"Minsk razılaşmalarının tam tətbiqi AB-Rusiya münasibətlərindəki hər hansı bir dəyişiklik üçün əsas olaraq qalır" Avropa Birliyinin (AB) Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Peter Stano Rusiya ilə Avropa arasında tam hüquqlu dialoqun yalnız Minsk razılaşmalarının tam həyata keçirilməsi ilə qurulacağını açıqlayıb. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.
"Minsk razılaşmalarının tam tətbiqi AB-Rusiya münasibətlərindəki hər hansı bir dəyişiklik üçün əsas olaraq qalır", - deyə Stano qeyd edib.
O, xatırladıb ki, tərəflər arasında yüksək səviyyəli əməkdaşlıq Rusiyanın Ukraynaya 2014-cü ildən bəri təcavüzü və Krımın qanunsuz ilhaqı səbəbindən dayandırılıb: “Hesab edirəm ki, Rusiya AB ilə konstruktiv dialoqa qatılmaqda maraqlı olmadığını nümayiş etdirir".
Qeyd edək ki, Minsk razılaşmaları Ukraynanın cənub-şərqindəki problem həll etmək üçün 2014-2015-ci illərdə qəbul edilmiş sənədlər paketidir. Almaniya, Rusiya, Fransa və Ukrayna liderləri tərəfindən razılaşdırılmış və Ukraynadakı vəziyyəti həll etmək üçün Təmas Qrupu və özlərini “respublika” elan etmiş qondarma Donetsk və Luqansk Xalq Respublikaları “rəhbərləri” tərəfindən imzalanıb. Sənəddəki ilk şərt dərhal və hərtərəfli atəşkəsdir.
Tarix: 23-04-2021, 16:02