Erməni deputatlar “hərbi təlimlərə” başladılar: Paşinyan hakimiyyəti devrilə bilər



Ermənistandakı hakimiyyət böhranı siyasi idarəçilik sistemini də artıq iflic vəziyyətinə salmağa başlayıb; Bu düşmən ölkədə tezliklə ikihakimiyyətlilik durumu, ardıncasa, vətəndaş qarşıdurması baş verə bilər…

Ermənistanın siyasi sistemi iflic olmaq üzrədir. Hazırda bu düşmən ölkə idarəolunmaz vəziyyətə düşməyə doğru istiqamətlənib. Və belə davam edərsə, Ermənistan vətəndaş qarşıdurmasına düçar ola bilər.
Məsələ ondadır ki, 44 günlük savaşda biabırçı məğlubiyyət Ermənistanda cəmiyyəti ciddi çəkildə parçalayıb. Artıq həmin məğlubiyyətin ildönümü yaxınlaşsa da, rəsmi İrəvan ölkəni bu vəziyyətdən çıxara bilməyib. Əksinə, Ermənistan cəmiyyətində parçalanma meylləri daha da güclənib.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın üzləşdiyi bu siyasi böhran artıq bir neçə mərhələdən keçib. Savaşda məğlubiyyətdən sonra bu düşmən ölkədə hakimiyyət böhranı yaşanırdı. Revanşist müxalifətin əsas hədəfi Paşinyan hakimiyyətini zor gücünə devirməkdən ibarət idi.
pasha-revansh.jpg (990 KB)
Ancaq bu istiqamətdə göztərilən israrlı cəhdlər nəticə vermədi. Hətta savaşdan sonra erməni diasporunun Paşinyan hakimiyyətinin devrilməsi üçün revanşist müxalifətə göndərdiyi 30 milyon dollar məbləğində vəsait də bu hədəfə çatmaq üçün yetərli olmadı.
Çünki məlum oldu ki, revanşist müxalifətin elitası erməni diasporunun göndərdiyi 30 milyon dolları öz aralarında bölüşdürməyə üstünlük veriblər. Və Qarabağ klanından ibarət revanşist müxalifət Ermənistan cəmiyyəti tərəfindən dəstəklənmədiyi üçün Paşinyan hakimiyyətinin güc yolu ilə devrilməsi ilə bağlı planlar boşa çıxmış oldu.
Bundan sonra Ermənistanda siyasi böhranın ikinci mərhələsi başlandı. Paşinyan hakimiyyəti Ermənistan üzərində tam siyasi iradəyə malik olmadığı üçün növbədənkənar parlament seçkiləri keçirtmək məcburiyyətində qaldı. Hesab olunurdu ki, seçkilərin yekun nəticələri rəqib siyasi düşərgələrdən hansınısa gücləndirəcək və həmin qüvvə ölkəni tam nəzarətə götürə biləcək.
İndi artıq məlum olur ki, növbədənkənar parlament seçkilərinin Paşinyan hakimiyyətinin qələbəsi ilə müşayiət olunan yekun nəticələri də Ermənistanı siyasi böhrandan çıxara bilməyib. Əksinə, siyasi böhran daha da dərinləşərək, idarəolunmaz situasiya yaratmağa başlayıb. Hər halda, Paşinyan hakimiyyəti Ermənistanın gələcək taleyi ilə bağlı sərbəst qərarlar qəbul etmək imkanlarından məhrum vəziyyətə düşüb.
01c783b4209ed26922e9c233edb543bc.jpg (33 KB)
Halbuki Ermənistanın siyasi böhran problemi bununla da məhdudlaşmır. İndi böhranın növbəti mərhələsi start götürmüş kimi görünür. Hər halda, son vaxtlara qədər daha çox siyasi qarşıdurma kimi davam edən düşərgələrarası ziddiyyətlər artıq hazırda parlamentin divarları arasına sıçrayıb. Və parlamentin fəaliyyəti demək olar ki, iflic vəziyyətindədir.
Məsələ ondadır ki, Ermənistan parlamenti son iki gün ərzində əsl savaş meydanına çevrilib. 44 günlük savaşda məğlub olmuş bu düşmən ölkənin xalq tərəfindən seçilmiş deputatları parlamentin iclas salonunda özlərini müdafiə etmək üçün əsl barrikadalar qurmağa çalışırlar.
Əvvəlcə Ermənistan baş naziri Nikol Paşinyan müxalifət deputatları tərəfindən “kapitulyant”, “Nikol satqın” şüarları ilə təhqir olundu. Ardınca hakimiyyət və müxalifət düşərgələrini təmsil edən deputatlar bir-birini söyməyə başladılar. Parlamentin mühafizə xidmətinin hərbçiləri yumruqlarını düyünləmiş deputatları bir-birindən böyük çətinliklə ayıra bildilər.
