ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyü Brayzanın Bakıda Hərbi Qənimətlər Parkını ziyarəti və ondan öncə dəfələrlə Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi Ermənistanda ona qarşı da nifrət dalğasının baş qaldırmasına səbəb olub.
Moderator.az xəbər verir ki, qəsbkar ölkənin “News.am” nəşrinin yazdığına görə, dünən "Mənim addımım" fraksiyasından olan deputat Ovannes Ovannesyan parlamentdəki çıxışında artıq “qara siyahı” tərtib etməyin vaxtı çatdığını bildirib.
Erməni deputat Brayzanın "türkyönümlü" siyasət yürütdüyünə görə ona qarşı tədbir görülməsi barədə parlamentə müraciət edib.
“Artıq Ermənistan XİN-in "qara siyahı" tərtib etmək haqda ciddi düşünməsinin vaxtı çatıb. Qoy, həmin siyasətçilər bizim tolerantlığımızın bir həddi olduğunu bilsinlər. Onların Ermənistana səfərlərinə qadağa qoymaq lazımdır. Brayzanın məsələsinə gəlincə, ABŞ Prezident administrasiyası bu məsələ ilə bağlı aydın mövqeyini bildirməlidir" –O.Ovannesyan belə deyib.
Tarix: 18-04-2021, 14:25