Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarının gücləndirilməsi dünya mətbuatının diqqət mərkəzindədir.Bu barədə nüfuzlu "Forbes" nəşri yazıb.
Məlumata görə, Azərbaycan 4,2 milyard dollar dəyərində müqavilə çərçivəsində 40 ədəd müasir JF-17C Block III qırıcı təyyarəsinin alınmasını təsdiqləyib.
Qeyd olunur ki, bu, Azərbaycanın tarixində həyata keçirilən ən böyük döyüş təyyarəsi alışıdır.
Nəşrin yazdığına görə, 4,5-ci nəsil hesab edilən bu təyyarələr köhnəlmiş MiG-29 qırıcılarını əvəz edəcək və Azərbaycanı Cənubi Qafqazda ən güclü hərbi hava qüvvələrinə malik ölkəyə çevirəcək. Bundan əlavə, Azərbaycan mövcud hava hücumundan müdafiə arsenalını, o cümlədən Rusiya istehsalı olan S-300 və İsrailin "Barak" sistemlərini tamamlayan yeni Çin istehsalı HQ-9BE uzaqmənzilli zenit-raket komplekslərini də nümayiş etdirib.
"Forbes" qeyd edir ki, bu istiqamətdə milyardlarla dollarlıq investisiyalar martın 5-də Naxçıvana dron hücumundan sonra həyata keçirilib. Məqalədə bildirilir ki, İranla müharibə başlayandan sonra isə Azərbaycan artıq hücuma məruz qalmayıb.
İyulun ortalarında Azərbaycan Hərbi Hava Qüvvələrinin yeni JF-17C qırıcıları Sovet istehsalı olan Su-25ML hücum təyyarələri (NATO təsnifatında "Frogfoot") və Çexiya istehsalı L-39 Albatros döyüş-təlim təyyarələri ilə birlikdə müxtəlif hündürlüklərdə döyüş manevrləri icra edib.
Azərbaycan ilk JF-17 qırıcısını 2024-cü ilin sentyabrında qəbul edib. 2025-ci ilin may ayının sonunadək sifariş edilən təyyarələrin sayı 16-dan 40-a çatdırılıb, müqavilənin ümumi dəyəri isə 1,6 milyard dollardan 4,2 milyard dollara yüksəlib. Bununla da həmin müqavilə Pakistanın müdafiə sənayesi tarixində ən böyük ixrac sazişi olub. JF-17 qırıcıları Pakistan və Çinin birgə layihəsi əsasında istehsal edilir.
"Forbes"in qiymətləndirməsinə görə, bu alış həm keyfiyyət, həm də kəmiyyət baxımından Azərbaycanı Cənubi Qafqazın ən güclü hərbi hava qüvvələrinə malik ölkəsinə çevirəcək.
JF-17C qırıcılarının alınmasının təsdiqlənməsi Çindən alınmış HQ-9BE strateji hava hücumundan müdafiə sistemlərinin ilk dəfə ictimaiyyətə nümayiş etdirilməsindən qısa müddət sonra baş verib. Məqalədə qeyd olunur ki, həmin sistemlər 2025-ci ilin noyabrında ictimaiyyətə təqdim edilib.
Nəşrin fikrincə, JF-17C qırıcıları və HQ-9BE hava hücumundan müdafiə sistemlərinin alınması son onilliklər ərzində Azərbaycanın hərbi aviasiyası və hava hücumundan müdafiə sistemində həyata keçirilən ən genişmiqyaslı modernləşmə proqramıdır.
"Forbes" həmçinin xatırladır ki, Azərbaycan MiG-29 qırıcılarını SSRİ-dən miras almayıb. Bakı bu təyyarələri Ukraynadan əldə edib və onlar 2000-ci illərdə təhvil verilməzdən əvvəl modernləşdirilib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumat bazasına əsasən, Azərbaycan 16 ədəd MiG-29, o cümlədən bir neçə ikiyerlik MiG-29UB döyüş-təlim təyyarəsi alıb. Təchizat prosesi 2011-ci ildə başa çatıb və Ukrayna bununla yanaşı, ən azı 43 ədəd R-73R/T "hava-hava" raketini də Azərbaycana təhvil verib.
Məqalədə həmçinin qeyd olunur ki, 2021-ci ildə İranla gərginliyin artdığı dövrdə Azərbaycan atmosferdən kənarda ballistik raketləri məhv etmək imkanına malik İsrail istehsalı olan müasir Arrow 3 raketdən müdafiə sistemlərini almaq variantını da nəzərdən keçirib.