Ancaq növbəti iclas daha biabırçı olaylara səhnə olub. Belə ki, bu dəfə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan savaş meydanında olmasa da, parlamentin iclas solununda öz “hərbi biliklər”ini nümayiş etdirib. O, tribunada çıxış edən hakim düşərgənin deputatına “su butulkaları” atmağa başlayıb. Və müxalifətçi deputatların əksəriyyəti dərhal ona qoşulub, rəqib düşərgədən olan həmkərlarını “butulka atəşi”nə tutublar.
vbbvvb.jpg (90 KB)
Sonuncu toplantıda isə artıq deputatlar arasında birbaşa şillə-təpik davası qaçılmaz olub. İndi Ermənistan parlamenti siyasi fəaliyyət üçün ən təhlükəli məkana çevrilib. Bu məkanda rəqib düşərgənin xoşuna gəlməyən hər ehtiyatsız söz dərhal yumruq zərbələri ilə qarşılanır.
Bütün bunlar onu göstərir ki, Ermənistanda artıq siyasi böhran dərinləşib. İndi bu düşmən ölkədə baş verənləri hakimiyyət böhranı kimi də xarakterizə etmək mümkündür. Çünki, Ermənistan parlament respublikası sayılır. Və bu qurum ölkənin siyasi idarəçilik sistemində müəyyənedici səlahiyyətlərə malikdir.
Təbii ki, Ermənistanda baş verən son olaylar bəzi nəticələr çıxartmağa tamamilə imkan verir. Belə ki, Paşinyan hakimiyyəti Ermənistana nəzarəti itirmək təhlükəsi ilə üzələşib. Ermənistan baş naziri Nikol Paşinyanın bundan sonra ölkəni idarə etməsi o qədər də asan olmayacaq.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti ölkə üçün bütün taleyüklü və siyasi iradə tələb edən prinsipial qərarları mütləq parlamentdə təsdiqlətməlidir. Bir-birini yumruqlayan deputatlardan ibarət parlamentdəsə, bunu etmək çətin ki, mümkün olsun. Müxalif deputatlar xoşlarına gəlməyən heç bir qərarın təsdiqlənməsinə dava salmaqla, imkan verməyə bilərlər.
resized_4a122-74ca3cd0mansetpasinyan.jpg (66 KB)
Erməni baş nazirin bir müddət öncə konstitusiya islahatlarının vacibliyindən danışması da böyük ehtimalla onun mövcud vəziyyəti təxmin etməsindən qaynaqlanırdı. Baş nazir N.Paşinyanın konstitusiya islahatları ilə ölkəni yenidən prezident üsul-idarəsini qaytarmaq niyyətində olduğu ehtimal olunur. Çünki yalnız bu halda, prezident seçilərək, mütləq hakimiyyətə nail ola bilər.
Ancaq müxalif deputatların parlamentdə konstitusiya islahatları ilə bağlı referendum qərarının qəbuluna imkan verəcəkləri hələlik qətiyyən inandırıcı görünmür. Əksinə, onların Paşinyan hakimiyyətinin tam tərkibdə istefasına nail oluncaya qədər indiki taktikanı davam etdirəcəkləri qətiyyən istisna deyil. Və bu, Ermənistan üçün hakimiyyət böhranı vəd edən siyasi proseslərin artıq başlandığından xəbər verir.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti tam tərkibdə istefa verməzsə, böyük ehtimalla rəsmi İrəvanın heç bir qərarını parlamentdə təsdiqlətmək mümkün olmayacaq. Bu isə o deməkdir ki, bundan sonra erməni baş nazirin siyasi iradəsi tədricən öz əhəmiyyətini itirə bilər. Və onun öz ölkəsində səlahiyyətlərinin formal xarakter alması, növbəti mərhələdə Ermənistanın yalnız daxili deyil, xarici siyasət kursunu iflasa uğrada biləcək faktordur.
Görünən odur ki, ermənilərin parlamentdə başlatdığı “hərbi təlimlər”in nəticəsi olaraq, Ermənistandakı hakimiyyət böhranı bu düşmən ölkənin siyasi idarəçilik sistemini də artıq iflic vəziyyətinə salmaqdadır. Əgər, erməni baş nazir bu vəziyyətdən çıxa bilməzsə, Ermənistanda əvvəlcə ikihakimiyyətlilik durumu yarana, ardıncasa, vətəndaş qarşıdurması baş verə bilər. Yəni, Paşinyan hakimiyyətinin devrilməsi üçün növbəti mərhələyə start verilmiş kimi görünür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Tarix: 25-08-2021, 22:49
Xəbəri paylaş



Xəbər lenti