Ukrayna prezidenti Vladimir Zelenski “Milli müqavimətin hüquqi əsasları” və “Ukrayna Silahlı Qüvvələrinin sayının artırılması” haqqında 2 qanun layihəsinə imza atıb. Ovqat.com-un məlumatına görə, qanunlarda Ukrayna Silahlı Qüvvələrinin əsgər sayının 11 min nəfər artırılması və düşmənə qarşı silahlı müqavimətin möhkəmləndirilməsi nəzərdə tutulur.
Yeni qanunlara əsasən, Ukrayna Silahlı Qüvvələrinin əsgər sayı
261 min nəfərə çatacaq.
Bu gün Jitomir bölgəsinə səfərə gedən Zelenski Xüsusi Əməliyyat Qüvvələrinin hərbçiləri ilə görüşüb və onlara yeni qanunların mahiyyətini belə açıqlayarkən bildirib ki, sözügedən sənədlər
Ukraynada xüsusitəyinatlıların sayını artırmağa xidmət edəcək. Prezidentin bu sözlərindən aydın olur ki, 11 min nəfərlik yeni hərbi qüvvə xüsusi əməliyyatçılardan təşəkkül tapacaq.
"
Ukraynada milli müqavimət sisteminin yaradılması hər kəsə ölkəmizi müdafiə etmək hüququ verir. Bu qanun bir daha 2014 -cü il hadisələrinə icazə verilməyəcəyi və Ukraynanın müdafiəsinin ümummilli iş olduğuna dair güclü bir siqnaldır. Bu qanun ərazilərdə müdafiə və müqavimət hərəkatının inkişaf etdirilməsinə, Ukrayna əhalisinin milli müqavimətə hazırlanması sisteminin tətbiqinə yönəlmiş bir sıra vacib tədbirləri, lazım gələrsə, bütün Ukrayna əhalisini öz doğma torpaqlarını müdafiəyə cəlb etməyə imkan verir", - deyən Zelenski yeni qanunla milli müqavimət tədbirlərinin Ukraynanın
həm nəzarət edilən, həm də müvəqqəti işğal altında olan ərazilərində həyata keçiriləcəyini vurğulayıb.
"
Bu iki vacib qanunu sizin peşə gününüzdə imzaladığım üçün xoşbəxtəm", - Ukrayna prezidenti deyib.
“Milli müqavimətin əsasları haqqında" Qanun Ukrayna vətəndaşlarının “ölkənin hərbi təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinə, təcavüzün qarşısını almaq və dəf etmək üçün mümkün qədər geniş şəkildə cəlb edilməsi üçün” bir sıra tədbirləri nəzərdə tutur.
Qanun layihəsi milli müqavimət sistemi çərçivəsində
ərazi icmalarının könüllü birləşmələr yaratmasına və təhlükə yaranacağı təqdirdə öz silahlarından istifadə etməsinə icazə verir.
Qanunda müqavimət tapşırıqlarının təşkilində, hazırlanmasında, dəstəklənməsində və həyata keçirilməsində aparıcı rol
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinə verilir və müqavimət hərəkatının rəhbərliyi bu qurumun komandiri tərəfindən həyata keçirilir.
Belə anlaşılır ki, Ukraynada bu gün qanuniləşdirilən milli
müqavimət strategiyası II Dünya Müharibəsindən sonra İtaliyada Varşava Paktı ölkələrinin, o cümlədən SSRİ-nin gözlənilən hücumlarına qarşı yaradılmış “
Gladio” tipli silahlı birliklərdir. Bu birliklərin döyüşçüləri sadə vətəndaşlar arasından seçilir, onlar gözlənilən hücum anında öz bölgələrində ilkin dirənişi göstərmək, düşmənin irəliləməsini mümkün olduğu qədər ləngitmək məqsədilə müxtəlif silahlarla təchiz edilirdilər. Sonradan bu sistem digər ölkələrdə, o cümlədən Türkiyədə də tətbiq olunmağa başlanmışdı. Daha sonra bu hərbi birləşmələr öz təyinatından uzaqlaşmış və mafyaya çevrilmişdi.
Əslində “Gladio” tipli döyüş strategiyası NATO qüvvələrinin də icadı deyil. 11 əsrdə
Xaşxaşilər hətəkatının lideri Həsən ibn Sabah da eyni tipli müqavimət hərəkatı yaratmış və uzun illər boyu dövrünün ən böyük hökmdarlarına, sərkərdələrinə meydan oxumuşdu. Maraqlıdır ki, Xaşxaşilərin əsas silahı xəncər idi və “Gladio” da italyanca xəncər mənasına gəlir.
Görünür, soyuq savaş illərində həyata keçirilən və rus təcavüzünə qarşı bir növ partizan müharibəsini planlaşdıran “Gladio” adlı hərbi müqavimət sistemi indi Ukraynada formalaşdırılır.
Tarix: 29-07-2021, 21:57