Türkiyədəki inflyasiya rekordlar qırır


 
 
İyun ayında Türkiyədə illik inflyasiya 17,53 % səviyyəsində olub və bu, 2019-cu ilin may ayından bəri ən yüksək səviyyədir. Aylıq inflyasiya 1,94 % təşkil edib.
 
Qiymət artımında ölkədə bir ay əvvəl elan edilən karantin rejiminin yumşalması əhəmiyyətli rol oynayıb. COVID məhdudiyyətləri dövründə istehlakçıların böyük alış-verişlər etməyə tələsməməsi və karantin ləğv edildikdən sonra mağazalara, restoranlara və digər məkanlara axışması ilə “təxirə salınmış” tələbin effekti özünü göstərib.
 
Bundan əlavə, hökumət bu yaxınlarda qaz və elektrik enerjisinin qiymətlərini qaldırıb.
 
Qiymətlərdə ən böyük artım nəqliyyat xidmətlərində olub - illik ifadədə 26,29 %. Bundan başqa, mebel və ev əşyaları (25,69 %) və alkoqolsuz içkilərdə (19,99 %) də ciddi artım qeydə alınıb.
 
Bütün bunlarla yanaşı, bugünlərdə açıqlanan İstehsalçı Qiymətləri İndeksi rekord dərəcədə - 42,89 % artım nümayiş etdirib. Buna enerji daşıyıcılarının qiymətlərindəki artım və idxal təsir göstərir.
 
Türkiyə lirəsi inflyasiya məlumatlarına nisbətən sakit reaksiya göstərib. Gün ərzində USD/TRY cütlüyü 0,13 % dəyər itirərək 8,6677 lirə səviyyəsinə düşüb. Bazarın bu sakit reaksiyası qismən yuxarıda yazılanlarla əlaqəlidir - yüksək inflyasiya halında pul-kredit siyasətində yumşalma olmayacaq.
 
Bu o deməkdir ki, lirəni də ciddi dəyərsizləşmə gözləmir. Ən azından bir müddətlik.
 
İnflyasiya niyə artır?
 
Türkiyədəki bir sıra istehsal sferaları xammal idxalından çox asılıdır, xammal isə koronavirus pandemiyası və onunla əlaqəli problemlərlə əlaqədar bütün dünyada bahalaşır.
 
Əlbəttə, məsələ yalnız koronavirus, logistik problemlərdə və istehsal zəncirindəki fasilələrdə deyil. Məsələn, ekoloji məsələlərə xüsusi diqqət ayrılması və elektromobillərə keçid misin il ərzində təxminən 90 % bahalaşmasına səbəb olub.
 
Xarici amillərdən əlavə, daxili amil də var – Türkiyə lirəsi ucuzlaşır və xaricdən xammal almaq getdikcə daha da bahalaşır.
 
Bütün bunlar istehlakçılar üçün son məhsulların qiymətinin artmasına səbəb olur. Amma bir nüans var:
 
İstehlakçı Qiymətləri İndeksi ilə İstehsalçı Qiymətləri İndeksi arasındakı ciddi fərq (17,53 %-ə qarşı 42,89 %) istehsalçıların buraxdıqları məhsulun maya dəyərindəki bahalaşmanı məhsulun yekun qiymətində hələ tam əks etdirmədiyini göstərir. Deməli, inflyasiya hələ bir qədər də artacaq.
 
İnflyasiya ilə bağlı yeni məlumatlar, eləcə də qaz və elektrik enerjisinin qiymətinin artması investisiya banklarını Türkiyədəki inflyasiya ilə bağlı proqnozlarına yenidən baxmağa məcbur edib.
 
Ölkənin Mərkəzi Bankı hələ də ilin sonuna qədər inflyasiya səviyyəsinin 12,2 % olacağını gözləyir. Ancaq hər keçən gün bu hədəfin daha çox əlçatmaz olduğu görünür.
 
Başqaları Mərkəzi Bank qədər nikbin deyil. Məsələn, “Goldman Sachs” bu il üçün proqnozunu 15,5 %-dən 16 %-ə dəyişib. “Barclays” isə indi inflyasiyanın 14,8 % səviyyəsində olacağını gözləyir (daha əvvəl proqnoz 13,8 % idi).
 
Uçot dərəcəsi necə olacaq?
 
Türkiyədə inflyasiyanın hədəf göstəricisi çox nikbin səviyyədə - 5 % səviyyəsində qalır, ancaq son dörd ildə statistika demək olar hər zaman yalnız ikirəqəmli göstərici ilə ifadə olunur.
 
İnflyasiyanın qarşısını almaq üçün pul-kredit siyasətinin sərtləşdirilməsinə ehtiyac var, lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uçot dərəcəsinin artırılmasının qəti əleyhinə olanlardandır. Son bir neçə il ərzində o, Mərkəzi Bankın üç rəhbərini bu siyasətə sadiq qalmadıqlarına görə dəyişdirib.
 
Bu yaxınlarda Ərdoğan iyul və ya avqust aylarında uçot dərəcəsində azalma baş verməli olduğunu bildirib. Aşağı uçot dərəcəsi ucuz borc vəsaitləri deməkdir. Bu addımla Türkiyə Prezidenti iqtisadi artımı stimullaşdırmağı planlaşdırır.
 
Türkiyə Mərkəzi Bankının hazırkı rəhbəri ölkə Prezidenti ilə həmrəydir. Bununla belə, o, uçot dərəcəsinin müsbət qalacağını, başqa sözlə, inflyasiya səviyyəsindən daha yüksək olacağını açıq şəkildə bildirib.
 
İndi uçot dərəcəsi 19 %-dir və tənzimləyicinin son üç iclasında dəyişməz olaraq qalıb. İnflyasiyanın daha da artması fonunda isə bazar iştirakçılarının gələn həftəyə gözlədikləri uçot dərəcəsinin azalması mümkün olmayacaq. Üstəlik, bəzi analitiklərin fikrincə, Mərkəzi Bank uçot dərəcəsini ən azı sentyabr ayına qədər dəyişdirməmək, ən yaxşı halda isə gələn həftə qaldırmaq məcburiyyətində qalacaq.
 
Azad Həsənli - maliyyə analitiki
 
(Report)
Tarix: 8-07-2021, 17:11
Xəbəri paylaş



Xəbər lenti