Rusiyanın vəziyyətinin getdikcə ağırlaşması heç kimə sirr deyil. Çünki ənənəvi rəqibləri, hətta düşmənləri ilə mübarizə aparmaqla yanaşı, həm də “ağrımayan başına dəsmal bağlayır”. Daxildə əsas müxalif qüvvə olan Aleksandr Navalnı ilə qarşıdurma və ictimai rəydə hakimiyyətə qarşı mənfi rəyin yaranması, tutaq ki, öz işləridir. Bəs ABŞ-la olan münasibətlər? Ukraynaya, Gürcüstan, Moldova, Belarus və digər qonşu ölkələrə hegemon siyasət? Yəni Kreml, həqiqətənmi, özünü yeddi başlı hesab edir?! Hərçənd həmin mifik qəhrəmanın da başına nələrin gəldiyini bilirik...
Siyasi analtik Turab Rzayev düşünür ki, rəsmi Moskva indidən başına bir çarə qılmalıdır. O, bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Rusiya ciddi iqtisadi sanksiyalara məruz qalır. Fikrimcə, bu, uzunmüddətli olacaq və eyni ilə İran, Şimali Koreya kimi Rusiya da sansksiyalarla yaşamağa öyrəşəcək. Şimal qonşumuzun gələcək taleyini müəyyənləşdirən əsas amil ABŞ və Böyük Britaniyanın mövqeyidir.
Belə ki, nə qədər qəribə görünsə də, Rusiyanın mövcudluğu və hətta bir az güclü olması həmin dövlətlərə sərf edir. Odur ki, onlar sözügedən rəqiblərini sıradan çıxarmaq istəmirlər”.
Ekspert, həmçinin ikinci variantı da səsləndirdi:
“Çin faktorunu da nəzərə almalıyıq. Əgər ABŞ və Britaniyanın bir nömrəli düşməni əvvəl Rusiyadırsa, indi Çindir. Rəsmi Pekinin güclənməsi Avropa dövlətlərini narahat edir.
Belə olan halda ABŞ və Britaniya sonradan Çinlə mübarizə aparanda başqa rəqiblə qarşılaşmamaq üçün Rusiyanı vaxtından əvvəl neytrallaşdırmaq istəyə bilərlər”.
Tarix: 19-04-2021, 22:38