaqla çoxtərəfli formatda əməkdaşlığın gücləndirilməsi üçün addımlar atılacaq", - deyə Paşinyan bildirib.
 
Paşinyanın bu sözləri erməni ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Hər halda bunu erməni publisist Tevos Arşakyan bildirib. Yazarın “ArmenianReport”da dərc olunan məqaləsində deyilir: “Paşinyanın bu sözləri cəmiyyətimizdə şok yaratdı. Sosial şəbəkələr qəzəbli şərhlərlə, Paşinyanın qorxaqlıq və Ermənistanın mənafeyinə xəyanət ittihamları ilə doludur”.


 
Arşakyanın fikrincə, Paşinyanın bu cür ağır tənqidə məruz qalması başadüşüləndir: 
 
“Ermənistan cəmiyyətində Rusiyaya və onun prezidenti-diktator Putinə münasibət çoxdan birmənalı deyil. Orta yaşlı insanların əksəriyyəti və erməni gənclərinin hamısı daha çox Qərbin dəyərlərinə, NATO və AB ilə ittifaqa meyllidirlər. Ancaq keçmişinin və gəncliyinin nostalgiyası ilə yaşayan yaşlı insanlar bəlli səbəblərdən Rusiya ilə sıx əməkdaşlığa həvəs göstərirlər. Amma ümumilikdə ölkəmizdə Moskva və Putinə münasibət son dərəcə neqativdir”.
 
Müəllifin fikrincə, ermənilərin Rusiyadan etibarlı müttəfiq və dost kimi üz döndərilməsinin dönüş nöqtəsi 2016 -cı ilin aprelində, Azərbaycanın Qarabağa hücumu zamanı başlayib: “Erməni dövlətləri o vaxt “təcavüzü” dəf etmək üçün kifayət qədər gücə malik olsalar da, hamımız Moskvanın təcili - həm hərbi, həm də diplomatik müdaxiləsinə ümid bəsləyirdik.
 
Ancaq belə bir şey olmadı - Kreml bölgədəki yeganə müttəfiqinə qarşı aparılan hərbi əməliyyatları 4 gün ərzində laqeydliklə izlədi. Sonra sərhəddə azərbaycanlılar tərəfindən çoxsaylı silahlı təxribatlar baş verdi – bu zaman da Moskva və KTMT-yə üzv ölkələr müdaxilə etmədilər, xəbərdarlıqla kifayətləndilər. Bütün bunlar təbii olaraq cəmiyyətimizdə Rusiyaya simpatiya qazandırmadı. Məhz o zaman Ermənistanda Rusiyaya qarşı fikirlər artmağa başladı. Azərbaycan-Türkiyə-Pakistan-Ərəb ordularının Qarabağa hücum etdiyi 44 günlük müharibə isə bu qırılma nöqtəsinin zirvəsi oldu.
 
Yuxarıda göstərilənləri nəzərə alan yazar erməni ictimaiyyətinin Paşinyana yönəldiyi tənqidlə “razılaşmaya bilmir”: “Yalnız Rusiya ilə strateji bir ittifaq, hər şeydə Putinlə birlikdə oynamaq bizə Qarabağın çox hissəsini (qalan hissəsi də praktiki olaraq Rusiya tərəfindən işğal olunmuşdur) itirməyimizə, bir neçə min ölü, on min yaralı hesabına başa gəldi. Və "KTMT və Aİİ çərçivəsində Rusiya ilə əməkdaşlığın gücləndirilməsi" mövqeyimizi daha da ağırlaşdıracaq - Rusiya ordusunun sərhədə yerləşdirilməsi fonunda suverenlimizin qalıqlarını da itirəcəyik.
 
Ancaq göründüyü kimi Putinin divara sıxışdırdığı Paşinyan Kremlin cırtdan ambisiyalarını sona qədər təmin etmək qərarına gəldi. Mən nə deyə bilərəm? Heç nə, Paşinyan artıq Milli Məclisdə hər şeyi deyib. Həmişə olduğu kimi, heç kim bizdən heç nə soruşmur. Yalnız bir çıxış yolumuz var - çantalarımızı yığmaq və tədricən, lakin ölməz bir imperiyanın səssiz və gücsüz bir parçasına çevrilən ölkədən qaçmaq”.



Tarix: 26-08-2021, 08:52
Xəbəri paylaş



Xəbər lenti