Həbsd olan Rusiya müxalifət lideri Aleksey Navalnının komandası Prezident Vladimir Putinə məxsus olduğunu idda etdiyi və gizli saxlanan lüks müklərin təfərrüatlarını açıqlayıb. Yeni araşdırma müxalifətin planlaşdırdığı gözlənilən aksiyaları canlandırmaq və payızda baş tutması gözlənilən parlament seçkiləri ərəfəsində Kremlə təzyiq göstərmək üçün yayımlanıb.Aprelin 15-də YouTube-da yayımlanan video araşdırma 20 saat ərzində 3 milyondan çox baxış toplayıb.
Araşdırma iddia edir ki, Moskvanın şimal-qərbindəki Valday gölü yaxınlığında yerləşən 150 hektarlıq ərazidə görkəmli interyer və spa mərkəzi olan dördüncü rəsmi iqamətgah rus vergi ödəyicilərindən gizli saxlanılıb.
“Axı hansı səbəbdən dolayı biz Putinin şəxsi spa mərkəzinin tikintisini maliyyələşdiririk?” – deyə, Navalnının köməkçisi Mariya Pevçik videoda sual edir. “Axı nə üçün vergi ödəyicilərinin milyardlarla rubl pulu tək bir nəfərin palçıq müalicəsi və qocalma əlehinə proseduruna xərclənir?” – deyə, o əlavə edib.
Son bir ildə Navalnı və komandasının yayımladığı araşdırmalar YouTube-da on milyonlarla baxış toplayıb.
Bu araşdırmadan əvvəl komanda Putinə məxsus olduğu deyilən və dəyəri 1,35 milyard dollar olan Qara Dəniz sahilindəki iqamətgahını üzə çıxarmışdı.
Mülkiyyət qeydlərinə istinad edən Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) torpaq sahəsinin bir hissəsinin rəsmi olaraq Praym LLC adlı bir şirkətə məxsus olduğunu bildirir. FBK-ya görə, şirkət Bank Rossiya-nın əsas səhmdarı və putinin köhnə dostlarından biri olan milyarder bankir Yuri Kovalçuka məxsusdur.
FBK deyir ki, Praymdan icarəyə götürülmüş ərazidə təxminən 80 bina var. Binalara dörd mərtəbəli, 3500 kvadratmetrlik malikanə, Çin stilində tikilmiş köşk, hamamlar, saunalar, qolf sahəsi və içərisində kinoteatr, boulinq, bilyard və kiçik bir kazinosu olan VIP restoran daxildir. Komanda mülkiyyətin özünəməxsus kilsəsi olduğunu da bildirir.
FBK həmçinin bildirir ki, əsas binanın yaxınlığında ümumi sahəsi təqribən 7000 kvadrat metr olan iki yeraltı spa kompleksi də var.
Yeni video önümüzdəki həftələrdə keçiriləcək yeni etiraz aksiyalarının canlandırılması hədəfi ilə yayımlanıb. Yanvar ayında ölkədə hökumət əleyhinə keçirilən mitinqlərin bitməsindən təqribən üç ay sonra hələ də hökümət Navalnı və komandasına qarşı basqılar tətbiq edir.
Polisinin zorakılığı və etirazçıların üzləşdiyi açıq təhlükələri nəzərə alaraq Navalnın komandası sentyabrda baş tutacaq parlament seçkiləri ərəfəsində korrupsiyasına dair sübutların toplanmasına ikiqat diqqət ayırmaq üçün etirazlara bir müddət ara vermişdi.
Amerikanın səsi
Tarix: 17-04-2021, 18:34