Türkiyədən Ukraynaya böyük dəstək



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı ilə danışıqlardan sonra açıqlama verərək, Ukraynanın şərqində Donbas regionunda “narahat doğuran” inkişaflara son qoyulmasına çağırıb və Türkiyənin lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib.
Ukrayna prezidenti Volodimir Zelenski və Ərdoğan İstanbulda üç saat danışıqlar aparıb. Görüş Kyiv və Moskva arasında Donbasda münaqişə ilə əlaqədar olaraq gərginliyin artdığı bir vaxt keçirilib.
Kyiv Ukrayna və Rusiya arasında sərhəd yaxınlığında Rusiya hərbi qüvvələrinin cəmləşdirilməsi və Donbasda Ukrayna qüvvələri və Rusiyanın dəstəklədiyi separatçıları ayıran təmas xərttində zorakılığın artması ilə bağlı narahatlıq bildirib.
Rusiya hərbi qüvvələrinin bölgədə cəmləşdirilməsi Moskvanın Ukraynaya qüvvə göndərməyə hazırlaşdığı ilə bağlı narahatlıqların artmasına gətirib çıxarıb. Kreml hərbi qüvvələrin təhlükə yaratdığını rədd edib, lakin istənilən müddətdə orada qalacağını bildirib.
Birləşmiş Ştatlar Rusiyanın Ukraynanın şərq sərhədinə 2014-cü ildə Krımın ilhaqı və Donbasda separatçıları dəstəklədiyi vaxtdan bəri ən çox sayda qüvvə topladığını bildirir. Türkiyə cümə günü Vaşinqtonun gələn həftə Qara dənizə iki hərbi gəmi göndərəcəyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Donbass bölgəsinə səfəri zamanı Rusiya tərəfindən dəstəklənən separatçıların mövqeləri yaxınlığında cəbhə bölgəsini ziyarət edib, 8 aprel 2021.
Ukrayna Prezidenti Volodimir Zelenski Donbass bölgəsinə səfəri zamanı Rusiya tərəfindən dəstəklənən separatçıların mövqeləri yaxınlığında cəbhə bölgəsini ziyarət edib, 8 aprel 2021.
Zelenski ilə birgə mətbuat konfrasında danışan Ərdoğan münaqişənin beynəlxalq qanunlar və Ukraynanın ərazi bütövlüyünə uyğun olaraq, sülh yolu ilə və diplomatik qaydalara əsaslanan dialoq vasitəsilə həll olunacağına ümid bəslədiyini bildirib.
“Biz yerlərdə müşahidə olunan narahatedici eskalasiyanın ən tez zamanda sona çatacağına, atəşkəsin davam edəcəyinə və münaqişənin Minsk razılaşmaları əsasında dialoq yolu ilə həll olunacağına ümid edirik”, Ərdoğan bildirib. “Biz bunun üçün lazım olan hər cür dəstəyi verməyə hazırıq” deyə, Türkiyə prezidenti əlavə edib.
Donbasda döyüşlər Belarus paytaxtı Minskdə 2015-ci ildə razılaşdırılmış atəşkəs nəticəsində başa çatıb. Fransa və Almaniya bunun həyata keçirilməsinə yardım göstərib. Atəşkəsin həyata keçirilməsi üçün dəfələrlə səylərin göstərilməsinə baxmayaraq, ara-sıra döyüşlər davam edir.
Zelenski Kyiv və Ankaranın Qara dənizdə təhlükələr və bu təhdidlərə reaksiya ilə bağlı mövqeyinin üst-üstə düşdüyünü bildirib və Ərdoğanı Donbasda vəziyyətə dair məlumatlandırdığını əlavə edib.
“Biz təhlükəsizlik və Qara dənizdə çağırışlara qarşı birgə mübarizə məsələlərini ətraflı şəkildə müzakirə etdik və qeyd etmək lazımdır ki, Kyiv və Ankaranın həm bu təhlükələrin özləri, həm də həmin təhdidlərə cavab verməklə bağlı baxışları üst-üstə düşür” – deyə, Zelenski bildirib.
NATO üzvü olan Türkiyə Rusiya ilə Suriya, Liviya və Dağlıq Qarabağda, eləcə də müdafiə və enerji sahələrində sıx əməkdaşlıq qurub. Lakin Ankara Krımın ilhaq edilməsini tənqid edib və Ukraynanın ərazi bütövlüyünə dəstək bildirib. Türkiyə həmçinin 2019-cu ildə Ukraynaya dronlar satıb.
Ərdoğan Türkiyə və Ukraynanın xarici və müdafiə nazirləri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etmək üçün platforma yaratdıqlarını bildirib, lakin bunun “heç bir şəkildə üçüncü ölkələrə qarşı bir addım olmadığını” əlavə edib.
Ukrayna və Rusiya 2014-cü ildən bəri 14 min insanın ölümülə ilə nəticələnən münaqişədə zorakılığın artması ilə bağlı bir-birini günahlandırıb.
Rusiya prezidenti Vladimir Putin cümə günü Ərdoğanla telefon söhbəti zamanı Ukraynanı Donbasda “təhlükəli təxribatçı hərəkətlərdə” günahlandırıb. Kyiv şənbə günü Ukraynanın Donbasda Rusiya tərəfindən vəziyyətin gərginləşdirilməsi ilə təhrik edilə biləcəyini bildirib.
Amerikanın səsi
Tarix: 12-04-2021, 08:54
Xəbəri paylaş



Xəbər lenti