“Azərbaycan üçün yeni şəraitdə Əfqanıstanla münasibətləri qurmaq üçün əsaslar pis deyil. Və həmin əlaqələr bu və ya digər şəkildə qurulacaq...” Xəbər verildiyi kimi, Əfqanıstanda taliblər, demək olar ki, hakimiyyəti ələ keçiriblər. Azərbaycan heç vaxt “Taliban”ı terrorçu təşkilat kimi tanımayıb. Bu günədək fəaliyyət göstərmiş Əfqanıstan hökuməti ilə də normal münasibətlərdə olub. Hətta bu ölkəyə yardımlar da edilib. Bəs bundan sonra taliblərin hakimiyyətdə qalacağı halda Azərbaycan hansı mövqeni tutmalıdır?
Mövzu ilə bağlı
Moderator.az əməkdaşının suallarına cavab verən sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov bunları söyləyib:
“Bəli, Azərbaycan heç vaxt “Taliban”ı terrorçu təşkilat kimi tanımayıb. Və dediyiniz kimi, bundan öncəki Əfqanıstan hökuməti ilə Azərbaycan hökuməti arasında hansısa proqramlar olub, onlara yardımlar edilib. Əslinə qalsa, biz bunu hansısa hökumətə yox, əfqan xalqına etmişik. Və bu baxımdan orada söz sahiblərindən biri olacaq bizim ən yaxın qardaş, dost və müttəfiqlərimiz Türkiyə və Pakistanın da mövqeyini nəzərə almalıyıq. Odur ki, Azərbaycan üçün yeni şəraitdə Əfqanıstanla münasibətləri qurmaq üçün əsaslar pis deyil. Və həmin əlaqələr bu və ya digər şəkildə qurulacaq" .
Politoloq “Yəni “Taliban” hökuməti ilə münasibət quranda hansısa aparıcı güclər Azərbaycanı qınamayacaq?” sualını da cavablandırıb.
“Təbii. Çünki aparıcı dövlətlər: ABŞ, Rusiya, Çin və s. taliblər Kabuli ələ keçirməmişdən əvvəl onlarla əlaqə qurub. Və ən maraqlısı odur ki, Rusiyada on illərlə “Taliban”ı rəsmən terrorçu təşkilat kimi tanıyıblar. Bu günədək də mətbuat üçün də belə bir qayda var ki, hər hansı bir xəbər, yaxud digər yazıda “Taliban” yazanda mütləq mötərizədə “Rusiya Federasiyasında qadağan olunmuş terrorçu təşkilat” yazılmalıdır... Amma jurnalistlər birdən-birə 2018-ci ildə, sonra da 2019-cu ildə ayılıb gördülər ki, Taliban nümayəndəsi Moskvada Xarici İşlər nazirinin qarşısında oturub. Və sonra da Lavrov bəyanat verir ki, bu təşkilatı çox yaxşı tanıyırıq, həmişə əlaqəmiz olub.... Əlbəttə, bu, çox gülməli və qəribə oldu...”- deyə Tofiq Zülfüqarov vurğulayıb.
Sultan Laçın
Tarix: 17-08-2021, 20:29