“Sistem domino effekti ilə çökəcək”



“NATO-nun Əfqanıstandakı missiyasını doğru şəkildə nəzərdən keçirməliyik. Dərslər çıxarmaq lazımdır. Son həftələrdə həm Əfqanıstan ordusu, həm də siyasi mexanizm sürətlə çökdü. Bu qədər sürətli çöküş gözləmirdik. Bunu görmək məni kədərləndirir”. Bunu NATO baş katibi Yens Stoltenberq bildirib. Maraqlı açıqlamadı. Bunlar Əfqanıstandan çıxdıqdan sonra nə gözləyirdilər? Orada əmin-aman həyat olacağına ümid edirdilər? NATO baş katibinin bu açıqlaması nə qədər səmimidir? NATO-nun analitik xidməti var, ekspertləri var, informasiyası var. Əfqanıstandan çıxdıqdan sonra orada nələrin baş verəcəyini hesablamaq o qədərmi çətin idi? ABŞ prezidenti Co Bayden isə deyib ki, baş verənlər ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğuna son qoymağın doğru qərar olduğunu təsdiqlədi. O, daha sonra deyib: “Amerika qoşunları Əfqanıstan qüvvələrinin özləri üçün döyüşmək istəmədikləri bir müharibədə döyüşə bilməz, döyüşməməlidir və ölməməlidir”.
 
Əfqanıstan məsələsində Co Baydenin bu cür mövqeni ortaya qoyacağı gözlənilən idi? Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, NATO və ABŞ liderlərinin, rəsmilərinin açıqlamaları bir sıra məsələlərə aydınlıq gətirir. “Taliban”ın bu uğurunun izahını bir neçə gündür bütün dünyada media axtarır və istər NATO, istərsə də ABŞ rəsmilərinin açıqlamalarından belə məlum olur ki, bütün bu baş verənlər dünya üçün gözlənilməz olduğu kimi, onlar üçün də gözlənilməz imiş və onlar NATO və ABŞ-ın Əfqanstanda belə sürətlə çökməsini təxmin etmirmişlər: “Məntiqi olaraq sual yaranır ki, istər NATO-nun, istər Pentaqonun analitik mərkəzləri, təhlükəsizlik  ekspertləri və s. ABŞ  Əfqanıstandan çıxdıqdan sonra orada nələrin baş verəcəyini hesablamayıblar? Məsələn, Pentaqonun ABŞ-in hərbi və təhlükəsizlik qüvvələrinin  Əfqanıstandan çıxarılması prosesində əfqan  hərbi təyyarələri və vertolyotlarına xidmət edən podratçıları və məlumat dəstəyi verən kəşfiyyatını xidmətini geri çəkəndən sonra  Əfqanıstan ordusunun aviasiya xidmətinin iflic olacağını fikirləşmirmiş və ya bütün bunların əfqan ordusunun HHQ-nin artıq fəaliyyət göstərə bilməyəcəyini anlamırmış?
 
Bu, inandırıcı deyil, çünki  bu illər ərzində ABŞ əfqan aviasiyasında bu xidmətləri yerinə yetirə biləcək kadrların yetişməsinə imkan verməmişdi, bunları ABŞ-ın podratçı şirkətləri yerinə yetirirdi. Əfqanıstanın hərbi məktəbləri isə son 20 ildə demək olar ki, fəaliyyət göstərmirdi, çünki “Taliban”ın bir neçə məktəbi uşaqlarla birgə partlatmasından sonra bu məktəblər təhlükəsizlik səbəbi ilə fəaliyyət göstərmədi. Nəticədə ilk həmlədəcə Əfqanıstan ordusu 1988-ci ildə bu ölkəni tərk edən SSRİ qoşunlarının marşrutu ilə rüsvaycasına Əfqanıstanı tərk etdi.
 
