Özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovun “Dilbər” adlı superyaxtası Soçinin İmeretinsk limanında lövbər salıb. Virtualaz.org xatırladır ki, yaxta bir neçə gün əvvəl İstanbul boğazından keçərkən görüntülənmişdi.
İndi isə nəhəng və dəbdəbəli yaxata Soçi limanında dayanıb və hər gün yüzlərlə şəhər sakini, o cümlədən turistlər yaxtaya tamaşa etməyə gedir, “Dilbər”in fonunda fotolar çəkdirirlər. Rusiya KİV-ləri yazır ki, yaxtada hər gün axşam əyləncə mərasimləri təşkil edilir, amma milyarderin özünü yaxtada hələlik görən olmayıb.
İmeretinsk limanının administrasiyasından bildiriblər ki, 156 metrlik yaxta limanda 10 aya yaxın qalacaq. Limanda dayanmağın bir günü 132 min rubla başa gəlir, nəticədə 10 aylıq “parkinq” üçün Usmanov təxminən 50 milyon rubl ödəyəcək.
“Dilbər” dünyada ən iri dördüncü yaxtadır və Usmanov onu 2016-cı ildə alıb. Bəzi mənbələrə görə yaxtanın qiyməti o vaxt 600 milyon dollara yaxın idi, hazırda isə 250 milyon dollar qiymətləndirilir. Premium-sinif üzən otel kimi nəzərdə tutulan “Dilbər” eyni vaxtda 40 qonaq qəbul edə bilər və heyət üzvü 80 nəfərdir.
Tarix: 31-07-2021, 08:52