Müttəfiq güclərinin Əfqanıstandakı uğursuzluğunun təhlili  bu qüvvələrin bir neçə istiqamət üzrə yanlışlıqlarını ortaya çıxarır. Öncəliklə bir məqamı qeyd etmək istəyirəm, Əfqanıstanda NATO və ABŞ-ın çökməsi, ümumilikdə NATO və ABŞ-ın bütün dünyada çökməsinin elementləridir.
 
Bunu biz həm də bir neçə ildir davam edən Qərbin çöküşünün sonu  kimi izah edə bilərik. Bu uğursuzluqdan sonra Qərb adlandırdığımız sistem bütün dünyada domino effekti ilə çökəcək.
 
Bu proses Obama adminstrasiyasında başladı, Tramp administrasiyasının səyləri ilə kəskinləşdi və nəhayət, Obama administrasiyasında tezisləri ilə, eyni  kadrlarla  ABŞ xarici siyasətini davam  Bayden administrasiyası ilə yekunlaşdı.
 
Bunu bir cümlədə ABŞ-ın bütün dünyada tərəfdaşlarını müdafiəsiz buraxması kimi adlandıra bilərik ki, eyni şeyi müxtəlif formalarda İraq, Gürcüstan, Ukrayna, indi də Əfqanıstanda gördük".
 
Ekspert hesab edir ki, NATO və ABŞ-ın 20 il ərzində nəhəng sərmayələrinə və hərbi-texniki dəstəyinə baxmayaraq bu qədər tez çöküşünün, bu uğursuzluğunun bir neçə səbəbi var: “Burada onların dəstəklədikləri Əfqan hökumətinin rüşvət və korrupsiyaya bulaşması, bəzən isə müttəfiq və ”Taliban" arasında alver predmetinin olması və s. kimi əsaslar mövcuddur. Ancaq ən əsas səbəb də müttəfiqlərin bu mübarizəsində  ideologiyanın olmaması, müttəfiqlərin əfqan xalqına sırımağa çalışdığı Qərb  həyat tərzinin, Qərb dəyərlərinin, lap elə demokratiyanın Əfqanıstan xalqına cazibədar olmaması oldu. ABŞ prezidenti Baydenin “Əfqanıstan qüvvələrinin bu müharibədə özləri üçün niyə döyüşmək istəmədikləri” fikrinin cavabı da məhz bu məqamdadır.
 
Əslində NATO özünün əfqan cəmiyyətinə yönəlik informasiya siyasətini bir neçə gey oğlan və burnu kəsilmiş bir qadının hüquqlarının müdafiəsi üzərindən quranda, diskreditasiya etmişdi. Belə mövzular  mühafizəkar əfqan cəmiyyətlərində daha çox qıcığa və antipatiyaya səbəb olurdu. Cəmiyyətlər onların dəyərləri üzərindən qurulan siyasi təbliğatla idarə olunur, paraşütlə atılanların uydurduqları mövzularla deyil.
 
“Taliban”ın Əfqanıstandakı uğuru onun güclü olmasında deyildi, Qərbin yanlış siyasətində və gücsüzlüyündə idi.
 
Dünyada ən güclü ittifaqlar ideoloji dəyərlər üzərindən qurulan ittifaqlardır. Yanlış hesabların və ancaq maliyyənin əsasında qurulan bütün ittifaqlar Əfqanıstandakı kimi bir göz qırpımında çökür".
 
Y.Hacıyeva qeyd etdi ki, bu uğursuz  təcrübədən sonra NATO üzv ölkələrinin alyansın faydalılığına  olan inamı sarsıldı və bu proses daha da inkişaf edəcək: “Çünki  Əfqanıstandakı  uğursuzluqdan sonra alyansın başqa bir kritik vəziyyətdə eyni uğursuzluğuna heç bir zəmanət yoxdur. NATO-ya üzv ölkələr alyansın ümumi hərbi büdcəsinə ayırdığı maliyyəni  öz təhlükəsizliyinə və milli müdafiəsinə yönəltməyə başlayacaq”.
Tarix: 19-08-2021, 10:48
Xəbəri paylaş



Xəbər lenti